sedanews.az
sedanews.az

Dövlət də var, millət də var, ancaq onun...

26-09-2019, 16:05 673 dəfə baxılıb

Dövlət də var, millət də var, ancaq onun...



 

Biz növbəti dəfə Qarabağ danışıqlarında suyu süzülmüş, yıpradılmış və təhqir olunmuş vəziyyətə salındıq. Nyu-York görüşündən əvvəl qeyd etmişdik ki, Azərbaycan bu görüşə heç bir üstün durumda getmir, əksinə, düşmənin son vaxtlar istər cəbhədə, istər diplomatik gedişlərdə uğurları daha çoxdur və bu səbəbdən görüşdən imtina etməklə düşməni gərginliyə salmaq olar. Başqa variantlar da istisna deyildi. Görüşdə sərt bəyanat verib, nümayişkəranə şəkildə məclisi tərk etmək də olardı. O zaman, İqor Popov, Stefan Viskonti, Endryu Şofer, Ancey Kaspırşik  və ən əsası Mnatsakanyan gərginlik yaşayacaqdı və bu gərginliyin səviyyəsini son vaxtlar uğursuzluq xəttindən heç cür çıxa bilməyən Müdafiə Nazirliyi konkret əməliyyatlarla artıra bilərdi. Olmadı və bu gedişlə heç nə olası da deyil. Növbəti dəfə əlimizə belə bir bəyanat verdilər: ”Həmsədrlər və nazirlər gərginliyi azaltmaq və barışa şərait yaradan və əsaslı danışıqlara şərait yaradan əlavə tədbirlər müzakirə etməyə davam etdilər. Həmsədrlər tərəfləri danışıqların nəticələrini pozan və ya müəyyənləşdirən ritorikadan istifadəni minimuma endirməyə çağırdılar”. Niyə Məmmədyarov əks bəyanatla çıxış etmədi ki,  “tərəflər”yox, tərəf, çünki ritorikanı Paşinyan və qarşınızdakı Mnatsakanyan və erməni müdafiə naziri Tonoyan edir. Azərbaycan isə heç bir ritorikadan istifadə etmir, adekvat səlahiyyət sahibləri cavab vermək əvəzinə, bir fağır xanıma-Leyla Abdullayevaya tapşırılır ki, bütün səlahiyyətli “kişilərin” adından Ermənistan rəhbərliyinə sən cavab ver. Ayıbdı vallah.
 
Paşinyan və komandası bu qədər saymazyana şəkildə bəyanatlar verməkdə nəsə bilirlər. Hörmətli Nəsimi Məmmədli qeyd etdiyi kimi, “Paşinyan ya reallıq hissini itirib, ya da reallığı daha yaxşı bilir”. İkinci nəticə daha məntiqli görünür. Paşinyan görür ki, nə qədər sərt danışdıqca Azərbaycan bir az da susur, geri çəkilir, ona görə də deyir ki, “siyasətimiz müharibənin nəticələrini qorumaqdır”, yəni nəinki Dağlıq Qarabağ, bütün işğal olunan torpaqlar uğrunda siyasəti davam etdiririk. 

Bəxtiyar Vahabzadənin məşhur “Latın dili” şeiri yadıma düşdü:
“Sən dərdə bax,
Vətən də var,
Millət də var.
Ancaq onun dili yoxdur”.
 
Düzdür, böyük şair bu şeiri ana dilinin o vaxtkı durumu (heç indiki durumu da ürəkaçan deyil) haqqında narahatlıqları ilə bağlı idi, amma Qarabağ münaqişəsi ilə əlaqədar aparılan bu mənasız danışıqlara, ümumiyyətlə ölkənin vəziyyətinə baxanda şeirin bu hissəsini bir az başqa cür ifadə etmək olar ki, dövlət də var, millət də var, ancaq onun,....yoxdur. Azərbaycan elə vəziyyətə salınıb ki, bu nöqtələrin yerinə yüzlərlə söz yazmaq olar. Bizdə çatışmayanlar, olmayanlar, yoxdur deyilənlər o qədər çoxdur ki, çətinlik çəkmədən nöqtələrin yerini doldurmaq mümkündür. Məsələn, “cürəti”, “vətənpərvərliyi”, “torpaq sevgisi”, “dövlətçilik hissi”, “lideri”, “başçısı”, “ziyalısı”,”sərkərdəsi” və sairə yazmaq olar. Çox ağırdır bunları yazmaq. Axı, bunlar hamısı olub ki, dövlət, millət, vətən mövcud olub. İndi, bu vətəni yaşatamağa borclu olanlar niyə vəzifələrini yerinə yetirmirlər?
 
Bu yaxınlarda bir mənasız toplantı keçirildi, adı da  “Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” idi. “Siyasi proseslərə müdaxilə” birbaşa vətən torpağının işğalı ilə nətcələnən müdaxilədən bu qədərmi dəyərli oldu ki, on illərdir siyasi partiyaları Qarabağ işğalına qarşı birgə mübarizəyə yox, məhz hakimiyyət məsələsinə “müdaxiləyə” qarşı bir yerə topladınız? Deməli, bu müzakirəni təşkil edənləri vətənə xarici müdaxilə yox, siyasi proseslərə müdaxilə maraqlandırır. Bu reallıqdır və indiyədək də siyasət bu istiqamətdə köklənib, vətəni azad etmək uğruna istiqamətlənməyib. Səbəbləri isə məlumdur. ”Mən salim olum”, Qarabağı Paşinyan idarə edirsə, qoy etsin.
Və çox təəssüf ki, susqunluğu, işğalla dolayısı yolla barışmaq əhval-ruhiyyəsini yalnız səlahiyyət sahiblərinə, rəsmilərə aid etmək mümkün deyil, cəmiyyətin böyük bir hissəsinə, o cümlədən siyasi müxalifətə, ictimai şəxslərə, adı olub özü olmayan “ziyalılara”, ictimai fəallara da şamil etmək lazımdır.
 
Göründüyü kimi onsuz da ağır olan vəziyyət getdikcə pisləşir, daha da ağırlaşır. Səbəblər müxtəlif ola bilər. Təzyiq vasitəmiz olan ordunun  durumu haqqında sonadək bilgilərimiz yoxdur. Bəlkə də reallıq başqadır və onu bilənlərin çəkingən hərəkətlərində bir həqiqət pərdəsi də var və biz onu görmürük. Belə olan halda yazılar yazmaqla, təhlillər aparmaqla heç nəyə təsir etməyin mümkünsüzlüyünü bu illər sübut edib. Ağıllı və düzgün yolu müəyyənləşdirmək üçün həqiqi vətən sevənlərin, yenə də hörmətli Nəsimi Məmmədlinin dediyi kimi “ölkənin fəal kəsiminin Qarabağ naminə qapalı müzakirələrinə ciddi zərurət yaranıb”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA