sedanews.az
sedanews.az

“Fermerlik yaradıcılıqdır. Hər tarlanın, sahibkarın bu yolda özəl hekayəsi var...’’

7-11-2019, 16:37 824 dəfə baxılıb

Fermerlik yaradıcılıqdır. Hər tarlanın, sahibkarın bu yolda özəl hekayəsi var...’’ 


Ölkənin davamlı və dayanıqlı inkişafına nail olmaq üçün kənd təsərrüfatı məhsullarına olan ehtiyacda xarici amillərdən asılılığın aradan qaldırılması önəmlidir. Yerli məhsulların həm daxili, həm də qismən xarici bazarları təmin edə bilməsi üçün bizə babalarımızdan miras qalan məhsuldar torpaqlardan səmərəli istifadə edərək nail ola bilərik.
Bu səbəbdən azərbaycanlı gənc olaraq öz töhfəmi vermək üçün İmişli rayonunda pambıqçılıqla məşğul olmaq qərarına gəldim. Sahənin öncül mütəxəssislərinin illərə söykənən təcrübələrindən yararlanaraq, 300 ha ərazidən mövsüm sonuna 500 ton məhsul toplamağı proqnozlaşdırırıq.
Niyə məhz pambıqçılıq? Çünki bu əməktutumlu və yüksək gəlirli istehsal sahəsi olmaqla yanaşı, həm də ölkədə yüngül sənayenin inkişafına ciddi təkan verə biləcək sektordur. Əgər bu gün mən Sarıyev Mirqiyas “Hələ 27 yaşım var, əkinçiliklə babalar məşğul olar’’ prinsipi ilə yanaşıb, ölkəmizin sosial və iqtisadi inkişafında bu bitkinin zaman-zaman daşıdığı xüsusi əhəmiyyəti unutsam, əminəm, övlad və nəvələrim də eyni prinsiplə yanaşacaq.
Unutmayaq ki, pambıqçılığın inkişaf etdirilməsi kənd əhalisinin daimi işlə təmin olunmasında, heyvandarlığın yem bazasının möhkəmləndirilməsində də xüsusi əhəmiyyət kəsb edir. Bunlarla yanaşı, pambıq digər dənli taxıl, tərəvəz, bostan bitkiləri üçün əlverişli sələf bitkisi hesab edilir. Bir sözlə, həm xalqına, millətinə faydalı vətəndaş olub, həm də özünü bir sahibkar kimi təsdiqləmək istəyənlər üçün pambıqçılıq geniş üfüqlər açır.

Zəngin ənənələrə malik pambıqçılıq məhz ümummilli lider Heydər Əliyevin respublikamıza birinci dəfə rəhbərlik etdiyi dövrdə ölkəmizin aqrar sektorunda ən aparıcı sahələrdən birinə çevrilmişdi. Belə ki,1969-cu ildə 162 min ton pambıq təhvil verildiyi halda, 1976-cı ildə bu göstərici 412 min ton oldu.
1969-cu ildə pambıqçılıqdan 150 milyon manat gəlir götürüldüyü halda, 1976-cı ildə bu rəqəm 350 milyon manata çatdırıldı. O zaman təkcə Bərdədə pambığın tədarükü 120 min tona çatmışdı.
1970-1976-cı illərdə  pambıqdan 2 milyard manat gəlir əldə edilmişdi.1969-1981-ci illərdə ölkə büdcəsinin 22-25 faizini pambıqçılıqdan əldə olunan gəlir formalaşdırırdı.
Prezident İlham Əliyevin yeni iqtisadi mərhələdə qarşıya qoyduğu ümdə vəzifələrdən biri də pambıqçılığın inkişaf etdirilməsidir. Bu məqsədlə əlaqədar dövlət orqanlarının və pambıq istehsalı və emalı ilə məşğul olan müəssisələrin nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb, pambığın tədarük qiymətləri artırılıb, yüksək məhsuldarlıq əldə edən fermerlərə əlavə stimullaşdırıcı tədbirlərin tətbiqi nəzərdə tutulub.
Həmçinin “Pambıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi (14 iyul 2010-cu il), “Pambıqçılıq haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” (3 mart 2011-ci il), həmçinin aqrar sahənin və pambıqçılığın inkişafı ilə bağlı dövlətimizin rəhbərinin imzaladığı Fərman və sərəncamlar bu sahənin davamlı inkişaf etdirilməsinə ciddi təkan verib.
Ölkə başçısının “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 2017-ci il 13 iyul tarixli Sərəncamı sözügedən sahənin prioritetliyini bir daha təsdiqləyib.
Qısa müddət ərzində həyata keçirilən tədbirlər nəticəsində 2018-ci ildə respublika üzrə pambığın əkin sahəsi 132.5 min ha, məhsul istehsalı 233.6 min ton, orta məhsuldarlıq isə17.6 s/ha-ya çatdırılıb. Cari ildə ölkə üzrə 250 min tondan artıq pambıq istehsalı gözlənilir. Növbəti illərdə isə bu rəqəmin 500 min ton olması proqnozlaşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA