sedanews.az
sedanews.az

Azərbaycan tarixində bir ilk: Ölkənin hava məkanı...

27-12-2019, 13:29 808 dəfə baxılıb

Azərbaycan tarixində bir ilk: Ölkənin hava məkanı...



                Azərbaycan mülki aviasiyasının tarixində ilk dəfə beşinci və yeddinci qrup “hava azadlığı” ölkənin bütün beynəlxalq hava limanlarında heç bir maneə olmadan tətbiq olunacaq.
Azərbaycan Hava Yolları QSC-nin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, 2020-ci ilin yanvarın 1-dən etibarən sözügedən “hava azadlığı” qrupları Azərbaycanın hava limanlarından Avropa, Şimali Amerika, Avstraliya və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə uçuşlar həyata keçirməyə imkan verəcək.
“Hava azadlığı” qrupu hər hansı bir ölkəyə məxsus aviaşirkətin təyyarələrinin digər dövlətin hava məkanında fəaliyyətini tənzimləyən qaydalar toplusudur. Azadlıq dərəcəsi nə qədər yüksək olarsa, xarici aviaşirkətə məxsus təyyarənin də Azərbaycanın hava məkanında daha çox hərəkət etməsinə icazə verilir.
Beləliklə, beşinci qrup “hava azadlığı” xarici aviaşirkətlərə öz hava limanlarından digər şəhərlərə uçuş həyata keçirərkən sərnişinlərin təyyarəyə minməsi və yaxud düşməsi məqsədilə Bakıda (və digər hava limanlarında) eniş etmək icazəsi verir. Misal üçün, beşinci qrup “hava azadlığı” çərçivəsində Avropa aviadaşıyıcıları Bakıda (və yaxud ölkənin digər hava limanlarında) dayanmaqla Paris-Tokio reysini yerinə yetirə biləcəklər. Yaxud Yaponiyaya məxsus aviaşirkətlər Avropa İttifaqı ölkələrinə uçarkən Azərbaycanın beynəlxalq hava limanlarından birinə eniş edə bilərlər.
Yeddinci qrup “hava azadlığı” isə aviaşirkətə öz baza aeroportunda eniş etmədən Azərbaycan və xarici ölkələr arasında uçuş həyata keçirməyə icazə verir. Misal üçün, Avropa aviaşirkəti Dubaydan Azərbaycana gələ və daha sonra öz ölkəsində eniş etmədən ABŞ-ın hər hansı bir şəhərinə uçuş həyata keçirə bilər.
Hər iki halda aviaşirkətlər bütün istiqamətlər üzrə, o cümlədən Azərbaycanın ərazisində azad kommersiya fəaliyyəti həyata keçirəcəklər.
Qeyd edək ki, əvvəllər Azərbaycana belə uçuşlar həyata keçirmək üçün icazə aviaşirkətlərə fərdi olaraq təqdim edilirdi.
Yeni şərtlərə əsasən, Azərbaycana və daha sonra digər ölkələrə uçuş həyata keçirmək istəyən bütün xarici aviaşirkətlər milli aviadaşıyıcı ilə eyni hüquqlara sahib olacaqlar.
1 yanvar 2020-ci il tarixindən etibarən Avropa, Şimali Amerika, Avstraliya və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə reyslər həyata keçirmək istəyən bütün aviaşirkətlər bu üstünlüyə sahib olacaq. Sözügedən ölkələrin aviasiya orqanlarına müvafiq bildiriş göndəriləcək.
Heç bir maneə olmadan aviadaşıyıcılar Bakıdan Fransa, İtaliya, Almaniya, Avstriya, İspaniya, Yunanıstan, Çexiya, Belçika, Hollandiya, Danimarka, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, Finlandiya, İsveçrə, İsveç, Estoniya, İrlandiya, İslandiya, Latviya, Litva, Lüksemburq, Makedoniya, Malta, Bolqarıstan, Gürcüstan, ABŞ, Yaponiya, Vyetnam, İndoneziya, Kamboca, Myanma, Banqladeş, Cənubi Koreya, Malayziya və Avstraliya kimi ölkələrə sərnişin daşıya biləcək. Gələcəkdə ölkələrin sayı artırıla bilər.
Üstəlik, Azərbaycana uçuşlar yerinə yetirməyə başlamaq istəyən istənilən yeni aviaşirkət ölkənin hava limanlarının xidmətlərinə 100% endirim əldə edəcək. Əməliyyatın ikinci ilində endirim 70%, üçüncü ilində 50%, dördüncü ilində isə 30% təşkil edəcək. Uçuşların sayının və sərnişin axınının artması şərtilə endirimlərin səviyyəsi və tətbiqi müddətinin uzadılması nəzərdə tutulub. Aviaşirkətlər daha ətraflı məlumatı hava limanının rəsmi saytında əldə edə bilərlər: airport.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA