sedanews.az
sedanews.az

'ƏDALƏT BƏDİRXANLI. GÜL BAYRAMI

10-05-2019, 09:32 1 535 dəfə baxılıb

GÜL BAYRAMI
 (poema)
 Ulu Öndər HEYDƏR ƏLİYEVİN
  90-illik əziz xatirəsinə
 Proloq:
 Bu gün ölkəmizdə gül bayramıdır,
 Hər gül bir qönçədir, sevgi payıdır.
 Düzülən bu güllər olsa da cansız,
 Elə bil indicə danışacaqdır.
 Görəsən, bu güllər neçə rəngdədir,
 Neçə milyon insan sevinəcəkdir?
 Ən böyük məhəbbət hələ bu deyil,
 Hər görən ürəkdən pay verəcəkdir.
 Xaliq xəlq eyləmiş, sevgi qidadır,
 İnsanlar sevərək tikir, yaradır.
 Qürur mənbəyidir xalqın sevgisi,
 Bu sevgi babanın öz qazancıdır.
 Bu gün ad günüdür, Heydər babanın,
 Hər il bayramıdır mayın onunda.
 Gəldi də, qurdu da Azərbaycanı,
 Ən böyük memardır dünya çapında.
                   I hissə
      HAQQIN YOLÇUSU
 Baba unudulmur köçdüyü gündən,
 Köçən yadda qalır əməlləriynən.
 İnsan var, ömrünü özü yaşadır,
 İnsan var, ucalan heykəlləriynən.
 Hələ Vətənində olduğu vaxtlar
 Elə işlədi ki, mat qaldı ruslar.
 Kürsüyə qalxanda alqış içində
 Olmayıb onun tək addım atanlar.
 Həm yeriş, həm duruş, nitqin saflığı,
 Görkəm, əzmkarlıq, cahan şahlığı,
 Xarici qəzetlər yazırdı ondan,
 Dünya dərk edirdi bu cür varlığı.
       ***
 Baba qürurunu vermədi əldən,
 Düşündü, daşındı lap əvvəlcədən.
 Böyük layihələr tərtib etdirib,
 Zavodlar gətirdi neçə ölkədən.
 Alındı ən yeni təzə qurğular,
 Dənizdə ən dərin quyu qazanlar.
 Bu yöndə çoxları çalışsalar da,
 Onun bu işlərdə öz zəhməti var.
 Qazıldı quyular, bilindi laylar,
 Bəzi quyuları tez saxladılar.
 Özü tapşırmışdı necə eyləmək,
 Mərkəzə boş kağız yola saldılar.
 Minlərlə ən böyük yeni dəzgahlar,
 Nefti ayırmağa nəhəng qurğular...
 Nələr gətirildi, nələr alındı,
 Saymaqla qurtaran deyil, bu saylar.
 Xalqına güvəndi, əkdi torpağı,
 Ən çətin yollarla keçdi sınağı.
 Taxdı sinəsinə Azərbaycanın
 Neçə orden, medal, keçid bayrağı.
 Hər kim tər tökdüsə yaddan çıxmadı,
 Heydər babamızdan qiymətin aldı.
 Bəstəkar, yazıçı, qazma ustası,
 Kimsə mükafatdan kənar qalmadı.
      ***
 Saymaqla qurtarmır əməllərini,
 Yazmaqla qurtarmır etdiklərini,
 Çox ölkə başçısı öyrənir onun
 Ən çətin andakı gedişlərini.
 İllər keçmədi ki, təklif verdilər,
 Ən ali kürsüyə layiq bilindi.
 Onun namizədlik vaxtı bitəndə
 Siyasi büronun üzvü seçildi.
     ***
 Özü bilirdi ki, belə olacaq,
 Başqa yol yox idi, sonunda ancaq.
 Onu yetişdirən böyük siyasət
 Aparıb mərkəzə iş tapşıracaq.
              II hissə
            ALAGÖZ
 Qısa bir zamanda işə başladı,
 Lazımsız yerlərdə işi saxladı,
 Mühüm sahələrə təkan verərək,
 BAM-da dəmir yolun tez işə saldı.
 Böyük siyasətdə dağları aşdı,
 Söz-söhbət yarandı, aləm qarışdı.
 Həqiqət ortada, hamı baxışdı,
 Çoxları mat qaldı, çoxu da çaşdı.
 Bir qumar oynuna oxşadı bunlar,
 Şərik oynayanlar tez baxışdılar.
 Xalı az olanlar pasa getdilər,
 Xalı çox olanlar bank apardılar.
