sedanews.az
sedanews.az

"Rüşvətxorluqla faşistlik arasında bağlılıq varmı?.."

2-07-2019, 15:56 722 dəfə baxılıb

"Rüşvətxorluqla faşistlik arasında bağlılıq varmı?.."

"Bunlar rüşvət alıb-verməyənlərə, bu rəzalətə qarşı mübarizə aparanlara özgə, alçaq bir irq kimi baxırlar…"
Fikir savaşı...



 Sultan Laçın 

 Son günlər  filan korrupsioner məmurun övladının 2 milyonluq saatının oğurlanması, filan  başçının  xaricdəki mülkləri barədə və xüsusən Azərbaycan xəstəxanalarından birində Aprel qazisinin həkimlərin övladına laqeyd, bisavad münasibətinə görə özünü yandırması haqda xəbəri eşidəndə neçə onilliklərdir beynimdə fırlanan bu sualı sosioloqlara, psixoloqlara, nə bilim, tarixçilərə, filosoflara ünvanlayası oldum: “Sizcə, rüşvətxorluqla, korrupsionerliklə faşistlik arasında əlaqə, bağlılıq varmı?..”
***
Zənnimcə var. Şəxsi təcrübəmdə də dəfələrlə rastlaşmışam və rastlaşıram. Bunlar özləri kimi rüşvət alıb-verməyənlərə, bu rəzalətə qarşı mübarizə aparanlara,  onların üzlərinə gerçəyi söyləyib “oyunları”na qoşulmayanlara sanki başqa ölkədən, planetdən gəlmə, özgə, alçaq bir irq, millət nümayəndəsi kimi baxırlar. Bunlar gördükləri işə görə “haqlarını” vermək istəməyənləri nəinki şərləməyə, həbs etdirməyə, hətta qanını içməyə, belələri üçün məmləkətdə xüsusi işgəncə mərkəzləri, konslagerlər qurmağa hazırdırlar… Ləğv olunmuş yalnız bir nazirliyin məmləkət boyu törətdiyi əməllər  ortalığa çıxanda məlum oldu ki, belə gizli türmələr qurulmuşdu da, orada vicdanlı vətəndaşlara, sahibkarlara olmazın işgəncələr verilirdi də…
***İnsan puldan, var-dövlətdən, hakimiyyətdən, kürsüdən ötrü nə qədər azğınlaşar, heyvanlaşar, iblisləşər ki, öz xalqına, öz soydaşına, öz vətəndaşına qənim kəsilər?..  
***
Bir insanın, müsəlmanın, Azərbaycan vətəndaşının sənin baş həkim kimi yuxarıdakı həmkorlarının razılığıyla müəyyən etdiyin “haqqı” verməyə imkanı yoxdur deyə, müalicə olunmamasına, həlak olmasına göz yumursansa, sənin Xocalıda hamilə ananı, südəmər körpəni, azyaşlı qızı minbir işgəncələrlə amansızlıqla qətlə yetirən Balayan ilə, Köçəryan ilə, Sərkisyan, Melkonyan ilə heç bir fərqin yoxdur.... Hələ bu xalq üçün onlarddan da təhlükəlisən. Çünki içimizdə oturmusan...
***
Sən nazir, icra başçısı, təhsil şöbəsinin müdiri kimi 20 Yanvar, Xocalı soyqırımı, yaxud hansısa rayonun işğalı günündə telekameralar önündə özünü guya bir vətənpərvər kimi  nümayiş etdirmək üçün Şəhidlər Xiyabanını ziyarət edib şəhidlərin məzarlarına gül qoyursansa, amma kabinetinə qayıdıb torpağı işğal altında olan bölgələrin şöbələrindən, yaxud elə həmin şəhidlərin adlarını daşıyan məktəblərdən və ya xəstəxanalardan, həkimlərdən, tibb baxcılarından, süpürgəçilərdən “hesab” umursansa, alırsansa, sən o şəhidin daşnak qatilindən də betərsən... Çünki o erməni şəhidimizə bir dəfə güllə atıbsa, sən hər gün onun ruhunu güllələyirsən, sən onun adını daşıyan təhsil ocağını rüşvətxorluğa bələməklə,  rüşvət hesabına savadsız kadrları o məktəblərə, təhsil şöbələrinə yerləşdirməklə orada təhsil alan Azərbaycan balalarının, Azərbaycan xalqının gələcəyini qətlə yetirirsən... Sən rüşvət hesabına savadsız, rüşvətxor həkimlərin xəstəxanalara yerləşməsinə şərait yaradırsansa,  yüzlərlə nəsilə, tayfaya zərbə vurursan, yüzlərlə xəstə, şikəst körpənin doğulmasına səbəb olursan və nəticədə bu xalqın genefondunu böyük zərbə altında qoyursan...   Öz vicdanın qarşısında cavab ver, alçaq: sən daşnak deyilsən, faşist deyilsən, bəs nəsən?...
***
“Maaşımız azdır, dolana bilmirik”, “gələn qonaq-qaranı yola salmalıyıq...”, “yuxarıdan hesab istəyirlər”   kimi cavabların hamısı öz nəfsinin acgözlüyünə  bəraət qazandırmağa xidmət edən bəhanələrdir. Maaşın azdır; tələb et, mübarizə apar, səndən yuxarıdakı rəhbərlər rüşvət tələb edirsə, vermə. Mümkün qədər halal, düzgün işlə ki, yuxarıların yanında gözükölgəli olmayasan. Bunları da etmək alınmırsa, tutduğun postda işləmə, istefa ver, get fəhləlik et, daş qaldır, yük daşı, küçə süpür, amma harama bulaşıb bu korrupsiya şəbəkəsinin elementinə, quluna çevrilmə... Ölməyəcəksən, bir az maddi çətinliklə yaşayacaqsan,  amma insan kimi yaşayacaqsan, şərəfini, ləyaqətini, şəxsiyyətini, mənliyini, vicdanını itirməyəcəksən... Və ən əsası, Allahın qarşısına üzüağ çıxacaqsan...Bütün bunları dərk etmirsiz. Ona görə də yazıqsınız... Amma nadan, cahil  ağlınızla elə düşünüsüz ki, rüşvətdən, haramdan uzaq qaçan bizlər yazığıq... Darıxmayın, inşallah, bütün gerçəkləri görəcək və cəzanızı çəkəcəksiniz...
***
Hər hansı bir ölkədəki korrupsionerlər ofşorlardakı milyardlarını, İsveçrədəki, Londondakı hesablarını, Virciniyadakı, Çexiyadakı... mülklərini  o  qədər “halal”sayırlar ki, onlardan ötrü bütün xalqın qanını tökməyə hazırdırlar... 
***
Düzdü, qazinin özünü yandırmasına, intiharına haqq qazandırmaq olmaz. Doğru seçim deyil, Allah qarşısında böyük günahdır. Keçmiş döyüşçüyə yaraşan yol deyil... Amma görün,  onu nə dərəcədə bezdiriblərsə, cana-boğaza yığıblarsa, o, bu yolu seçməyə məcbur olub...Burada  günahkar, cinayətkar yalnız bir baş həkim, yaxud bir həkim, bir neçə həkim, tibb bacıları-filan deyil, on illərlə qoynumuzda yetişməsinə şərait yaratdığımız bir sistemdir. Son illər yüzlərlə insanın intiharına səbəb olmuş bu acgöz, rüşvətxorlar, korrupsionerlər şəbəkəsidir... 
***
İnsan öz milli kimliyini, mənliyini, anasını belə unudub öz xalqına qənim kəsilirsə, buna manqurt, faşist deməyəsən, nə deyəsən?..
***Sizi bilmirəm, şəxsən hesab edirəm ki, rüşvətxorluq sosial irqçiliyin, faşizmin və həm də manqurtluğun təzahürü olan bir xəstəlikdir. Özü də müalicəsi çox çətin olan, əksəriyyət üçün mümkün olmayan bir xəstəlikdir...  
***
Bu mənfur xəstəliyin müalicəsi isə yalnız bir neçə xırda rüşvətxorun həbsi ilə bitmir. Bu, “müalicə kursu” hər bir Yer sakininin, o cümlədən hər bir Azərbaycan vətəndaşının nəfsindən keçir. Dəfələrlə deyirik: hər kəs haqq-ədalət uğrunda mübarizəyə   özündən başlamalıdır. Hər kəs özünü dəyişməlidir, təmizləməlidir ki, bütövlükdə cəmiyyət dəyişsin, təmizlənsin....Qurani-Kərimdə deyildiyi kimi, bir cəmiyyət özünü dəyişməyincə Allah da onu dəyişməz...
***
Rüşvətxorlara, korrupsionerlərə vəkillik etmək istəyənlər varsa, buyursunlar...






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA