
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İtaliya Respublikasının Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani arasında geniş tərkibdə görüş keçirilib.
sedanews.az xəbər verir ki, bu barədə XİN-dən məlumat verilib.
Qeyd edilib ki, görüşdə Azərbaycan-İtaliya münasibətlərinin geniş gündəliyi, strateji tərəfdaşlığın mövcud vəziyyəti və perspektivləri, həmçinin əsas regional və beynəlxalq məsələlər müzakirə olunub.
Nazirlər 2014 və 2020-ci illərdə imzalanmış Strateji Tərəfdaşlıq sənədlərinə əsaslanan yüksək səviyyəli siyasi dialoqu xüsusi vurğulayıblar.
İqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinə xüsusi diqqət yetirilib. Qeyd olunub ki, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 12 milyard ABŞ dollarına çatıb və İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalır. Tərəflər ticarət, investisiya, enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat və yüksək texnologiyalar sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər. Bakıda keçirilən Azərbaycan-İtaliya Biznes Forumunun nəticələri də müsbət qiymətləndirilib.
Nazirlər Azərbaycanın İtaliya üçün etibarlı enerji təchizatçısı rolunu, Cənub Qaz Dəhlizi və Trans-Adriatik Boru Kəmərinin (TAP) strateji əhəmiyyətini, eləcə də SOCAR-ın İtaliyanın enerji bazarında genişlənən fəaliyyətini vurğulayıblar.
Ceyhun Bayramov İtaliya şirkətləri üçün Orta Dəhlizin, nəqliyyat və logistika infrastrukturunun inkişafı, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq layihələrinin yaratdığı imkanlardan danışıb. Kritik xammal sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyi də qeyd olunub.
Görüşdə regional proseslər, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və Cənubi Qafqazda sülh gündəliyinin irəlilədilməsi istiqamətində görülən işlər ətrafında fikir mübadiləsi aparılıb. Ceyhun Bayramov qarşı tərəfi işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin geri qayıdışı, eləcə də mina təhlükəsinin yaratdığı davamlı çətinliklər barədə məlumatlandırıb.
Nazirlər təhsil, mədəniyyət, elm və turizm sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini də vurğulayıblar. Azərbaycan-İtaliya Universitetinin xalqlar arasında əlaqələrin möhkəmləndirilməsindəki rolu xüsusi qeyd olunub.
Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.