sedanews.az
sedanews.az

Azərbaycanda yeni keyfiyyət dəyişiklikləri olacaq

4-01-2019, 11:11 1 527 dəfə baxılıb

Azərbaycanda yeni keyfiyyət dəyişiklikləri olacaq

   <img src="https://imgs.su/upload/184/2215698430.jpg">                                                                                     
            
Azərbaycan son 15 ildə iqtisadi tərəqqi, sosial inkişaf və beynəlxalq nüfuzun artmasında çox böyük yol qət edib. Bu yolda və bu nəticələri əldə etməkdə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət, onun yorulmaz fəaliyyəti, eyni zamanda apardığı çox dərin və sürətli islahatlar mühüm rol oynayıb. Ona görə də, əslində, bu gün Azərbaycanın həm daxildə, həm də beynəlxalq arenada əldə etdiyi uğurların hamısı dövlət başçısının adı ilə bağlıdır.
Milli Məclisin Milli Məclisin üzvü, İqtisad elmləri üzrə fəlsəfə doktoru Tahir Mirkişili deyib.

 Millət vəkilinin sözlərinə görə, ötən 2018-ci ili dəyərləndirərkən Prezident İlham Əliyevin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə qarşıya qoyulan məqsəd və hədəflərə xüsusi diqqət yetirmək lazımdır: "Əsas hədəflər Azərbaycanda makroiqtisadi sabitliyin qorunub saxlanması, qeyri-neft sektorunun inkişaf etdirilməsi və insanların maddi rifah halının daha da yaxşılaşdırılması idi. Ötən dövrə baxsaq, 2018-ci ildə makroiqtisadi sabitlik davam edib. Ötən ilin 11 ayın yekunlarına əsasən, ÜDM 1 faiz, qeyri-neft sektoru 1,3 faiz, qeyri-neft sənayesi 9 faizdən, əhalinin nominal gəlirləri 9 faizdən çox artıb, inflyasiya isə cəmi 2,6 faiz səviyyəsində olub. Bütün bunlarla yanaşı, biz digər göstəricilərə də baxsaq, kənd təsərrüfatı sahəsi 4,6 faiz böyüyüb, yeni müəssisələr yaradılıb, yeni iş yerləri açılıb, bütövlükdə dövlət tərəfindən əhalinin maddi rifah halının və sosial qayğının yaxşılaşdırılması üçün mühüm tədbirlər həyata keçirilib".
 Onun fikrincə, ötən il ərzində Azərbaycan iqtisadiyyatı üçün bir sıra önəmli hadisələr baş verib: "Ötən dövrdə ölkə iqtisadiyyatı üçün mühüm hadisələrdən biri Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TANAP-ın açılışıdır. Bu hadisə sayəsində Azərbaycanın birbaşa Avropa bazarlarına çıxarılması istiqamətində əlavə imkanlar yarandı. Digər mühüm hadisə isə Türkiyədə "Star" Neft Emalı Zavodunun açılışını göstərmək olar. Bu zavodun açılışı ilə Azərbaycanda neft sektorunda və neft-qaz siyasətində yeni bir dövr başlayıb. Bu Azərbaycan neftinin, emal olunmuş məhsulların əlavə olunmuş dəyərlə satılması, bu isə öz növbəsində Azərbaycan iqtisadiyyatında tamamilə yeni dövrün başlanması deməkdir.
Ötən ilin mühüm hadisələrindən biri Dünya Bankının "Doing Business" hesabatında Azərbaycanın dünyanın ən çox ishalat aparan ölkəsi elan olunmasıdır. Həmin hesabatda ölkəmizin birdən-birə 32 pillə irəliləyərək 5-ci yerə çıxması Azərbaycanda biznes və sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması istiqamətində atılan addımların nəticəsidir.
Bütövlükdə götürdükdə Azərbaycanda ötən il iqtisadi islahatlar davam edib, iqtisadi idarəetmədə çevikliyin təmin olunması istiqamətində yeni qurumlar yaradılıb, bəzi qurumlar birləşdirilib. İdarəetmədəki bu islahatlar Azərbaycan iqtisadiyyatının növbəti illərdə daha sürətli inkişafı üçün əsas yaradıb.
2018-ci ildə xarici ticarət dövriyyəmiz 38 faiz, qeyri-neft ixracı 10 faizdən çox artıb. Eyni zamanda, strateji valyuta ehtiyatlarımız artaraq 45 milyard dolları keçib. Bu isə ölkənin 26 aylıq idxalına bərabərdir. Bu, çox mühüm elementdir".


 T.Mirkişili qeyd edib ki, ötən il qanunvericilik sahəsində də mühüm yeniliklər baş verib: "Bunlardan biri Azərbaycanda yeni büdcə qaydalarının yaradılması ilə bağlı idi. 2019-cu ilin dövlət büdcəsi də məhz onun əsasında tərtib olunmuşdur. Bu qaydalarda əsas yenilik büdcə gəlir və xərclərin neftin qiymətindən asılılığını minimuma endirmək mexanizminin hazırlanmasıdır. Bu mexanizmə görə, neftin qiymətinin qalxıb-enməsindən asılı olmayaraq, dövlət büdcəsinin icrasında hər hansı ciddi problem müşahidə olunmayacaq.
Digər mühüm yenilik Prezident İlham Əliyevin qəbul etdiyi fərmana əsasən, Azərbaycan 2020-ci ildən etibarən dövlət orqanlarında strateji idarəetmə modelinə keçir. Bu modelin ən önəmli xüsusiyyəti Azərbaycanın nəticə yönümlü, yəni hesabatlı büdcə xərcləri siyasətini təsdiq etməsidir. Fikrimcə, məhz bunun nəticəsində iqtisadiyyatımızda büdcə xərclərinin effektivliyi daha da artacaq.
 Nəhayət, sonuncu məqam odur ki, Vergi Məcəlləsinə edilən son dəyişikliklər şəffaflığın və uçotun daha çox təmin olunmasına, ədalətli rəqabətin səviyyəsinin daha da artması istiqamətində işlərin görülməsinə gətirib çıxaracaq. Bu isə, öz növbəsində, insanların maddi rifah halının daha da yaxşılaşması və sahibkarlığın inkişafı ilə nəticələnəcək". Deputat hesab edir ki, bütün bunları ümumiləşdirərək 2018-ci ili aktiv inkişaf ili kimi xarakterizə etmək olar: "Nəzərə alsaq ki, növbəti, 2019-cu ildə Azərbaycan iqtisadiyyatının daha sürətlə inkişafı planlaşdırılır, o zaman ötən ili sürətli inkişaf əldə etmək üçün möhkəm bünövrənin qoyulması kimi də xarakterizə etmək olar.
Növbəti illərdə Azərbaycan iqtisadiyyatının daha çox, yəni ÜDM-nin 2,6 faiz, qeyri-neft sektorunun 3,9 faiz gözlənilir. Nəzərə alsaq ki, ötən dövrdə qeyri-neft sektorunun daha aktiv rol oynaması və artıq ölkə iqtisadiyyatında 64 faizə yaxın paya sahib olması növbəti illərdə yeni keyfiyyət dəyişikliklərinə gətirib çıxaracağını deməyə əsas verir. Bu da ölkədə dayanıqlı, ardıcıl iqtisadi inkişafa nail olmaq üçün mühüm əsaslardan biridir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA