BMT Azərbaycan layihələrini ən yaxşı təcrübə kimi qiymətləndirib
BMT Azərbaycan layihələrini ən yaxşı təcrübə kimi qiymətləndirib
BMT-nin hesabatında “Azexport” və “Rəqəmsal Ticarət Qovşağı” layihələri ən yaxşı təcrübə kimi qiymətləndirilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzindən (İİTKM) verilən məlumata əsasən, Birləşmiş Millətlər Təşkilatının (BMT) tərkibində fəaliyyət göstərən beş komissiyadan biri olan Asiya - Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 8-ci iclası baş tutub.
Tailandın paytaxtı Banqkok şəhərində keçirilən iclasa həsr olunan sənəddə İİTKM operatoru olduğu Azərbaycan Rəqəmsal Ticarət Qovşağı (DTH) və “Azexport.az” layihələri barədə ətraflı məlumatlar dərc olunub.
Bildirilib ki, “Azərbaycan Rəqəmsal Ticarət Qovşağı” Asiya və Sakit okean ölkələrində “transsərhəd kağızsız ticarət” üzrə ən yaxşı təcrübələr bölməsində yer alıb.
Sənəddə DTH portalı tərəfindən təqdim olunan imkanlardan istifadə etməklə elektron və mobil rezidentlər Azərbaycandan və ya istənilən digər ölkədən tamamilə onlayn şəkildə şirkət təsis və idarə edilməsinin mümkünlüyü ilə yanaşı Azərbaycanın qeyri-rezidentlərə m-Rezidentlik təqdim edən ilk ölkə olduğu da vurğulanıb.
Bununla yanaşı DTH-ın dövlət-özəl tərəfdaşlığı (PPP) çərçivəsində hər iki tərəfin xidmətlərinin birgə təqdim edilməsi baxımından uğurlu nümunə olduğu bildirilib.
Təqdim olunan “Onlayn Vahid İxrac Ərizəsi” sahibkarlara ixrac edəcəyi məhsullar üçün tələb olunan sertifikatların məmur-sahibkar təması olmadan onlayn qaydada alınmasına imkan yaratdığı bildirilib.