 Mərkəz iki qütbə bölünən andan
 Soyuq müharibə edirdi tüğyan.
 Son illər siyasi böhran olsa da,
 Hamı çəkinirdi Heydər babadan.
 Bilirdi zamanın hökmün əzəldən,
 Cızmışdı planın lap əvvəlcədən.
 Hətta Moskvada ruslar içində
 Məxfidən məxfiydi, yox idi bilən.
 Siyasi aləmdə köhnə adamlar
 Onu əzəl başdan tanıyırdılar.
 Ölkəni böhrana sürükləyənlər
 Artıq yavaş-yavaş qudururdular.
 Dəstəyi xaricdən alan satqınlar
 Heydər baba ilə barışmadılar.
 Üstəlik təkidlə məcbur edərək
 Onu öz işindən tez çıxardılar.
       ***
 Əsla çaşdırmadı bu Alagözü,
 Vətəni müstəqil görməkdi düzü.
 Bu plan əlli il məxfi qalsa da,
 Baş tutan anadək döyüşdü özü.
       ***
 Canından ayrılan o ruhun ki, var,
 Dünyanın nə qədər onda sirri var.
 Vətənin, dövlətin, xalqın, millətin
 Alagöz adında bir sevdası var.
                 III hissə
      QANLI DALĞALAR
 Hər yerdə bir ocaq yandırdı ruslar,
 Başladı xalqlara qarşı hücumlar.
 Qoşun yeritdilər, bütün nə ki var,
 Ölkəni bürüdü qanlı dalğalar.
 Kimlər nə istəyir, heç baxmadılar,
 Vətəndaş haqqını tapdaladılar.
 Gecənin bir anı hücum edərək,
 Bütün silahlardan atəş açdılar.
 Tanklar əzdi keçdi millətimizi,
 Eşidən olmadı haqq səsimizi.
 Baba çəkinmədən danladı dərhal
 Böyük səfirlikdə düşmənimizi.
 Zamanı çatmışdı ittifaqın da,
 Nəhayət, ittifaq parçalandı da,
 Suveren ölkələr yarandı yenə;
 İttifaq aktının bitdi vaxtı da.
       ***
 Vətəni özünə bir yuva sandı,
 Xalqa arxalandı, xalqa inandı.
 Onun zəhmətinin bəhrəsidir ki,
 Müstəqil, suveren, ölkə yarandı.
 Kənardan çox sayda təklif alırdı,
 Yeraltı sərvəti gizli saxladı.
 Ölkəyə başçılıq etdiyi gündən
 Əsas təklifləri tez işə saldı.
        ***
 Hansı bir səhnəyə nəzər salırsan,
 Orda bir fəlsəfi fikir tapırsan.
 Sən, ey Ana Vətən, ey Azərbaycan,
 Sən bütün dünyanın marağındasan.
                  IV hissə
  İKİYƏ BÖLÜNMÜŞ VƏTƏN
 Nə qədər bəlalar çəkibdi başın,
 Yarıya bölünüb torpağın, daşın.
 Sən azad olsan da, ey Ana Yurdum,
 Hələ azad deyil böyük qardaşın.
 Tarixən gücümüz rusa çatmadı,
 Zəngəzur, Borçalı, Göyçə boşaldı.
 Qarabağ uğrunda nələr can verdik,
 Dərbənd,Təbriz kimi Şuşa saraldı.
 Təbrizə ürəkli gedə bilməsək,
 Sanma ki, qardaşlar küsəcək bizdən.
 Əgər Qarabağı qaytara bilsək,
 Düşmən sarsılacaq qələbəmizdən.
       ***
 Çoxdur yer üzündə belə bölgələr,
 Hamısı siyasi həllini gözlər.
 Dünya öz hökmünü verdiyi zaman
 Qaçqınlar yurduna qayıda bilər.
       ***
 Olsaydı imkanın bir zərrə qədər,
 Alardın torpağı, çalardın zəfər.
 Daşlardan yonulan heykəllərini
 Nadir metallardan düzəldərdilər.
                  V hissə
     HEYKƏLLƏŞƏN ÖMÜR
 Ey müdrik, ey dahi, böyük hökmdar,
 Mərmər bir heykələ dönüb arzular,
 Ulu Öndər olan tək-tək insanlar,
 Ölmür, heykəlləşir, belədir ki, var.
       ***
 Çatmadı bir ömür tez getdin vaxtsız,
 İşıqlı bir dünya qaldı babasız.
 Fəxri xiyabanı özün seçmisən,
 Bir cənnət bağıdır bu məkanınız.
       ***
 Torpaq övladını aldı qoynuna,
 Bayraq da baş əydi doğma oğluna.
 Elə bil Sübhanım seçmişdi onu,
 Bir öndər vermişdi Azərbaycana.
 Kimlər ağlamadı, yanmadı ona,
 Dünyaya sığmayan dahi insana?
 Vətənə bağlılıq atadan qalır,
 Xalq vəkalət verdi İLHAM oğluna.
 Rahat yat, ey böyük dahi hökmdar,
 Xalqın inam yeri bir xiyaban var,
 Neçə milyon insan gəlib gedəcək,
 Siz qədər rəhməti qazananmı var?!
 Unutmaz bu Vətən, bu cahan səni;
 Bu Xəzər, bu dağlar, Kür, Araz səni.
 Kölgə tək üstünə qalxan buludlar
 Hərdən selə dönüb ağlayar səni.
 Oyan, bu ölkəni bir də gəz dolan,
 Tale qülləyə qalx hündürdə dayan.
 Bayrağı seyr elə, şəhərə boylan,
 Sən ki, Azərbaycan vətəndaşısan.
 Çox ünvan axtarma sökülüb onlar,
 Yerində nə boyda hündür binalar.
 Körpülər, yeraltı dayanacaqlar,
 Bilsən şəhərimdə nə inkişaf var.
 Küçələr tərtəmiz, yanı mərmərdir,
 Yeraltı keçidlər böyük tövhədir.
 Şadlıq sarayları elə dəbdədir,
 Hər olan toy-büsat bir əfsanədir.
 Nə qədər xarici təzə maşınlar...
 Sürətlə tikilir yeni saraylar.
 Başqa bir mənzərə, yeni baxışılar,
 Xaricdə nə qədər təhsil alan var.
 Bilirsən şifrəsin bu gizli kodun,
 Kimlər düşmənidi bu ana yurdun.
 Məlumdur bizlərə düşmən olanlar,
 Bəs niyə dostları susur bu yurdun?
 Ruhunu dinləyib, qulaq asıram,
 Siz deyən sözləri yada salıram.
 Tərəddüd etmədən çox insanlara
 Təkrarən deyərək xatırladıram:
 Nə vaxt ki, siyasət zəfər çalacaq,
 O zaman işğalçı naçar qalacaq.
 Rusiya sülh ilə razılaşarsa,
 Onda da QARABAĞ azad olacaq.
       ***
 Sülh ilə davranın, inkişaf edin,
 Ya da başqa bir yol axtarın, keçin.
 Böyük kürsülərdən haraylayaraq,
 Əsas haqq işini tanıdın, seçin.
                 VI hissə
        VƏTƏN SEVDALI
            SƏRKƏDRƏ
 Atamı itirdim uşaq çağımda,
 Ata axtarıram bax, bu yaşımda.
 İnternat həyatım tacsız olsa da,
 Sizi tac sanmışam hər an başımda.
      ***
 Hərdən röyalarda Sizi görürəm,
 Gördüyüm yuxudan doya bilmirəm.
 Ruhun həyatıma uğur gətirir,
 Əhvalım şad olur, çox sevinirəm.
 Hər gün cəbhə boyu güllə atılır,
 Əsgərlər adını Şəhid yazdırır.
 Analar ağlayır, göz yaşı tökür,
 Oğullar ataya məzar qazdırır.
 Budurmu bəşərin eşqi, duası?
 Budurmu dünyada insan zəkası?
 Ölən əsgərlərin günahı nədir?
 Budurmu savaşsız ölüm qəzası?
 Oyan nə yatmısan, oyan yenidən,
 İLHAMA ilham ver sevinsin Vətən.
 Bəşəri varlıqsan, yerin görünür,
 Xalqın sevdasını özün bilirsən.
 Nə qədər məzarın soyuq olsa da,
 Gələnə - gedənə hər şey anladar.
 Sağlığında ömrü elə yaşadın,
 Məzarına gülsüz gəlmir insanlar.
       ***
 Ala gözlərinin dərinliyində,
 Bir Vətən sevdası var idi səndə.
 Bu xalqa, millətə bir dövlət qurdun,
 Tanıtdın dünyaya ellər içində.
              VII hissə
   ƏSRİN MÜQAVİLƏSİ
 İmzalandı Əsrin Müqaviləsi,
 Əzəldən bunlara inanırdım mən.
 İnandıra bildin bütün dünyanı,
 Qorudun Vətəni bir imzanla sən.
 Elə qurmusan ki, yarışır Vətən,
 Sağlam rəqabətlə barışır Vətən,
 Cızıb yolarını qoyub getmisən,
 Düşmənlə necə var savaşır Vətən.
 Dünyada yaranan muzeylər ki, var,
 Yoxdur sizinkinə oxşar tablolar.
 Bir insan ömründən qalan əşyalar
 Nə gözəl düzülüb, yoxdur boş divar.
 Olub keçənləri yada salıram,
 Xəyalımdan nələr keçir sayıram.
 Bir dəfə zavodda gördüm yaxından,
 Hələ də o günü xatırlayıram.
 Mən şair deyiləm, sözlər ruhudur,
 Hamı çiçəklərdən çələng qurdurur,
 Sənə Vətən oğlu pay gətirmişəm,
 Sözlərdən düzülən bir çələng budur.
 Şükür, Sizin yolla gedir oğlunuz,
 Nəhayət, sonda da Hacı oldunuz.
 İndi də əl tutur bir çox xalqlara
 Adınla yaranan böyük fondunuz.
 Yüz illər ötəcək, bilsin insanlar,
 Dinimiz, dilimiz, millətimiz var.
 Tarixi yazanlar unutmasınlar,
 Bir dahi şəxsiyyət, sərvətimiz var.
 Haqqa qovuşmağın yoluna baxın,
 Qaşla göz arası duruma baxın,
 Ən çətin yollardan keçdi bu insan,
 Bir insan ömrünün gücünə baxın.
 Ey xalqım! Vərəqlə, keçən anları,
 Azadlıq istəyib boğulanları.
 Xalqın sərkərdəsi yoxdursa əgər,
 Talanar hər zaman dövləti-varı.
 Yeraltı sərvəti varsa torpağın,
 Biləsən yolunu tam çıxarmağın.
 Siyasi şərtlərlə hesablaşmada,
 Tapasan cavabın çox qazanmağın.
 Dünya bazarına addım atanda
 Biləsən kimlər var sənin yanında:
 Kimdir şəriklərin, nədir qazancın,
 Satdığın sərvətin qarşılığında.
 Şəriklər pul qoyur, tələbləri çox,
 Sərvət ölkənindir, imkanımız yox.
 Böyük çətinliklər çıxır ortaya,
 Tərəddüd olsa da, özgə çarə yox.
 Şəriklər düzülüb böyük sırada,
 Əsrin layihəsi tamam ortada.
 Götür-qoy edənlər fikirləşincə
 Baba son təklifin açır masada.
       ***
 Olan çətinliklər bir az səngiyir,
 Şirkətlər babadan qarant istəyir.
 Kənardan baxana çox asan gəlir,
 O, öz nüfuzunu qarant göstərir.
               VIII hissə
        ŞAİR HESABATI
 Bu gün ad günündür, bura gəlmişəm,
 İzdiham çox böyük, çox da möhtəşəm.
 İnsanlar axışır həddən ziyadə,
 Mən bir damla suyam, selə düşmüşəm.
 Heykəlin önündə lal dayanmışam,
 Çoxdur suallarım, donub qalmışam.
 İnana bilmirəm, ey Ulu Öndər,
 Cavabsız qalmışam, yoxsa çaşmışam?!
 Qarşımda ucalan heykəlin ki, var,
 Baş əyib önündə, fikrə dalıram.
 Ayrılıq nə qədər olsa da acı,
 Bir dua oxuyub vidalaşıram.
 Sizə məhəbbətlə yazdığım budur,
 Sözümdən mən sizə pay gətirmişəm.
 Hamı çiçəklərdən çələng gətirir,
 Söz bağımdan milyon say gətirmişəm.
 Bilsəm ki, sözümlə sevgimi duydun,
 Bu mənə bir ömür sevgi olacaq.
 Əbədi günəşsən AZƏRBAYCANA!
 Səninlə bu ölkə yadda qalacaq!
       ***
 Budur şəxsiyyətin gücü, inanın,
 Bunu unutmayın, yadda saxlayın!
 HEYƏR ƏLİYEVİ yaxşı tanıyın,
 Odur qurucusu AZƏRBAYCANIN!
 Epiloq:
 Borc bilib gəlmişəm sizə eşqimi,
 Müstəqil dövlətə olan eşqimi,
 Heykəlin önünə qoyub gedirəm
 Bir gül dəstəsinə dönən eşqimi.
       ***
 Ədalətəm, Sübhanıma duam var,
 Öz Vətənim, öz torpağım, obam var.
 Dalğalanan üçrəngli bayrağımla,
 Müstəqil Vətənim, bir dövlətim var!..
                   Son...
 05.05.2013-cü il
 Ədalət Bədirxanlı
 (Ədalət Əyyub oğlu Bədirxanov)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA