DataLife Engine / İdxal-ixrac və yükdaşımalar “bir pəncərə”dən idarə olunacaq

İdxal-ixrac və yükdaşımalar “bir pəncərə”dən idarə olunacaq


Azərbaycanda idxal-ixrac, tranzit, nəqliyyat və logistika əməliyyatlarının vahid rəqəmsal mühitdə həyata keçirilməsi nəzərdə tutulur.
sedanews.az xəbər verir ki, bu, “Bir pəncərə” informasiya sistemi haqqında Əsasnamədə əksini tapıb.
Sistem vasitəsilə sahibkarlar dövlət xidmətlərinə müraciət edə, daşıyıcı və ekspeditorlarla əlaqə qura, elektron müqavilələr bağlaya və daşınan yükləri bütün marşrut boyunca izləyə biləcəklər.
İnformasiya sistemində “Ticarət bələdçisi”, “Dövlət xidmətləri”, “Biznes xidmətləri”, “Təhlil və hesabatlılıq”, “Məlumatlandırma” və “İdarəetmə” altsistemləri fəaliyyət göstərəcək.
“Ticarət bələdçisi” vasitəsilə istifadəçilərə sərhədkeçmə prosedurları, daşıma qaydaları, tələb olunan sənədlər və digər şərtlər barədə məlumat veriləcək. Dövlət xidmətləri ilə bağlı müraciətlər isə sistem üzərindən qəbul edilərək aidiyyəti qurumlara yönləndiriləcək.
“Biznes xidmətləri” altsistemi daşıyıcı və ekspeditorların xidmətlərinə müraciət etməyə, yük və nəqliyyat sənədlərini elektron qaydada hazırlamağa imkan verəcək. Həmçinin bankların, bank olmayan kredit təşkilatlarının və sığortaçıların informasiya sistemlərinə keçid təmin olunacaq.
Gömrük bəyannamələri, lisenziya və icazələr, sərhəd nəzarəti, nəqliyyat vasitələri, sığorta və digər zəruri məlumatlar qanunvericiliklə müəyyən edilmiş hədlərdə Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə ötürüləcək.
Hər müraciətə təkrarlanmayan vahid əməliyyat kodu veriləcək. Bu kod yüklərin hərəkətinin və statusunun izlənilməsində, eləcə də idxal-ixrac, tranzit, nəqliyyat, sığorta, vergi, gömrük və logistika əməliyyatlarının əlaqələndirilməsində istifadə olunacaq.
İstifadəçilər elektron kabinetləri vasitəsilə müraciətlər göndərə, sənəd mübadiləsi apara və ödənişlər edə biləcəklər. Qeyri-rezidentlər də qeydiyyatdan keçdikdən sonra sistemdən istifadə imkanı əldə edəcəklər.
Sistemin və məlumatların ehtiyat nüsxələrinin “Hökumət buludu”nda saxlanılması nəzərdə tutulur. Onun fəaliyyəti və təkmilləşdirilməsi ilə bağlı xərclər dövlət büdcəsinin vəsaiti istisna olmaqla, qanunla qadağan edilməyən mənbələr hesabına maliyyələşdiriləcək.

Bugün, 16:08
Go back