sedanews.az
sedanews.az

Prezidentin aktiv müdaxilə səbəbi: məmurlara mesaj...

7-03-2019, 13:45 1 427 dəfə baxılıb

Prezidentin aktiv müdaxilə səbəbi: məmurlara mesaj...

        
                            

            12 Punto            14 Punto            16 Punto            18 Punto        
                    Prezidentin əhalinin rifah halının yüksəldilməsi məqsədilə imzaladığı çoxsaylı fərman və sərəncamlarla bağlı analitik Elçin Mirzəbəylinin Axar.az-a müsahibəsini təqdim edirik: 
- Prezident son 2 ayda indiyə qədər apardığı islahatları daha da dərinləşdirdi. Sizcə, prosesin bu qədər sürətlə genişlənməsi nə ilə əlaqədardır?
- Əslində, bunlar birdən-birə ortaya çıxan qərarlar deyil və bunun belə qiymətləndirilməsi də tamamilə yanlış olardı. Bildiyimiz kimi, Azərbaycanda müxtəlif istiqamətlərdə islahat paketləri artıq uzun illərdir ki, hazırlanıb, yol xəritələri var. Yol xəritələri bilavasitə cənab Prezidentin fikir və ideyaları əsasında formalaşıb. Bütün bu islahat paketləri hazır olandan sonra Azərbaycan Prezidenti artıq onların həyata keçirilməsi istiqamətində müvafiq addımlar atır. Xatırlayırsınızsa, cənab Prezidentin dövlət idarəçiliyinin daha çevik bir hala gətirilməsi ilə bağlı fikirləri olmuşdu. Məhz o zaman Prezident Azərbaycanda islahatların daha da genişləndiriləcəyi ilə bağlı anons vermişdi. Bu, bütövlükdə cəmiyyətin şəffaflaşdırılması prosesinin tərkib hissəsidir. Söhbət təkcə dövlət və digər qurumların fəaliyyətini şəffaflaşdırmaqdan getmir. Eyni zamanda məqsəd cəmiyyətin açıq və şəffaf cəmiyyətə çevrilməsi və münasibətlərin də məhz bu istiqamətdə qurulmasıdır. Bir çox istiqamətlərdə biz artıq proseslərə daha çevik reaksiyanın verilməsinin şahidi oluruq. Bu çevik reaksiyanı əsaslandıran amillər Azərbaycan Prezidentinin daha öncə də qeyd etdiyi - dövlət idarəçilik mexanizmlərini müasir dövrün standartlarına uyğunlaşdırmaqla bağlı fikirləridir. Bu gün KİV-lər, sosial şəbəkələr cəmiyyətin əhval-ruhiyyəsini daha açıq və qabarıq şəkildə ortaya qoyur. Əvvəllər ayrı-ayrı sosial təbəqələr arasında sorğuların keçirilməsinə ehtiyac vardı, bu mexanizmlər ayrı-ayrı dövlət qurumlarının vasitəsi ilə həyata keçirilirdisə, artıq bu mexanizmlər ictimailəşib. İndi ictimai mexanizmlər ortadadır. Təbii ki, bütün bunlar da dövlət başçısının diqqət mərkəzindədir. Hər hansısa hadisə baş verən kimi artıq ona birbaşa çevik reaksiya verilir və problemlərin həlli istiqamətində də müvafiq addımlar atılır.
- Prezidentin proseslərə aktiv müdaxiləsini, hər şeylə artıq birbaşa özünün maraqlanmasını zəruri edən səbəb nədir?
- Bir məqamı unutmayın ki, Prezident sadəcə icra hakimiyyətinin başçısı deyil, eyni zamanda liderdir, nümunədir. O öz davranışları ilə də dövlət strukturlarına, məmurlara mesaj verir. Əslində bütün dünyada islahatların aparılmasının bu günə qədər təsdiq olunan 2 nümunəsi var. Onun birincisi yuxarıdan aparılan islahatlardır. Azərbaycanda da bu islahatlar aparılır. Yuxarıdan həyata keçirilən islahatlar daha ağrısız ötüşür və idarəolunan islahatlardır. Bu islahatlar spontan baş vermir və bütün fors-major hallar nəzərə alınır. Cəmiyyətdə narazılıq yaradan problemlər öncədən sığortalanır. Azərbaycan Prezidenti bu gün əhalinin sosial problemlərinin həlli ilə bağlı olduqca ciddi addımlar atır. Bu prosesdə islahatlar paketinin özünün sığortalanmasıdır ki, cəmiyyət bundan əziyyət çəkməsin. Yuxarıdan aparılan islahatların digər üstünlüyü də ondan ibarətdir ki, bu zaman nümunələr ortaya qoyulmalıdır. Yəni digər məmurlar, dövlət qulluqçuları da bu addımları atmaqdan çəkinməsinlər. Bunun yeni dövrün tələbi olduğunu, Azərbaycan dövlətinin, dövlət başçısının iradəsindən irəli gəldiyini anlasın və cənab Prezidentin davranışlarını özünə nümunə götürsünlər. Bu, ölkəmizdə aparılan islahatların fəlsəfəsidir və bütün dünyada qəbul olunmuş prosesdir.
İkinci isə aşağıdan aparılan islahatlardır. Bu, Azərbaycan tərəfindən qəbul edilməyən və cəmiyyəti bütövlükdə qarşıdurmaya çəkən vasitədir. Biz dünyada baş verən proseslərdə bunun hansı nəticələrə gətirib çıxardığını görmüşük və buna uyğun da ortaya davranış qoyulub. Azərbaycanın seçdiyi yol innovativ, tədrici inkişaf yoludur, islahatlar vasitəsi ilə dövlət institutlarının müasirləşməsi, modernləşdirilməsi, bu günün tələblərinə cavab verməsidir.
- Bu sürətli islahatlar Prezidentin komandasında növbəti dəyişikliyə səbəb ola bilərmi?
- Prezident proseslərin idarə edilməsi istiqamətində müvafiq dövlət strukturlarını prosesə tamamilə hazırlayıb. Qənaətimə görə, cənab Prezident daha öncə də kadr islahatlarının aparılması prosesinin Azərbaycanda aparılan kompleks islahatların tərkib hissəsi olduğunu qeyd etmişdi. Bu gün həyata keçirilən tədbirlər də aparılan kadr islahatlarının nəticəsidir. Kadr islahatları nəticəsində o insanlar yeni strukturlara gətirilir ki, onlar bugünkü çağırışlara, dünyada baş verən proseslərə daha çevik reaksiya verməyi bacarır. Digər tərəfdən, dövlət elə bir mexanizmdir ki, orada təkcə sürətli, dinamik, çevik hərəkət tələb olunmur. Eyni zamanda bəzi hallarda mühafizəkarlıq və dövlətin mənafelərini qorumaq üçün daha səbirli və dözümlü davranmaq lazım gəlir. Düşünürəm ki, Azərbaycan dövlətinin idarəçilik strukturunda da kadrların yerləşdirilməsi məhz bu prinsiplərə əsasən həyata keçirilir. Bütün prosesin irəliyə doğru necə aparılmasını hər kəsdən yaxşı Prezident bilir və bu istiqamətdə də fəaliyyətin şahidi oluruq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA