"SƏNSİZ QURU RUHUM GƏZİR BALA" -NƏNƏ ELƏ BİR NALƏ ÇƏKDİ Kİ... SUQOVUŞAN FATEHİ
Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. Torpaqlarımızın qorulması, işğaldan azad edilməsi, Vətənimizin bütövlüyü uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalan şəhadətə qovuşmuş Şəhidlərimiz.
Şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir.
Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Onları yaşatmaq, tanıtmaq, hər şəhid ailəsinə hörmətlə yanaşmaq, şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərməksə hamımızın vətəndaşlıq borcudur.
Oktyabr ayının 15 Suqovuşan Fatehi Şəhid leytenant Samir Əliyevin anım günüdü.
Samir Əliheydər oğlu Əliyev 1999-cu il avqustun 9-da Bakı şəhəri Suraxanı rayonu Zığ qəsəbəsində anadan olub. 2016-2020-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.
Samir Əliyev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmətə başlayıb. Leytenant Əliyev Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sentyabrın 29-da Ağuçuq istiqamətində gedən döyüşlərdə qrupu ilə birlikdə hücum edən düşmənin canlı qüvvəsini məhv edərək düşmən tankını geri çəkilməyə məcbur edib.Özü yaralandığına baxmayaraq digər yaralı yoldaşlarına kömək edib və onları təhlükəli ərazilərdən çıxarıb. İgid Samir Ağuçuq istiqamətində gedən hərbi əməliyyat zamanı düşmən atəşi ilə şəhid olub. O, II Fəxri Xiyabanda dəfn edilib.
Şəhid Samir Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, ölümündən sonra III dərəcəli "Rəşadət" ordeni, “Azərbaycan Bayrağı ” ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.
Hər il olduğu kimi bu ildə oktyabrın 15-də Şəhid Samir Əliyevin anım mərasimi çöyük izdihamla II-ci Şəhidlər Xiyabanında gül-çiçəyə qərq olmuş məzarı önündə keçirildi. Mərasimdə Xətai r-on icra hakimiyyətinin başçısı olmaqla bütün Xətai və Suraxanı rayon içtimaiyyəti, Şəhidimizin oxuduğu Xətai rayon 55 saylı məktəbin müəllimləri və şagirdləri, Səda tv-nin, Sedanews.az sayt əməkdaşları iştirak etdi.
Şəhid Samir Əliyevin timsalında Allahdan bütün Şəhidlərimizə Rəhmət diləyirik. Ruhları şad olsun!
Daha ətraflı video-syujetdən izləyə bilərsiniz.