Sizin reklam burada728x90
Son dəqiqə:
» » Vətən sənə oğul dedi-Şəhid Ülvi Müseyibli

Vətən sənə oğul dedi-Şəhid Ülvi Müseyibli

05.11.2026, 12:33 Gündəm Çap et
   



  Vətən torpağı uğrunda canından keçən Ülvi Müseyibli – Şəhidlik zirvəsinə ucalan qəhrəman
5 noyabr – Vətən müharibəsi şəhidi Ülvi Müseyiblinin anım günüdür.

  Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə adını qızıl hərflərlə yazdıran igid oğullarımızdan biri də Ülvi Şakir oğlu Müseyiblidir. Vətən torpağının azadlığı, xalqımızın ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan Ülvi Müseyibli ömrünün ən gözəl çağında şəhidlik zirvəsinə ucalaraq əbədiyaşarlıq qazandı.
  Ülvi Şakir oğlu Müseyibli 27 noyabr 1991-ci ildə İsmayıllı rayonunun Xəlilli kəndində anadan olub. Uşaqlıq və gənclik illəri doğma kəndində keçən Ülvi Vətənə bağlılığı, mərdliyi və cəsarəti ilə seçilib.
  O, ailəli deyildi. Valideynləri onun ailə qurmasını, xoşbəxt həyat yaşamasını arzulayırdılar. Lakin Ülvinin arzusu Vətən torpaqlarının işğaldan azad olunmasını görmək idi. O, ailə həyatı qurmaq barədə düşüncəsini torpaqlarımızın azadlığı ilə əlaqələndirir, Vətənin bütövlüyünü hər şeydən üstün tuturdu.
   2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun başladığı Vətən müharibəsində Ülvi Müseyibli də döyüşlərə qatılıb.
  Azərbaycan Ordusunun əsgəri kimi Füzuli və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edən Ülvi düşmənə qarşı mübarizədə əsl igidlik və vətənpərvərlik nümunəsi göstərib.
  Azərbaycan torpaqlarının azadlığı uğrunda aparılan döyüşlərdə sona qədər mübarizə aparan Ülvi Müseyibli 2020-ci il noyabrın 5-də Xocavənd istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
  O, cəmi 28 yaşında həyatını Vətənə qurban verdi. Lakin onun qısa ömrü xalqımızın yaddaşında silinməz iz qoydu.
  Şəhid Ülvi Müseyibli doğulub boya-başa çatdığı İsmayıllı rayonunun Xəlilli kənd qəbiristanlığında torpağa tapşırılıb. Bu gün onun məzarı doğmalarının, kənd sakinlərinin və Vətən uğrunda canından keçən qəhrəmanlara ehtiram göstərən insanların ziyarət yeridir.
  Ülvi Müseyiblinin döyüşlərdə göstərdiyi şücaət və qəhrəmanlıq Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə o, ölümündən sonra aşağıdakı medallarla təltif edilib:
 "Vətən uğrunda" medalı; "Döyüşdə fərqlənməyə görə" medalı; "Xocavəndin azad olunmasına görə" medalı;- "Füzulinin azad olunmasına görə" medalı
  Bu təltiflər onun Vətən qarşısındakı xidmətlərinin və döyüş meydanında göstərdiyi igidliyin dövlət səviyyəsində təsdiqidir.
  Ülvi Müseyibli kimi qəhrəmanlarımızın həyat yolu gələcək nəsillər üçün əsl vətənpərvərlik məktəbidir. Onlar bizə Vətənin yalnız yaşadığımız torpaq deyil, həm də qorunması və gələcək nəsillərə bütöv şəkildə ötürülməsi üçün məsuliyyət daşıdığımız müqəddəs dəyər olduğunu göstərdilər.
Bu gün Ülvi Müseyiblinin anım günündə onun əziz xatirəsini ehtiramla yad edir, ailəsinə, doğmalarına və bütün şəhid ailələrinə dərin hüznlə başsağlığı veririk.
  Vətən sağ olsun deyərək canından keçən qəhrəmanımızın ruhu qarşısında baş əyirik!

 Allah bütün şəhidlərimizə rəhmət eləsin!
    Arzu Tofiqqızı