sedanews.az
sedanews.az

Təcili tibbi yardım maşınları cərimə edilir - Polis səbəbi açıqladı

8-05-2019, 16:00 14 dəfə baxılıb


Təcili tibbi yardım maşınları cərimə edilir - Polis səbəbi açıqladı

Azərbaycanda təcili tibbi yardım maşınlarına böyük məbləğlərdə cərimələr yazılır.
Bu barədə Oxu.Az-ın redaksiyasına müraciət daxil olub. 
İddia olunur ki, sözügedən maşınların qanunla kateqoriya üstünlüyü nəzərə alınmalı olsa da, Dövlət Yol Polisinin tətbiq etdiyi cərimələrə əsasən, bu üstünlüyün nəzərə alınmadığını demək mümkündür.
O da vurğulanıb ki, cərimə tətbiqi təcili yardım maşınlarının sürücülərinə xəstələri vaxtında xəstəxanaya çatdırmağa, yaxud hadisə yerinə zamanında çatmağa əngəl törədir. Belə ki, onlar düz xəttin tələblərinə riayət edir, sürət həddini aşmır və qırmızı işıqda keçmir. Bu isə öz növbəsində narazılıq yaradır, həkimlər çağırışlara vaxtında çatmır. 
İddianın doğruluq payını öyrənmək üçün Bakı şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovla əlaqə saxladıq. 
O, açıqlamasında bildirib ki, operativ nəqliyyat vasitələri hərəkət zamanı digər nəqliyyat vasitələri qarşısında hərəkət üstünlüyü hüququna malikdirlər:
“Təcili tibbi yardım, yanğınsöndürən və polis maşınları “Yol hərəkəti haqqında” Qanunun tələblərindən kənara çıxa bilərlər. Həmin maşınlar sayrışan göy və ya qırmızı işıq, radio qəbuledicilərindən istifadə edib, hərəkət edirlər. Əgər avtomobili idarə edən sürücü hər hansı yolda müəyyən edilmiş sürət həddini aşırsa, foto, video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə qeydə alınır.
Bu zaman nəqliyyat vasitəsinin sahibi barəsində elektron protokol tərtib olunur. Sözügedən məsələ ilə bağlı elektron protokol aidiyyəti üzrə Təcili Tibbi Yardım Stansiyasına göndərilir. Həmin stansiyanın rəhbərliyi protokol daxil olduqdan sonra sürücü haqqında məlumat verməlidir. Təcili tibbi yardım maşınının çağırışa gedəndə, yoxsa çağırışdan kənar qayda pozuntusuna yol verdiyi müəyyən edilməlidir.
Əgər zərurət yoxdursa, təcili tibbi yardım maşını qayda pozursa, niyə də cərimə ödəməsin? Məsuliyyət daşıyır. Xəstə varsa, cərimə gəlirsə, işi ilə əlaqədar məlumat verir və zərurətdən yaranan xəta hesab olunur. Məsələ barədə araşdırma aparılır. Nəticədə fakt öz təsdiqini tapırsa, sürücü məsuliyyətdən azad edilir və inzibati xəta haqqında protokollara xitam verilir”.
“Operativ nəqliyyat vasitələrinin hərəkəti zamanı digər hərəkət iştirakçıları da onlara şərait yaratmalıdır. Əgər onlar problem yaradırlarsa, inzibati qaydada məsuliyyət nəzərdə tutulur”, - deyə Vaqif Əsədov qeyd edib. 
Səhiyyə Nazirliyi də Təcili Tibbi Yardım maşınlarına gələn cəriməni təsdiq edib:
“Həmin işlə bağlı dərhal araşdırmalara başlanır. Əgər avtomobil çağırışdadırsa, cərimələr dərhal silinir, yox, əgər avtomobil çağırışda olmayıbsa, onda cərimələr qüvvədə qalır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA