sedanews.az
sedanews.az

Deputatlar payız sessiyasında hansı təklifləri səsləndirəcəklər?

12-09-2019, 11:17 26 dəfə baxılıb

Deputatlar payız sessiyasında hansı  təklifləri səsləndirəcəklər?

 

Jalə ƏLİYEVA: “Azərbaycan büdcəsi ölkənin sosial-rifah ölkəsinə çevrilməsi baxımından sosialyönümlü büdcədir. Sosial xərclər getdikcə artmaqda, artırılmaqdadır. Bu baxlmdan, hesab edirəm ki, növbəti ilin büdcəsində də sosialyönümlülük qorunub, saxlanılmalı, gücləndirilməlidir…”
Hər bir sahə üzrə yeni qanunların və ya mövcud qanunlara önəmli dəyişikliklərin edilməsinə ehtiyac var. Çünki qanun yaradıcılığı elə bir prosesdir ki, o bir yerdə dayanmır, mükəmməl, mütərəqqi təcrübədən yararlanmanı, təkmilləşməni, inkişafı tələb edir. Yəni, dövrün, zamanın, inkişafın tələbləri və reallıqları yeni yanaşmanı, yenilikləri, yeni qanunvericilik aktlarının hazırlanması, müzakirələrə çıxarılması və qəbulunu zəruri, vacib edir. Azrbaycan parlamenti də hər zaman bu çağırışlara, tələblərə hazır olduğunu nümayiş etdirib və bundan sonra da etdirəcək. Biz yeni, daha mütərəqqi və mükəmməl qanunların, qanunlara dəyişikliklər və əlavələrin şahidi olacağıq.
Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

“Düzdür, ötən illər ərzində ölkə həyatı ilə bağlı demək olar ki, əsas və vacib olan əksər qanunlar, məcəllələr qəbul olunub, bir çox sazişlər, konvensiyalar, protokollar ratifikasiya edilib, ancaq dediyim kimi, həyat, zaman, inkişaf yerində saymır, dəyişir, başqa şəkil alır və bu da istər-istəməz yeni-yeni qanun layihələrinin və ya  mövcud qanunvericilik aktlarına əlavə və düzəlişlərin olunmasını tələb və zəruri edir. Onlar zərurətdən, zamanın, dövrün reallıqlarından, çağırışlarından doğur, yaranır, meydana gəlir. Biz də bu reallıqlara, onun tələblərinə, çağırışlara daim hazır olmalıyıq, hazırıq və özümüzə məqbul olanları araya-ərsəyə gətirib, müzakirələrə çıxarmalı və qəbuluna nail olmalıyıq”-deyən millət vəkili qeyd edib ki, hər zaman da belə olub,  ölkənin ali qanunverici orqanı reallıqlara və çağırışlara daim hazır olub və özünün fəaliyyəti, qəbul etdiyi qanunvericilik aktları ilə bunu əyani şəkildə təsdiq edib, xalqın, dövlətin maraq və mənafelərini birmənalı şəkildə öndə və üstün tutub, aparılan siyasətə, islahatlar prosesinə yardımçı, dəstəkçi olub.

“Bu baxımdan, bunlar növbəti və hamımızın daha çox büdcə sessiyası kimi qəbul etdiyimiz payız sessiyasında da istisnalıq təşkil etməyəcək, büdcə zərfi ilə yanaşı, arzuladığmız, görmək istədiyimiz yeni qanun layihələri və ya mövcud qanunlara dəyişiklikləri nəzərdə qanun layihələri də müzakirələrə təqdim ediləcək. Bunlar mütləq olacaq. 

Mən özüm 18 ilə yaxındır Regional məsələlər komitəsində, həm də bir neçə ildir Ailə, qadın və uşaq məsələləri komitəsində təmsil olunuram. Ona görə çox istərdim ki, bu sessiyada həm də komitəmizimin məqbul saydığı, hazırlanmasında təşəbbüsçü və fəal iştirakçı olduğu qanunvericilik aktları müzakirələrə çıxarılsın və qəbul edilsin. Xüsusən də, qarşıdan gələn 5-ci çağırış bələdiyyə seçkiləri ilə bağlı Seçki Məcəlləsinə bəzi vacib dəyişikliklər edilsin. Məsələn, bələdiyyə sədrlərinin seçki yolu ilə seçilməsi məsələsi bizdə də mümkün olsun, bizim qanunvericilikdə də əksini tapsın.

Həmçinin, bələdiyyələrin maliyyə imkanlarının yaxşılaşdırılması, tam ayaq üstə dura bilməsi, əsl yerli özünüidarəetmə orqanı kimi təsdiqləməsi, yerlərdə insanların tam etimadını, güvənini, rəğbətini qazanması, üzərindən “topaq alverçisi” ittihamını götürə bilməsi və sair istiqamətdə müsbət yeniliklərə nail olunması üçün onların səlahiyyətlərin artırılmasını nəzərdə tutan yeni dəyişikliklər müzakirələrə təqdim edilsin. Artıq bələdiyyə təsiatından 20 il keşir və elə bilirəm ki, bu az müddət deyil. Bu müddətdə daha böyük uğurlar əldə edilərdi. Çox təəssüf ki, müəyyən uğurlarla yanaşı, uğursuzluqlar da özünü bu illər ərzində göstərməkdədir. Bu baxımdan, artıq bələdiyyələrin tam oturuşması, tam özünüidarətmə orqanları kimi təsdiqləməsi zamanıdır. Hamımız onlardan bunu gözləyirik və bu məsələdə də yardımımızı əsirgəməməliyik.

Eyni zamanda, “Ali təhsil haqqında”, “Ailə həkimi haqqında”, “Pasiyentlərin və tibbi işçilərinin hüquqları haqqında” qanunların müzakirələrə çıxarılması və qəbulu olduqca vacibdir. Bunlara da böyük ehtiyac duyulur. Azərbaycan təhsilində islahatları gücləndirmək üçün ali təhsillə bağlı qanunun qəbulu zəruridir. Hesab edirəm ki, bu, islahatlar prosesinə öz mühüm töhfələrini verə bilər və verəcək. Həmçinin, gələcəyimizin təminatçısı olan daha peşəkar, daha savadlı, daha bacarıqlı gənc mütəxsəssislərin, kadrların hazırlanmasında öz müsbət rolunu oynayacaq. Çünki hər zaman hər bir sahədə peşəkarlara böyük tələbat və ehtiyac var. Eyni zamanda, cəmi bir neçə aydan sonra tam tətbiqinə və icrasına başlanılacaq icbari tibbi sığorta ilə bağlı adlarını çəkdiyim həm ailə həkimi, həm də pasiyentlər, tibbi işçiləri ilə bağlı yeni qanunların qəbulu mütləqdir və zərudir. Çünki icbari tibbi sığortanın keyfiyyətli tətbiqi həm də bu qanunlardan keçir. Bildiyim qədər hər iki qanun layihəsi ilə də bağlı işlər gedir və ən azı birinci oxunuşda müzakirələrə çıxarıla bilərlər.

Yəni, demək istəyirəm ki, dövrə və zaman uyğun olaraq, daim yeni qanun layihələrinin meydana gəlməsi, onların  müzakirəsi və qəbulu  önəmlidir, xüsusilə də, onların tətbiqinə və işləkliyinə nail olunması olduqca vacbdir, zəruridir”.

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini, professor Jalə Əliyeva da qarşıdan gələn payız sessiyasının daha çox büdcə sessiyası kimi qəbul olunduğunu və bu baxımdan, bu sessiyada  əsasən növbəti ilin büdcəsinin müzakirələrinin  ağırlıq təşkil edəcəyini bildirib,

“Tək bizdə deyil, bütün dünyada payız sessiyası daha çox büdcə sessiyası kimi qəbul edilir. Bu sessiya zaman etibarı ilə də qısa olduğu üçün daha çox növbəti ilin büdcə müzakirələri ağırlıq təşkil edir. Yəni, ən azı iki aya yaxın müddət ərzində hökumət üzvləri, iqtisadi bloka daxil qurumlarla bir yerdə həm komitələrdə, həm də plenar iclaslarda büdcə müzakirələri aparılır və sonda da təkliflər, iradlar nəzərə alınaraq qəbul olunur. Artıq bugünlərdə də xəbər verildiyi kimi, 2020-ci ilin dövlət büdcəsi zərfinin hazırlıqları başa çatmaq üzrədir və o, əvvəlcə hökumətə, sonra isə parlamentə təqdim olunacaq. Bildiyiniz kimi, Azərbaycan büdcəsi də ölkənin dinamik inkişaf tempinə uyğun olaraq, ildən-ilə artır, çoxalır, genişlənir.

Dünyada, ətrafımızda baş verən qlobal kataklizmlərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı inkişaf, tərəqqi edir və bu inkişaf, bu tərəqqi də bilavasitə öz əksini, inikasını ölkənin ali-baş maliyyə sənədi olan dövlət büdcəsində tapır. Özünüz də görürsünüz ki, təkcə son iki ildə-2018 və 2019-cu illərdə Azərbaycan büdcəsi təxminən 5 milyard manat artaraq, 26 milyardı ötüb keçib. Bu, elə-belə rəqəm, göstərici deyil. Bu, böyük uğurdur, bu, dinamizmdir, bu, inkişaf tempidir. Ən əsası Azərbaycan büdcəsi ölkənin sosial-rifah ölkəsinə çevrilməsi baxımından sosialyönümlü büdcədir. Yəni, sosial xərclər getdikcə artmaqda, artırılmaqdadır.

Hesab edirəm ki, növbəti ilin büdcəsində sosialyönümlülük qorunub, saxlanılmalı, daha da inkişaf etdirilməli, gücləndirilməlidir. Əmək haqlarının, pensiyaların, təqaüdlərin, sosial müavinətləri artırılması əsas hədəflərdən olmalıdır. Çünki bunu bütün çıxışlarında, eləcə də son-iyul müşavirəsində cənab prezident özü də bəyan edib, vurğulayıb. Ona görə inanıram və əminəm ki, növbəti ilin büdcəsində sosialyönümlülük prioritetlik təşkil edəcək. 
Bununla yanaşı, üzvü olduğum komitələrdə-istər Mədəniyyət, istərsə də Əmək və sosial siyasət komitələrində həmkarlarım tərəfindən zaman-zaman dilə gətirilən, qəbuluna ehtiyac duyulduğu bildirilən, eyni zamanda, bir millət vəkili olaraq, özümün zəruri hesab etdiyim qanunvericilik aktların hazırlanmasını və müzakirələrə çıxarılmasını məqsədəuyğun hesab edirəm. Xüsusilə də, illərdir ətrafında geniş müzakirələr gedən “Adlar və soyadlar haqqında”, “Şəxsiyyətlər haqqında”, “Kinematoqrafiya haqqında”, “Turizm haqqında”, Azərbaycan muğamının və aşıq sənətinin inkişafını nəzərdə tutan  yeni qanun layihələrinin müzakirələrə çıxarılması zamanın, dövrün tələbidir.
Çünki dünya getdikcə qloballaşır, milli dəyərlər, adət-ənənələr, milli iqtisadiyyatlar qloballaşmanın təsirlərinə, risqlərinə məruz qalır. Müsbət tərəflərlə yanaşı, qloballaşmanın mənfi tərəfləri də özünü daha çox göstərir. Odur ki, bunlardan vaxtında sığortalanmaq, ziyansız, zərərsiz ötüşmək üçün məhz adıçəkilən qanun layihələrinin müzakirələri, qəbulu və ən əsası realıqda işləmsi, işləkliyinin, icrasının təmin olunması vacibdir.
Bununla yanaşı, son illər ciddi müzakirə mövzularından olan təhsil kreditləri ilə bağlı məsələnin öyrənilməsi, bu yöndə mükəmməl qanunvericiliyin hazırlanması lazımdır. Bildiyim qədər həm millət vəkili həmkarlarım, həm də Elm və təhsil komitəsi tərəfindən adıçəkilən qanunun hazırlanması ilə bağlı addımlar atılır və bu baxımdan hesab edirəm ki, bütün məqamlar öyrənilməklə, nəzərə alınmaqla, şərtlərə, reallıqlara uyğun bir qanun layihəsi hazırlanıb, müzakirələrə təqdim olunmalıdır. Bununla həm də valideynlərin, ali məktəblərdə ödənişli əsaslarla oxuyan tələbələrin narahatlığına son qoyulmuş olar”-deyə, J. Əliyeva sözlərinə əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA