sedanews.az
sedanews.az

Bakıda villalar dəyər-dəyməzinə satışa çıxarıldı - FOTOLAR

16-10-2018, 14:15 2 081 dəfə baxılıb

Bakıda villalar dəyər-dəyməzinə satışa çıxarıldı - FOTOLAR

Tarix: Bu gün, 11:45 | Çap et
Bakıda villalar dəyər-dəyməzinə satışa çıxarıldı
Səbayıl rayonu, 20-ci sahədə sürüşmə zonasına yaxın yerləşən bir çox evin sahibi mənzillərini təcili satışa çıxarıb.

Axar.az xəbər verir ki, son günlər daha da aktivləşən sürüşmə sözügedən ərazilərə yaxın yerdə yaşayan sakinləri təşvişə salıb. Sakinlər bu vəziyyətdən çıxış yolunu evlərini satmaqda görüb.

Əmlak saytlarında son bir neçə gündür Səbayıl rayonu, 20-ci sahədə və Badamdarda satışa çıxarılan evlərin sayı artıb. Şəxsi mülklərin əksəriyyətinin təcili şəkildə satıldığı qeyd edilib.

Paytaxtın demək olar ki, ən bahalı yerlərindən hesab edilən sözügedən ərazidə satışa çıxarılan evlərin qiyməti olduqca aşağı təqdim edilib. Belə anlaşılır ki, sürüşmə təhlükəsinə görə sakinlər evlərini birdəfəlik itirməmək üçün dəyər-dəyməzinə satır.

Satışa çıxarılan evlərin əksəriyyəti villalardır. Milyon manat dəyərində olan bu mülklərin bəziləri istifadədə olub. Görüntüsü ilə göz qamaşdıran bu villaların çoxunun həyətində oyun meydançası, hovuzu da var.

Məsələn, Badamdar qəsəbəsində 3-ci massivdə yerləşən ümumi sahəsi 3 sot, 3 mərtəbədən, 6 otaqdan ibarət 360 kvadratmetrlik villa sürüşmənin aktivləşdiyi gündən 6 gün sonra təcili olaraq 275 000 manata satışa çıxarılıb.

20-ci sahədə 6 sotun içində tikilən 2 mərtəbəli və mansarlı 400 kvadratmetrlik villa da təcili satışa çıxarılan mülklərdəndir. Villa cəmi 450 000 min manata təklif edilir.

Bununla yanaşı, tikintisi yarımçıq qalmış, yenicə bünövrəsi qoyulmuş villalar da var ki, onlar da satışa çıxarılıb. Məsələn, Badamdar qəsəbəsi 3-cü massivdə yerləşən gözəl panoraması olan tikili mülkiyyətçinin qeyd etdiyi kimi dəyərindən yarıbayarı ucuz təqdim edilib. 16 sotun içində tikilən villa 220 000 manatadır.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Ramil Osmanlı bildirib ki, sözügedən ərazidə zamanla baş verən bu cür sürüşmə halları həmin yerlərdə tikilən mülklərin qiymətinə təsir göstərir. Ekspertin fikrincə, mülklərin qiymətində hətta 50 faizə qədər ucuzlaşma qeydə alına bilər:

“Bu, bazar üçün xarakterik bir haldır. Belə ki, artıq həmin ərazinin köçürüləcəyi ilə bağlı informasiyalar var və hətta hökumət səviyyəsində məsələ ilə bağlı rəsmi münasibət bildirilib. Sürüşməyə təsir göstərən qəzalı vəziyyətdə olan və olmayan tikililərin söküləcəyi qeyd olunur. Bu səbəbdən daha çox qeydiyyat sənədləri qaydasında olmayan fərdi yaşayış evlərinin sahibləri kompensasiya ödənilməmə və ya bazar dəyərindən aşağı kompensasiya ödənilməsi ehtimallarını əsas götürüb evlərini satışa çıxarırlar. Hətta artıq bəzi evlərin söküntüsünə də qərar verilib. Rəsmi dairələrdən qanunsuz tikililərə ümumiyyətlə kompensasiya ödənilməyəcəyi ilə bağlı məlumatlar səslənir. Buna görə də həmin ərazidə satış təkliflərinin sayı sürətlə artır”.

Ekspert bildirib ki, sözügedən ərazidə müxtəlif dövrlərdə baş verən sürüşmə halları həmişə qiymətə təsir edib.

Qeyd edək ki, 1 oktyabr tarixindən Bakının sürüşmə zonalarında yenidən aktivlik müşahidə edilməkdədir. Oktyabrın 13-də Səbayel rayonunda, Badamdar-20-ci sahəni birləşdirən yolda (Bayıl şosesi) növbəti dəfə sürüşmə baş verib. Hadisə nəticəsində torpaq kütləsi axaraq, yolun bir hissəsini bağlayıb.

11 evə elektrik enerjisi, su və qazın verilişi dayandırılıb, 8 sakinə evlərini boşaltmaları ilə bağlı xəbərdarlıq edilib. 4 iaşə obyektinin fəaliyyəti dayandırılıb.

Sürüşmə zonasında yerləşən evlərin hasarlarına gips mayaklar vurulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA