sedanews.az
sedanews.az

Qəzada dünyasını dəyişən gəncin ölümündə müəmma - Foto

29-11-2019, 12:33 850 dəfə baxılıb

Qəzada dünyasını dəyişən gəncin ölümündə müəmma - Foto



                
Qəza gecə 00:35 radələrində baş verib. Ancaq bizə bu barədə 24 saat sonra məlumat veriblər. Biz bütün gün ərzində oğlumuzu axtarmışıq. Qəza baş verib, nəvəm dünyasını dəyişib, 24 saat ərzində ekspertiza üçün aparıb meyitini yarıb morqa yerləşdiriblər, ancaq bu müddət ərzində bizə məlumat verən olmayıb.
Bu sözləri Axar.az-a açıqlamasında 24 noyabr tarixində Bakının Bayraq meydanı yaxınlığında idarə etdiyi “Mersedes” markalı avtomobillə dirəyə çırpılan və hadisə yerində dünyasını dəyişən 18 yaşlı, II kurs tələbəsi Anar Musayevin babası Fazil Əkbərov bildirib.
Qəza nəticəsində dünyasını dəyişən tələbənin babası bildirib ki, onlar övladlarının ölümündən 1 sutka sonra xəbər tutublar:
“Biz gün ərzində Anardan xəbər əldə edə bilmədiyimizə görə narahat idik. “102 xidməti”nə də zəng edib, məlumat vermişik.
Anarın şəxsiyyət vəsiqəsi, tələbə bileti, sürücülük vəsiqəsi... - hamısı üstündə olub. Maşını öz adınadır, iki mobil telefonu var. Bütün bunlara baxmayaraq, polis ailəni tapa bilməyib. Avtomobilin dövlət nömrə nişanını axtarışa verəndə ünvana qədər göstərir. Heç olmasa bu vasitə ilə bizi tapıb məlumat verərdilər”.
Ailə bildirib ki, qəzadan sonra uşağın meyiti ekspertiza üçün onlara heç bir məlumat verilmədən yarılıb:
“Axı bizə bu barədə məlumat verilməməsinin səbəbi nə ola bilər ki? Bəlkə qəza barədə həmin an məlumat versəydilər, biz onu ağır vəziyyətdə də olsa, xəstəxanaya çatdıracaqdıq, bəlkə koma vəziyyətində də olsa, yaşayacaqdı. Məqsəd nə ola bilər axı burada? Bir sutka ərzində bizim uşaq haqda məlumatı niyə gizlədiblər? Bəlkə elə qəzadan sonra mənim nəvəm yaşayırdı, bəlkə elə xəstəxanaya çatdırılsaydı, sağ qalacaqdı. 24 saat müddətində niyə biz heç nədən xəbər tutmamışıq? Bizi narahat edən budur”.
Fazil Əkbərov deyib ki, məsələni araşdıran 8-ci Polis Bölməsinin tədqiqatçısı Vüqar Hüseynovdan hadisə barədə ailəsinə məlumat verilməməsinin səbəbini soruşublar:
“Vüqar Hüseynov deyir ki, bu, istintaq sirridir. Mənim balam özünün şəxsi maşını ilə qəza törədib, deyirlər, istintaq sirridir. Bu uşaq, universitet tələbəsi nə cinayət törədə bilər?
Bütün bunlar azmış kimi bizim xəbərimiz olmadan 18 yaşlı cavan uşağın meyitini yarıblar. Bəs sizin insanlığınız harada qaldı? 18 yaşlı uşağın da ailəsinə xəbər etmədən meyitini yarmaqmı olar?”
F.Əkbərov bildirib ki, hadisə baş verən zaman A.Musayevin yanında dostlarının tanımadığı bir qız da olub. O, hadisənin şahidi olsa da, tədqiqatçı ona da qəza ilə bağlı məlumat verməyə icazə vermir:
“Qəza zamanı yanında bir qız olub. Oğlan uşağıdır da, bəlkə sevgilisidir, bilmirik. Biz tanımırıq, dostları da tanımır. Qəzadan sonra əlaqə saxladıq onunla. Ona da tapşırıblar ki, heç kəslə heç nə danışma, bizsiz heç kəslə əlaqə saxlama. Yanındakı qız elə həmin gün evə buraxılıb, ancaq qıza da necə tapşırıblarsa, o da bir söz demir”.
Məsələ ilə bağlı işi araşdıran Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin tədqiqatçısı Vüqar Hüseynov Axar.az-a açıqlamasında hadisənin araşdırıldığı üçün məlumat verə bilməyəcəyini deyib.
Mövzunu şərh edən hüquqşünas Səməd Vəkilov isə bildirib ki, meyitin yarılması qanunvericiliklə tənzimlənir və ölümün hansı səbəbdən baş verdiyini müəyyən etmək baxımından vacibdir:
“Bu qanunsuz proses deyil və bunun üçün ailənin icazəsi də gərəkmir. Sadəcə, milli mənəvi məsələlərdən dolayı çox vaxt meyit yarılmazdan öncə ailənin fikri öyrənilir. Yəni bu sırf mənəvi bir şeydir. Ancaq bu məsələdə bir məqam var ki, qəzadan sonra ailəyə məlumat vermək polisin vəzifəsi idi. Dərhal ailə ilə əlaqə yaradılmalı idi. Proses belədir ki, hadisədən sonra dərhal ailə axtarılır, bu barədə ona məlumat verilir və bundan sonra ölümün baş vermə səbəbi üçün yarılır”.
Xatırladaq ki, 24 noyabr tarixində Səbail rayonu Bayraq meydanı yaxınlığında qəza hadisəsi baş verib. Hadisə zamanı 18 yaşlı Anar Musayev idarəetməni itirərək dirəyə çırpılıb və avtomobil qarşı tərəfdən gələn VAZ-2109 markalı avtomobillə toqquşub. Hadisə nəticəsində “Mersedes” avtomobilini idarə edən A.Musayev hadisə yerində dünyasını dəyişib. Onun avtomobilində olan bir sərnişin və digər avtomobilin sürücüsü yaralanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA