sedanews.az
sedanews.az

Qarabağ münaqişəsinin açarı kimdədir? - Moskvadan İrəvana sərt ultimatum

5-11-2018, 11:33 1 330 dəfə baxılıb

Qarabağ münaqişəsinin açarı kimdədir? - Moskvadan İrəvana sərt ultimatum

               
            
"Danışıqlar prosesinə Dağlıq Qarabağ ermənilərinin də tərəf qismində cəlb olunması barədə Nikol Paşinyanın bəyanatını artıq şərh etmişik. Bu, münaqişə tərəflərinin həll etməsinin gərək olduğu məsələdir. Bir zamanlar Dağlıq Qarabağın nümayəndələri danışıqlarda iştirak ediblər. Lakin format dəyişib və artıq illərdir ki, danışıqlar yalnız Azərbaycanla Ermənistan arasında aparılır. Təbii, biz nəzərə alırıq ki, danışıqlar prosesində Ermənistan tərəfi qarabağlı ermənilərin mövqeyini nəzərə alır. Danışıqlar formatının dəyişməsi hər iki tərəfin razılığını tələb edir. Belə razılıq isə hazırda yoxdur".
Rusiyanın XİN başçısı Sergey Lavrov ATƏT-in baş katibi Tomas Qremingerlə birgə mətbuat konfransında belə dedi.
Yəni, rəsmi Moskva Ermənistana üstüörtülü və hələlik diplomatik qaydada konkret cavab verib: "Dağlıq Qarabağ erməniləri danışıqlarda tərəf olmayacaq".

Bu isə Ermənistanın baş nazir səlahiyyətlərini icra edən, əslində ölkənin faktiki olaraq hökumət və dövlət başçıları funksiyalarını əlində cəmləmiş Nikol Paşinyana sərt messicdir.
N.Naşinyan son üç həftədə dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönəlmiş danışıqlarda qarabağlı ermənilər mütləq (!) tərəf olmalı, onların mövqeləri nəzərə alınmalıdır.
Əvvəlcə BMT-nin Baş Assambleyasının tribunasında, sonra İrəvanda səfərdə olmuş ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonla danışıqlardan sonra Paşinyan "Ermənistan və Dağlıq Qarabağ tandemi" ilə bağlı sürəkli bəyanatlarla çıxış edib.
Ermənistan mediası, xüsusilə də Nikol Paşinyanı hakimiyyətə gətirən və indi də onu kontrolda saxlamağa cəhd göstərən qüvvələrin nəzarətindəki media iddia edir ki, ATƏT-in Minsk Qrupunun çərçivəsində aparılan danışıqlarda ciddi irəliləyişlər var.
Üstəlik, qarabağlı ermənilərin bu prosesə cəlb olunması "ətalətin müşahidə olunduğu məsələlərə yeni impuls verə biləcək qərar" təki təqdim olunur.
Halbuki, belə variantı rəsmi Bakı birdəfəlik rədd edib. Danışıqlar prosesinin mahiyyətinə gəldikdə isə, Nikol Paşinyana müşavirləri və xüsusilə də "küçə etirazları" sayəsində onu hakimiyyətə gətirənlər hələ də başa salmayıblar, yaxud da anlada bilməyiblər ki, ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlarla yanaşı, regionda baş verən geosiyasi proseslərdə dominion rolunu Azərbaycan oynayır.
Paşinyan istədiyi qədər irreal bəyanatlarla çıxış edərək vəziyyəti absurd həddinə çatdıra bilər - amma onun açıqlamaları heç nəyi dəyişən və ya konyuktura nəyisə əlavə edən deyil.
Ən azı ona görə ki, Minsk Qrupunun həmsədrləri ilə bahəm, ABŞ və Avropa Birliyinin nüfuzlu, hadisələrin gedişatına təsir rıçaqlarına malik olan nümayəndələrinin bölgəyə səfərlərinin intensivliyinin artması Azərbaycanın mövqelərinin səbatlaşdığını, Ermənistanın isə bölgənin ən passiv, təcriddə çabalayan ölkə statusundan zərrə qədər uzaqlaşmadığını göstərir.

Belədə Nikol Paşinyanın demarşları ən yaxşı halda çıxış yolu arayan şəxsin vurnuxmaları qismində qəbul oluna bilər.
Paşinyan radikal açıqlamalarının sayını bundan sonra da artıra bilər, amma reallıq tamamən başqa mənzərini göz önünə qoyur.
Aqressiv, sərt və "qorxmaz" təsir bağışlayan Ermənistan, əslində, hakim isteblişmentin təlaşa düşərək "Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönəlmiş danışıqlarda qarşılıqlı etimad mühii formalaşmalı, güc tətbiqindən əl çəkilməlidir" bəyanatlarını sıralayaraq Bakının mövqelərinin möhkəmləndiyini sövqi-təbii olaraq əyan edirlər.
Ona görə də Paşinyanın "Dağlıq Qarabağ ermənilərinin nümayəndələri"nə apelyasiya etməsi, sonra da Ermənistan isteblişmentindəki ikinci, üçüncü və dördüncü dərəcəli adamların Bakıya "hədə" ismarıcları ünvanlamaları komik təsir bağışlayır.
Hər şey sadədir. Azərbaycan illər əvvəl Ermənistana anladıb ki, danışıqlar prosesində qarabağlı ermənilərin iştirakına əsla yol verməyəcək. Eyni zamanda, ötən illər ərzində situasiya Bakının xeyrinə sürətlə və əhəmiyyətli şəkildə dəyişdiyindən Nikol Paşinyan vəziyyətə müdaxilə ilə bağlı hipotetik imkanlara belə, malik deyil.
Bunu ATƏT-in Minsk Qrupunun həmsədrləri də bilirlər və ona görə də Paşinyanın "format dəyişikliyi" ilə bağlı bəyanatlarını müfəssəl şərh etmir, diplomatik açıqlamalarla kifayətlənirlər.
Onlar danışıqlar prosesinin iştirakçılarının sayının artımını da arzuolunmaz sayırlar.
Bütün bunları nəzərə alsaq, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun şərhi İrəvanda "soyuq duş" effekti yaradıb.
Çünki Lavrov üstüörtülü şəkildə olsa da, birmənalı olaraq deyib: Dağlıq Qarabağ münaqişəsinin dinc yolla çözülməsinə yönəlmiş danışıqlarda qarabağlı erməniləri İrəvan təmsil edir. Yəni Nikol Paşinyanın bəyanatlarını Rusiya mənasız sofistika, prosesə real təhlükələr yarada biləcək gəvəzəlik sayır.

Nikol Paşinyanın "danışıqlarda Dağlıq Qarabağ ermənilərini təmsil etməyim üçün mandatım, səlahiyyəti və hüquqlarım yoxdur" sözləri isə çox bəsit demaqogiyadır.
Oğlu Aşotu hərbi xidmət keçmək üçün Ermənistan ordusunun Dağlıq Qarabağdakı hərbi hissələrindən birinə yollamış Nikol Paşinyan bununla birmənalı olaraq bütün dünyaya göstərdi: Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər əraziləri bütünlüklə Ermənistanın nəzarətindədir, Xankəndidəki separatçı rejim də ən yaxşı halda İrəvan üçün Ermənistanın hansısa vilayət administrasiyası statusundadır.
Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı digər bəyanatı da maraqlıdır.
Rusiyanın XİN başçısı deyib: "Ermənistanda çox gərgin daxili siyasi proseslər başa çatmayınca Dağlıq Qarabağ münaqişəsinin tammiqyaslı nizamlanması və böhrandan çıxışla bağlı variantların reallaşdırılması, çətin ki, mümkün olsun".
Lavrov bu sözləri ilə, əslində, Nikol Paşinyanın nəzərinə çatdırır ki, onun mövqeyi, bəyanatları və başlıcası, Qərbə meylli olması danışıqlarda Ermənistan üçün maneəyə, geosiyasi səddə çevrilib.
Vyana və Sankt-Peterburq anlaşmalarının hələ də tam yerinə yetirilməməsinin səbəbkarı qismində də Moskva məhz İrəvanı görür.

...Rəsmi Moskva Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son bəyanatlarını mənasız, hətta təhlükəli hesab edir və həm də belə şərtlərdə danışıqlar prosesində fəallaşmanı mümkünsüz sayır.
Lavrovun sözləri həm də ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun "Qarabağ problemi ilə bağlı vəziyyətdə fəallaşma ola bilər" açıqlamasına cavabdır.
Moskva yetərincə konkret şəkildə İrəvanla Vaşinqtonun nəzərinə çatdırır ki, nizamlanma prosesində ən ağırçəkili "oyunçu" məhz odur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA