sedanews.az
sedanews.az

Elina işi: direktor niyə ağır cəza almadı? – Ekspert

25-10-2019, 10:57 787 dəfə baxılıb

Elina işi: direktor niyə ağır cəza almadı? – Ekspert



                Cinayət Məcəlləsinin 314.2 maddəsi ilə ittiham olunan şəxsə cəza təyin edilməsi zamanı 2 il yarımdan aşağı cəza verilməməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, burada cinayətlərin cəmi var, yəni bir deyil, iki maddə üzrə cinayət işi açılıb.
Bu sözləri Axar.az-a beynəlxalq hüquq üzrə ekspert Fərhad Mehdiyev özünü oxuduğu məktəbin 3-cü mərtəbəsindən atan Elina Hacıyevanın ölüm işi ilə bağlı gedən məhkəmə prosesində məktəbin direktoru Sevinc Abbasovaya 2 il 2 ay şərti cəza təyin edilməsi ilə bağlı danışarkən deyib.
Hüquqşünas bildirib ki, bu işdə cəza müddəti şərti də olsa, 3 ildən aşağı olmamalı idi:
“Burada məktəb direktoruna kəsilən cəza ən az 3 il olmalı idi. Nəzərə alınmalı idi ki, burada hərəkətlər birdən çoxdur. “Təhlükədə qoyma” ayrı maddədir, “ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma” ayrı.
Həmçinin onu da qeyd edim ki, yüngülləşdirici hal qismində burada heç nə yoxdur.  
Əslində, cinayət hüququna humanizm prinsipi hakim olmalıdır. Həmçinin hakim subyektiv və emosional davranmamalıdır. Bütün cəmiyyətin diqqəti məktəbin direktoru Sevinc Abbasovanın üzərindədir deyə, ona ağır cəza verilməsi heç bir halda qanuni deyil. Ancaq hazırda ona verilən cəzanı da doğru hesab etmirəm.
Onun cəzası gözləniləndən və layiq olduğu cəzadan azdır”.
Mövzunu şərh edən millət vəkili Aydın Mirzəzadə isə bildirib ki, Elina Hacıyeva işində bütün hüquqşünaslar öz fikirlərini deməlidirlər:
“Fikrimcə, burada xarici təcrübə əsas götürülüb. Hesab edirəm ki, direktora təyin edilən cəza kifayət qədər qanunvericiliyə uyğundur.
Məktəb direktoru, ali təhsilli bir xanımın cəza alması ilə yanaşı, onun çox yüksək bir məbləğdə maddi zərər ödəməli olması şərti də var. Baxmayaraq ki, o özünü günahkar saymırdı, ancaq məhkəmə onun bu məsələlərdə olan günahını sübut etdi. Təəssüf ki, bir qadın pəncərədən yıxılan uşağın həyatını xilas etmək əvəzinə olayı sakitləşdirməyə çalışdı”.
Qeyd edək ki, Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə Bakı şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Sevinc Abbasovaya 2 il 2 ay müddətinə azadlığının məhdudlaşdırılması cəzası təyin olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA