DataLife Engine / Paradoks:Bir tərəfdə kütləvi ağaclar məhv edilir, digər tərəfdə bir əyilmiş ağacın yaratdığı problem

Paradoks:Bir tərəfdə kütləvi ağaclar məhv edilir, digər tərəfdə bir əyilmiş ağacın yaratdığı problem




 

   Yaşıllıqların taleyi kimləri narahat etməlidir? Ağaclar kəsilir, vətəndaş müraciətləri isə cavabsız qalır!
Ağaclar şəhərin nəfəsi, təbiətin canlı sərvəti, gələcək nəsillərə miras qoyduğumuz ən qiymətli nemətlərdən biridir. Lakin son zamanlar redaksiyamıza daxil olan vətəndaş şikayətləri yaşıllıqların qorunması, ağaclara münasibət və bu sahəyə cavabdeh qurumların fəaliyyəti ilə bağlı ciddi suallar doğurur. Görünən odur ki, bəzi ərazilərdə ağacların kütləvi şəkildə kəsilməsi, digər ərazilərdə isə vətəndaşların müraciətlərinə laqeyd yanaşılması narahatlıq doğuran mənzərə yaradıb.





  Redaksiyamıza daxil olan məlumatlara görə, Binəqədi rayonunun Biləcəri qəsəbəsində, xüsusilə Dəmiryol Xəstəxanasının yaxınlığında yerləşən yaşıllıq sahəsində son zamanlar ağacların kəsilməsi ilə bağlı narazılıqlar artıb. Sakinlərin iddialarına görə, ərazidə ağacların kəsilməsi halları müşahidə olunur. Ortaya ciddi sual çıxır: şəhərin yaşıllıq fondunun qorunmasına cavabdeh olan qurumlar baş verənlərə niyə vaxtında müdaxilə etmirlər?
  Digər tərəfdən, yaşıllıqların qorunması sahəsində vətəndaşların üzləşdiyi problemlər də diqqətdən kənarda qalmamalıdır.
 Redaksiyamıza müraciət edən mülkiyyətçilərdən birinin sözlərinə görə, Səbail rayonu Xəqani 35 F ünvanda evinin yaxınlığında gövdəsi əyilmiş bir ağac onun yaşayış sahəsində təmir-tikinti işlərinin başa çatdırılmasına mane olur. Hətta yaxınlıqda keçən qaz borusunun üstünə aşma təhlükəsi var.  Bununla bağlı xanım mülkiyyətci Fövqəladə Hallar nazirliyinə, Azəriqaz iatehsalat birliyinə müraciət etmişdi. Fövqəladə Hllar nazirliyi əməkdaşları və Azəriqaz istehsalat birliyinin əməkdaşları gəlib vəziyyəti görmüşlər və həmin ağacın təhlükəsi barəsində rəsmi cavab məktubu mülküyyətçi xanıma ünvanlamışdılar. Lakin xanım ağacın vəziyyəti ilə bağlı Səbail Rayon Yaşıllaşdırma İdarəsinə dəfələrlə müraciət edilsə də, indiyədək əraziyə baxış keçirilmədiyi və hər hansı tədbir görülmədiyi bildirilir. Nəticədə mülkiyyətçi evinin tavanını örtə bilmir, problem isə həllini tapmamış qalır.



  Burada diqqət çəkən əsas məqam vətəndaşın müraciətinə münasibətdir. Əgər ağac həqiqətən təhlükə yaradırsa və ya mülkiyyətçinin qanuni təmir işlərinə mane olursa, aidiyyəti qurum niyə gəlib vəziyyəti yerində araşdırmır? Ağacın kəsilməsi zəruridirsə, niyə qanunvericiliyə uyğun qərar verilmir? Əgər kəsilməsi mümkün deyilsə, vətəndaşa bunun hüquqi və əsaslandırılmış izahı niyə təqdim olunmur?
  Daha düşündürücü məqam isə vətəndaşın irəli sürdüyü iddiadır: mülkiyyətçi həmin ağacı özbaşına kəsməyə və ya budamağa cəhd göstərərsə, aidiyyəti qurumların dərhal müdaxilə edəcəyi və cərimə tətbiq ediləcəyi ehtimalı var. Bəs onda qanuni qaydada müraciət edən vətəndaşın probleminə niyə eyni operativliklə yanaşılmır?
  Qanun yalnız vətəndaşın məsuliyyətini müəyyənləşdirməməli, dövlət qurumlarının da üzərinə düşən vəzifələri aydın şəkildə ortaya qoymalıdır.
 Əlbəttə, ağacların qorunması vacibdir. Heç bir mülkiyyətçi və ya digər şəxs yaşıllıqlara özbaşına zərər vurmaq hüququna malik deyil. Lakin bu prinsip ağaclara qulluq etməli, onların vəziyyətini qiymətləndirməli və təhlükəli hallarda müvafiq tədbirlər görməli olan qurumların məsuliyyətini arxa plana keçirməməlidir.

   Ağacların qanunsuz kəsilməsinə qarşı mübarizə aparmaq nə qədər vacibdirsə, qurumu müraciətlərə vaxtında baxmağa, təhlükəli və problem yaradan ağaclarla bağlı qərar verməyə çağırmaq da bir o qədər vacibdir.
 Bəs yaşıllaşdırma idarələrinin əsas vəzifəsi nədir – yalnız ağacları qorumaq adı altında vətəndaşa qadağalar qoymaq, yoxsa yaşıllıqlara real qulluq göstərmək, onları mühafizə etmək və yaranan problemləri qanun çərçivəsində həll etmək?
 Səbail rayonunda vətəndaş müraciətlərinin cavabsız qalması ilə bağlı iddialar, Biləcəri qəsəbəsində isə ağacların kəsilməsi ilə əlaqədar narazılıqlar aidiyyəti qurumların diqqətini cəlb etməlidir. Və cavabdeh şəxslərin bu məsuliyyətsizliyi qanun çərçivəsində hüquqi qiymətini almalıdır.
   Arzu Tofiqqızı
Bugün, 13:21
Go back