SEDANEWS.AZ

Dunya xeber agentliyi

    Eltun Türkel. ŞEİRLƏRİ

    Kategori: ÖLKƏ Tarix: 7-11-2018, 15:55 Bildir?
    SEVGİMİZ Könül dünyamıza işıq  saçardı,
     Günəşlə qol-boyun, çıxan sevgimiz.
     Nurlu sabahları gecəyə döndü,
     Oldu qaranlıqdan baxan sevgimiz.

     Eşqin səmasında hədd tanımazdı.
     Kədər tanımazdı, dərd tanımazdı.
     Bəndləri yıxardı, sədd tanımazdı,
     Çaylartək çağlayıb, axan sevgimiz.

     Hicranı özünə qul eləyərdi,
     Solmuş bir qönçəni gül eləyərdi,
     Həsrəti yandırıb, kül eləyərdi,
     Bir vaxt şimşək olub çaxan sevgimiz.

     Daha xatirələr olub yar bizə,
     Vüsal yox, yazılıb intizar  bizə.
     Çətin ki, əl edib qayıdar bizə,
     Gedişi bizləri  yıxan sevgimiz.
     Müəllif :Eltun Türkel

    MƏRMƏR

     Nurla yoğrulmuşdu  sanki xəmirin,
     Gözəllik İlahi payın olmuşdu.
     Gündüzlər min rəngə çalan parıltın,
     Zülmət gecələrdə ayın olmuşdu.

     Həsədlə baxırdı sənə qayalar,
     Nə qəmli, qüssəli, nə də dərdliydin.
     Yerində ağırdın, dəyərin vardı,
     Daş idin amma ki, daşdan fərqliydin. 

     Heyf çox çəkmədi bu xoş günlərin,
     Qiymətli daş kimi satdılar səni.
     Vüqarlı dağlardan qoparıb, kəsib,
     Hərrac bazarına atdılar səni.

     Sonda cilalandı qıraq-bucağın,
     Canından can alıb saray tikdilər.
     Yetmədi qiymətli mərmər olmağın,
     Üzünə bir insan şəkli çəkdilər

     Bir vaxt parıltına qamaşan gözlər,
     İndi sənə baxıb tökür göz yaşı.
     Adın da dəyişib elin dilində,
     Sən mərmər deyilsən- mərmər baş daşı.

    NƏR KÖLGƏSİNDƏ

     Namərdə, nakəsə kölgə olmaqdan,
     Elə özün yaşa ər kölgəsində.
     Alimə xor baxma, götürər qələm,
     İnan ki, olarsan xar kölgəsində.

     Yada sal, bir az qorx məhşər günündən,
     Böhtan söz danışıb çıxma dinindən.
     Haqlı olan qaçmaz haqsız önündən,
     Haqqı bayraq edər şər kölgəsində.

     Sadəlik önündə baş əyir bəşər,
     Sirkə tünd olarsa qabını deşər,
     Hündürə qalxanlar, hündürdən düşər,
     Ağacın barını dər kölgəsində.

     Nadanın önündə qaya daşıyam.
     Qəlbində alovu, gözdə yaşıyam.
     Ustadım Seyyiddir, demə naşıyam,
     Eltun daldalanıb nər kölgəsində.


    TAPILMIR

     Nəfsinə yenilib, qul olan gündən,
     İnsan var, insanlıq üzü tapılmır.
     Təpəgöz dövrünə düşmüşük, Allah,
     Çoxunun ikinci gözü tapılmır.

     Saraylar ucaldıb, saraylar yıxan,
     Gah ürək güldürüb, gah ürək sıxan.
     Vicdan alveriylə bazara çıxan,
     Vicdanın adı var, özü tapılmır.

     Düşmən sayılsa da zəhərli ilan,
     Onu da aldadır bir tütək çalan.
     Şeytan barmağında fırlanan yalan,
     Necə itiribsə düzü tapılmır. 

     Səxavət ən uca olduğu halda,
     Onu axtarırlar dövlətdə-malda.
     Hər il milyonların getdiyi yolda,
     Hacı Zeynalabdin izi tapılmır.

     Eltun, açılmayan min hikmət qalıb.
     Ölüm can qurtarmır, qiyamət qalıb.
     İndi dilimizdə "ƏDA"-"LƏT" qalıb,
     Silinib "ƏDALƏT" sözü tapılmır.

    Yorum ekle
    Lütfen düşüncelerinizi özgünce ifade etmeye çalışın

    Kodu girin:
    Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız


Sitemizi değerlendirin

image
image
image
image
Web Designer

Saytin butun huquqlari qorunur. Aslan Kazimov 2018
Taglar


«    Aralık 2018    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Aslan Kazimov aslan.m58@hotmail.com,Facebook Hesabim-Facebook - Instagram - ASLAXNN