sedanews.az
sedanews.az

Heydər Əliyevə Qarabağ təklifi, Brejnevə zəng... – Tarixi hadisə

13-06-2019, 12:52 1 109 dəfə baxılıb

Heydər Əliyevə Qarabağ təklifi, Brejnevə zəng... – Tarixi hadisə



                5 dekabr 1936-cı ildə 8-ci SSRİ Sovetlər qurultayında qəbul edilmiş SSRİ konstitusiyasını dəyişmək ideyası Nikita Xruşovun təşəbbüsü ilə 962-ci ildə Siyasi Büro tərəfindən irəli sürülüb. Məqsəd SSRİ-nin Əsas Qanununda bir sıra dəyişikliklərin edilməsi olub. 
Qeyd edək 1936-cı ildə qəbul edilmiş konstitusiya qeyri-rəsmi “Stalin konstitusiyası” da adlandırılıb. Nikita Xruşov həm də bu addan qurtulmaq üçün konstitusiyanın dəyişilməsinin əsas tərəfdarlarından biri olub.
Beləliklə, 25 aprel 1962-ci ildə SSRİ Ali Sovetində yeni konstitusiyanın layihəsinin hazırlanması üçün konstitusiya komissiyasının yaradılması ilə bağlı qərar qəbul olunub. Komissiyaya Nikita Xruşov rəhbərlik edib.
Xruşovun devrilməsindən sonra konstitusiya komissiyasının sədri Leonid İliç Brejnev olub. Konstitusiya layihəsinin ilk variantı Brejnev tərəfindən ciddi tənqid olunub və layihənin yenidən hazırlanması üçün baş katib tərəfindən göstəriş və tövsiyələr verilib.
Brejnev komissiyanın iclaslarında çox nadir hallarda iştirak edib. Komissiyanın işçi qrupuna rəhbərlik isə Mərkəzi Komitənin katibi Boris Ponomaryova həvalə edilib. Nəhayət, 15 ildən sonra layihə hazır olub.
1977-ci ildə yeni konstitusiya layihəsinin hazırlanmasının son mərhələsində millətçi ermənilər yenidən fəallaşıblar.
Konstitusiyanın dəyişməsi ilə SSRİ daxilində sərhədlərin dəyişilməsinin mümkünlüyünü düşünən ermənilər yenidən Kremlə çoxsaylı məktublar və müraciətlər ünvanlayıblar. Məlum olduğu kimi, konstitusiyanın 87-ci maddəsində Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində olduğu öz əksini tapıb. Məhz ermənilər də bu maddənin dəyişilməsi üçün bütün imkanlarından istifadə etməyə çalışıblar.
Yuxarıda qeyd etdiyimiz kimi, komissiyanın sədri Leonid İliç Brejnev komissiyanın iclaslarında demək olar ki, iştirak etməyib və komissiyanın əsas işini Boris Ponomaryov aparıb. Heydər Əliyev isə komissiyanın Azərbaycan tərəfindən üzvü olub.
Komissiyanın növbəti iclaslarından birində yığıncaqdan əvvəl Ponomaryov Heydər Əliyevə Ermənistandan və Dağlıq Qarabağdan komissiyaya daxil olan çoxsaylı müraciətlər haqqında məlumat verərək bildirib ki, bu məsələni komissiyanın iclasına çıxarmaq lazımdır. Heydər Əliyev buna etirazını bildirəndə Ponomaryov erməniləri dəstəkləyərək məsələnin müzakirəsinin vacibliyini vurğulayıb və açıq-aydın hiss olunub ki, Mərkəzi Komitənin katibi Ponomaryov ermənilərin haqsız və yersiz istəyini gerçəkləşdirməyə can atır. Bu da səbəbsiz olmayıb. Çünki Kremldə Ponomaryovla Ermənistanın birinci katibi Karen Dəmirçyanın dostluq əlaqələri hamıya yaxşı məlum olub. Təbii ki, bu əlaqələrin arxasında hansı maraqların dayandığını da hiss etmək çətin olmayıb. Amma həm Ponomaryov, həm də Dəmirçyan unudublar ki, son söz birincinin, Leonid İliçindir. Ona görə də Heydər Əliyev iclas başlanmazdan əvvəl Brejnevlə görüşmək qərarına gəlib.
Sonralar Heydər Əliyev həmin hadisələr haqqında fikirlərini belə bölüşüb:
“Bir dəfə Moskvaya, komissiyanın iclasına getdim, gördüm xeyli ərizə gəlib ki, Dağlıq Qarabağı Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə vermək lazımdır. Ponomaryov isə dedi ki, bunu komissiyanın müzakirəsinə çıxarmaq vacibdir. Ermənilər ona təsir göstərmişdilər. Elə bu faktın özü ki, bu komissiyanın müzakirəsinə buraxılsın, bilirsinizmi bu nə deməkdir? Hələ komissiyanın iclasından bir gün qabaq mən buna nə qədər etiraz elədim, gördüm yox... Brejnevin yanına getdim. Ona dedim ki, bu nədir, belə şey ola bilməz! O, telefonu götürüb Ponomaryova zəng elədi ki, çıxar onu...”
Beləliklə, ermənilərə dəstək verən Ponomaryov istəyinə nail ola bilməyib, 7 oktyabr 1977-ci il tarixində SSRİ Ali Soveti tərəfindən qəbul edilmiş SSRİ-nin Əsas Qanununda Dağlıq Qarabağ Muxtar Vilayəti ilə bağlı heç bir dəyişiklik olmayıb və ermənilərin Dağlıq Qarabağa sahib olmaq cəhdi növbəti dəfə uğursuzluqla nəticələnib...






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA