sedanews.az
sedanews.az

Köhnələrin “qiyamı”: niyə 6 aydan sonra?

11-02-2021, 16:50 394 dəfə baxılıb

Köhnələrin “qiyamı”: niyə 6 aydan sonra?


Ötən gün, həm də axşam saatlarında iki olduqca maraqlı xəbər ard-arda tirajlandı: AMEA prezidenti Ramiz Mehdiyev 15 deputatı, YAP-çı millət vəkili, Milli Məclisin Regional məsələlər üzrə iş komitəsinin sədri Siyavuş Novruzov isə Daxili İşlər Nazirliyini məhkəməyə verir.
Məsələni xüsusilə diqqətçəkici edən birinin məlumat sızıntısı ilə mediaya ayaq açması, digərinin isə qəhrəmanın özü – yəni Siyavuş Novruzov tərəfindən açıqlanmasıdır. Yəni Mehdiyevin xəbəri “sızıb”, bunun ardınca Novruzovun özü məhkəmə müraciət edəcəyini bildirib.
Ancaq bir ciddi fərq də vurğulanmalıdır: R.Mehdiyev artıq məhkəməyə müraciət edib, S.Novruzovun isə ərizəsi hazırdır. O ayrı məsələ ki, niyə bu ərizənin hazır olduğu və bugün-sabah artıq məhkəməyə təqdim ediləcəyi barədə məlumat R.Mehdiyevin 15 deputatı məhkəməyə verdiyi barədə xəbərin dərhal ardından tirajlandı.
Hər halda, bir təşkilatlanma görünür.
Vaqeə – yəni R.Mehdiyevin nəvəsinin toyu avqustda olmuşdu. Hüquq-mühafizə orqanları işə qarışdı, ciddi ictimai reaksiyalar oldu, yazıldı-pozuldu və bitdi getdi. Aradan təxminən 6 ay keçəndən sonra R.Mehdiyev avqustda hədələdiyi 16 deputatın 15-ni nə deyib məhkəməyə verir?
Həmin hədələmədə akademik R.Mehdiyev “prosesin belə davam edəcəyi təqdirdə” xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmək hüququnu özündə saxladığını bildirmişdi. Akademik 6 aydan, hər şey arxada qalandan və az qala unudulandan, "proses elə davam etməyəndən" sonra özündə saxladığı bu hüquqdan istifadə edir? Həm də xüsusi ittiham qaydasında?
Millət vəkillərinin toxunulmazlıq hüququ var və onların xüsusi ittiham qaydasında məhkəməyə cəlb edilməsi olduqca ağır bir prosedurdur. Əslində isə bizdə 147 və 148-ci maddələr faktiki olaraq 2001-ci ildən bəri işləmir. Sonuncu dəfə bu maddələrlə Ramiz Mehdiyev 2001-ci ilin sentyabrında millət vəkili Sabir Rüstəmxanlının qardaşı Şahbaz Xuduoğlunu həbs etdirmişdi, Prezident Heydər Əliyev Ş.Xuduoğlu, E.Hüseynov və Ş.Məmmədovun həbsindən xəbər tutan kimi (17 oktyabrda, Müstəqilliyin Bərpası günü ilə bağlı "Gülüstan" sarayında keçirilən mərasimdə) dərhal onları azad etdirdi və bu maddənin də “fatihəsini” verdi: ordaca elan etdi ki, bir yanlış sözə, xəbərə görə insanın həbsi adekvat deyil.
Vəssalam! 20 ildə yalnız 2008-ci ildə keçmiş ABU-nun keçmiş rektoru Elşad Abdullayevin iddiası ilə “Təzadlar”ın baş redaktoru Asif Mərzilinin həbsi (CM-nin 147 və 148-ci maddələri ilə - böhtan, şərəf və ləyaqətin alçaldılması və s.) gerçəkləşdi ki, bu həbs də cəmi bircə gün çəkdi: İlham Əliyev xəbər tutan kimi dərhal A.Mərzilinin azadlığa buraxılması qərarını verdi.
Zatən, 2001-ci ildə Azərbaycan AŞ-yə qəbul olunanda CM-dəki bu maddələr müzakirə obyekti idi, hələ də müzakirə edilir. Düzdür, Azərbaycan həbs məsələsini Cinayət Məcəlləsindən çıxarmayıb, ancaq faktiki olaraq götürdüyü öhdəliyi icra edir – bu maddə ilə heç bir həbs yoxdur, dediyimiz kimi, artıq 20 ildir.
Belədə, R.Mehdiyev doğrudanmı 2001-ci ilin sentyabrından sonra bir daha bu maddəyə müraciət edir? Dövlətin siyasi iradəsini bildiyi halda bu maddə ilə məhkəməyə müraciət etmək nə qədər məntiqlidir? Həm də toxunulmazlıq hüququ olan deputata, həm də bir deyil, 15 deputata qarşı.
R.Mehdiyev nə boyda ağır və perspektivi olmayan bir prosesə başladığının fərqindədir - əlbəttə, əgər mediada deyildiyi kimi, xüsusi ittiham qaydasında müraciətdən, yəni şər və böhtana görə həbs iddiasından söhbət gedirsə.
Bəs, Siyavuş Novruzov niyə 6 aydan sonra DİN-i məhkəməyə versin?
Öz açıqlamasına görə, DİN-in onu cərimələməsi qanuna ziddir. S.Novruzov cəriməni ödəyəndən 6 ay sonra başa düşdü ki, DİN qanunsuzluq edib? Həmin ərəfədə niyə məhkəməyə müraciət etmirdi ki?
S.Novruzovun ritorikası da çox maraqlıdır. Deyir, hüquqlarımı sona qədər qoruyacam, Avropa Məhkəməsinə qədər gedəcəyəm.
Avropa Məhkəməsi? İqtidar partiyasının ən sadiq şəxsi ölkədə hüquqlarının qorunmayacağından ehtiyat edib, Avropa Məhkəməsinin adını çəkir? O Avropa İnsan Haqları Məhkəməsi ki, S.Novruzov onun hər zaman ölkəmizə qarşı mövqe tutduğunu bildirib?
Yeri gəlmişkən: Avropa Məhkəməsində bu işlərə “Filankəs Azərbaycana qarşı” adı ilə baxılır. Yəni Avropaya gedib çıxsa, prosesə bu adla baxılacaq: “Siyavuş Novruzov Azərbaycana qarşı”. S.Novruzov doğrudanmı “Azərbaycana qarşı” bu qədər uzağa gedəcək? Və onu bu cür açıqlamaya nə vadar edir?
Ümumiyyətlə, ölkədə nə baş verir?
Ritorik sualdır...






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA