sedanews.az
sedanews.az

Rusiya Azərbaycana təzyiqi artırır - Moskva diplomatlarını Bakıya göndərdi

26-04-2022, 12:10 223 dəfə baxılıb

     


"Ümumiyyətlə, ATƏT-in Minsk Qrupu formatı gündəlikdən çıxarıldıqdan sonra müxtəlif dövlətlər öz maraqları kontekstində məsələlərə yanaşmağa üstünlük verirlər".
Bunu Milli.Az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.
    O bildirib ki, Avropa İttifaqı ilə Rusiyanın regionda sülh yaratma prosesindəki rəqabəti açıq hiss olunur:
    "Rusiya Federasiyasının ATƏT-in Minsk Qrupunda olan keçmiş həmsədri İqor Xovayev Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi kimi təyin olunub və artıq bu istiqamətdə regiona səfərlər də həyata keçirir. Eyni zamanda nəzərə almaq lazımdır ki, ABŞ da anoloji addım atıb və Endryu Şofer artıq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı məsələləri üzərinə götürüb, eyni zamanda amerikalı keçmiş həmsədr Gürcüstan məsələləri ilə bağlı da məşğul olur və belə demək mümkündürsə, regionu yaxşı tanıyır və regionda olan məsələlərə bələddir. Belə olacağı təqdirdə xüsusi nümayəndələr həm ABŞ-ın, həm də Rusiyanın maraqlarından çıxış edərək normallaşma prosesinə öz töhfələrini verməyə çalışırlar. Lakin burada öz mənafelərini daha önə çəkməyə üstünlük verirlər.
    Eyni zamanda 6 aprel Brüssel görüşündən sonra Putin-Paşinyan görüşü (19 apreldə) baş tutdu və bundan sonra Nikol Paşinyanın davranışlarında, çıxışlarında müxtəlif təzadlı məqamlar nəzərə çarpırdı. Lakin Brüssel sülh gündəliyinin davam etdiyini də biz müşahidə edirik. Çünki Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında təmaslar davam etdirilir. Artıq ikinci dəfədir ki, telefon danışığı baş tutur və presedent yardır. Çünki buna qədər XİN rəhbərləri arasında telefon danışıqlarının keçirildiyi nəzərə çarpmamışdı. Və artıq ikili təmaslardan sonra 11 yanvar 2021-ci il tarixində Moskva Bəyanatı əsasında formalaşan hökümətlərarası işçi qrupu baş nazirlərin müavinləri səviyyəsində fəaliyyət göstərir və Rusiya baş nazirinin müavini Aleksey Overçuk da hazırkı durumda fəallaşıb və Bakıya səfər edir. 
Belə demək mümkündürsə, ümumi prosesdən, ümumi fəaliyyətdən kənarda qalmaq istəməyən Rusiya tərəfi proseslərə müdaxilə edir və sülh prosesində yer almağa çalışır. Çünki ABŞ da xüsusi nümayəndələr qismində regiona yanaşır, Şarl Mişel davamlı olaraq sülh prosesinə nəzarət edir. Xüsusilə qeyd olunmalıdır ki, Şarl Mişel Nikol Paşinyanın Moskvaya səfərindən öncə də, sonra da onunla telefon əlaqəsi yaratdı. Bu, onu deməyə əsas verir ki, Şarl Mişel də Brüssel sülh gündəliyinin yerinə yetirilməsi, aprel ayının sonuna qədər Ermənistanın üzərinə götürdüyü öhədlikləri yerinə yetirməkdə maraqlıdır. 
     Aprel ayının sonuna qədər Azərbaycan-Ermənistan sərhədlərini nişanlamaq istiqamətində komissiya çağırılmalıdır və onun mandatına görə təhlükəsizlik zəmanətləri də burada yer almalıdır. Ona görə də aprel ayının sonuna qədər bu işlər həyata keçirilməlidir. Lakin Rusiyanın əsas məqsədi həm də nəqliyyat-kommunikasiya əlaqələrinin bərpa olunması, iqtisadi fəallığın artırılmasıdır. Çünki Rusiya-Ukrayna müharibəsindən sonra Rusiyaya qarşı ciddi məhdudlaşdırıcı tədbirlər və iqtisadi sanksiyalar tətbiq olunur və regionun inkişaf etdirilməsi həm də Rusiya iqtisadiyyatına müsbət dividentlər qazandırır. Bu baxımdan Aleksey Overçuk həm də regiona səfər edir və sülh prosesi konteksində məsələlərin nizamlanması ilə məşğul olur. 
Ümumilikdə, həm Avropa İttifaqının, həm də Rusiyanın burada sülh yaratma prosesində bir rəqabəti də hiss olunur. Bu rəqabət ümumilikdə regionun inkişafına xidmət etməlidir və tərəflər arasında olan ziddiyətlərin aradan qaldırılmasına, sülhün dayanıqlılığının artırılmasına yönəlməlidir".
    Qeyd edək ki, dünən Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Bakıya gələrək Prezident İlham Əliyevlə görüşüb. Bu gün isə dövlət başçısı Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.
Təhməz Əsədov
Milli.Az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA