sedanews.az
sedanews.az

Nazir müavini: "Meşələr insanların istirahəti üçün açıqdır"

24-07-2019, 15:47 786 dəfə baxılıb

Nazir müavini: "Meşələr insanların istirahəti üçün açıqdır"



 
Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyev Report-a müsahibəsi:
- Son günlər dünyada meşə yanğınlarının tüğyan etdiyi bir zamanda Azərbaycanda bu cür meşə yanğınları qeydə alınıbmı və meşələrin yanğından qorunması üçün nə kimi qabaqlayıcı tədbirlər görülür? Havaların isti və küləkli keçməsi, həmçinin taxıl biçini mövsümünün başlanması ilə əlaqədar ölkədə də meşə yanğınları təhlükəsi artıb. Lakin bildiyimizə görə meşə yanğınlarında insan faktoru daha çoxdur.
- Düz deyirsiniz. Sizinlə tam razıyam. Hər il dünyanın müxtəlif bölgələrində baş verən meşə yanğınları minlərlə hektar meşə sahələrinin məhvi və insan itkisi ilə nəticələnir. Şükürlər olsun ki, bizdə bu cür yanğınlar baş verməyib. Lakin Azərbaycan da digər dövlətlər kimi meşə yanğınlarından sığortalanmayıb. İndiyədək meşə sahələrində baş vermiş yanğın hadisələrinin 98 faizi insan amilinin təsirindən, yəni istirahətə gələnlərin, mal-qara otaranların ehtiyatsızlığından, biçin sahələrinə od vurulması və digər səbəblərdən baş verir. Təəssüf ki, bizdə də fermerlərin biçənəkləri, kövşənləri yandırması halları hələ də davam edir. Bu mövsümdə biçənəklərin yandırılması səbəbindən bir neçə dəfə yanğın baş versə də görülmüş qabaqlayıcı tədbirlər nəticəsində yanğınların meşə ərazilərinə keçməsinin qarşısı alınıb. Bu günlərdə Qax rayonunda Xırsa və Ağyazı kəndləri ərazisində kövşən və biçənəklərin yandırılması səbəbindən baş vermiş yanğın nazirliyin əməkdaşlarının, yerli sakinlərin və yanğınsöndürənlərin əziyyəti, zəhməti hesabına meşə ərazisinə keçmədi. Əgər belə fədakarlıq göstərilməsəydi yanğın meşə sahəsinə keçə bilərdi və təbiətə böyük ziyan dəyərdi.

- Qabaqlayıcı tədbirlər deyəndə, nəyi nəzərdə tutursunuz və yanğınların baş verməməsi üçün hansı üsullardan istifadə olunur?
- İlk növbədə çəkilən mineral zolaqlar, quraşdırılan kameralar, giriş-çıxışın intensiv olduğu yerlərdə qoyulan şlaqbaumlar, zəruri olan sahələrdə aparılan çəpərləmələr yanğın ehtimalını aradan qaldırmağa kömək edir. Həm əhali, həm də meşə işçiləri ərazilərin xeyli hissəsinin daimi nəzarətdə olduğunu bildiyindən qaydalara əməl etməyə məcbur qalır.

- Ola bilərmi ki, meşə yanğınlarına bir səbəb də elə meşə işçilərinin özü olub?
- Tam sübuta yetirilməsə də, əvvəllər belə şübhələr var idi. Onu deyim ki, təkcə meşə işçisi deyil, meşədən özbaşına ağac kəsən də əməlini ört-basdır etmək üçün bunu edə bilər. Elə bunun üçün də kameraların quraşdırılmasına, bəzi sahələrdə giriş-çıxışın məhdudlaşdırılmasına önəm verdik. Məhz quraşdırılan kameralar hesabına bu gün biz meşədə baş verənlərə nəzarət edə bilirik. Əhali də, meşə işçisi də əraziyə daim nəzarət edildiyini bilir və qaydalara əməl etməyə məcbur qalır... Meşə ərazisinin bəzi sahələrinin çəpərlənməsi, yanğın təhlükəsizliyinə əməl olunmasına çağıran təbliğat xarakterli lövhələrin qoyulması da görülən tədbirlər sırasındadır və bu tədbirlərin nəticəsidir ki, bu gün meşələrdə yanğın halları qeydə alınmayıb.

Onu da qeyd edim ki, meşə sahələrinin bəzi hissəsinin çəpərlənməsi meşələrin yanğından mühafizəsinə, nəzarətsiz mal-qara otarılmasının qarşısının alınmasına və təbii meşəbərpaya, eyni zamanda meşələrə kənar təsirlərin və neqativ halların qarşısının alınmasına hesablanıb.

- Amma bəziləri bunu birmənalı qarşılamır...
- Necə yəni?
- Yəni hesab edirlər ki, insanların meşəyə istirahət üçün daxil olmasına imkan verilmir...
- Yox, qətiyyən belə deyil. Meşə əhali üçün açıqdır, insanların istirahəti üçün açıqdır. Meşələrin bəzi ərazilərinin, yəni zəruri olan sahələrin təbii çəpərlənməsi dünya təcrübəsində də mövcuddur. Ola bilsin ki, biz əhalini bununla bağlı kifayət qədər məlumatlandıra bilməmişik. Yəqin ki, siz də şahidi olmusunuz ki, meşəyə istirahətə gələnlər harada gəldi tonqal qalayır, meşə ərazisini zibilləyir, hətta meşədə azırlar. Bütün bu hallar baş verməsin deyə tərəfimizdən piknik üçün xüsusi ərazilər ayrılıb, marşrut cığırları müəyyən olunub, çəpərlənmə işləri aparılıb. Yeri gəlmişkən, yaxın vaxtlarda çəpərlənmiş ərazilərə, məsələn, "meşəyə giriş 100 metr irəlidədir" kimi məlumatlandırıcı lövhələrin vurulmasına başlanılacaq. Əhali bilməlidir ki, görülən bu tədbirlər onların rahatlığı və təhlükəsizliyi, eyni zamanda meşələrin neqativ hallardan qorunması üçündür.


- Magistral yollara bitişik bəzi meşəlik ərazilərdə də məftillər çəkilib...
- Bəli, magistral avtomobil yollarına bitişik bəzi meşəlik ərazilərdə məftillər çəkilib. Magistral yol kənarlarında çəpərlər həm təbii bərpa, həm yanğın təhlükəsi, həm də vəhşi heyvanların avtomobil altında qalmaması və insanların təhlükəsizliyi üçün nəzərdə tutulub. Çünki bir neçə dəfə belə hallar olub. Bütün bu tədbirlər yalnız insanların təhlükəsizliyi və meşələrin neqativ hallardan qorunması üçündür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA