sedanews.az
sedanews.az

Qalib Ordu ritorikası

23-03-2021, 20:41 58 dəfə baxılıb


Qalib Ordu ritorikası

Azərbaycan xalqı 30 illik vətən həsrətindən sonra, nəhayət ki, işğal faktına son qoyaraq tarixi zəfərə imza atdı. Müzəffər Ordumuzun sentyabrın 27-dən başlayan davamlı hərbi qələbələri cəmi 44 gündən sonra təcazvüzkarı, hərbi-siyasi məğlubiyyəti rəsmiləşdirən 10 noyabr tarixli Rusiya-Azərbaycan-Ermənistan bəyanatına imza atmaq məcburiyyətində qoydu.

Ermənistan Ordusunun 30 il müddətində formalaşdırdığı “yenilməz ordu” mifi darmadağın edildi, erməni cəmiyyəti ilk günlərdən ruh düşkünlüyünə uğradı, daxili vəziyyət getdikcə gərginləşdi. Qısa dövrdə Ordumuzun endirdiyi zərbələr nəticəsində Ermənistanın 3 milyard ABŞ dolları məbləğindəki hərbi texnika və silah-sursatı sıradan çıxarıldı. Ciddi məğlubiyyət fonunda təcavüzkar ölkədə hərbi xidmətdən boyun qaçırma və fərarilik halları geniş vüsət aldı. Bu döyüşlərdə Azərbaycan qarşı tərəfdən xeyli az itki ilə böyük irəliləyişlərə imza atdı. Başlanğıcda bir sıra kəndləri və strateji körpüləri işğaldan azad etdikdən sonra Azərbaycan Silahlı Qüvvələri oktyabrın 22-də Qarabağın İranla cənub sərhədini tamamilə azad etdi. Noyabrın 8-də, 28 illik həsrətdən sonra Qarabağın mirvarisi Şuşanın rəşadətli Ordumuz tərəfindən işğaldan azad edilməsi ikinci Qarabağ müharibəsində Azərbaycanın ən mühüm qələbələrindən biri oldu. Müharibədə asan qələbə olmur. Hər bir zəfərdə şəhid qanı var. Hər bir şəhər və kəndimiz əsgərlərimizin, zabitlərimizin, gizirlərimizin qanının axması hesabına azad olunub. Şuşanın azad edilməsi isə göstərdi ki, Azərbaycan əsgərinin qarşısında işğalçı ordunun tab gətirə bilməsi mümkünsüzdür. Şuşanın alınması ilə əsgərlərimiz düşmənin mümkün saymadığını reallığa çevirdilər, hərb elminin yeni səhifəsini yazdılar, Azərbaycanın hərb tarixini şərəfləndirdilər.

44 gün ərzində ərazilərin azad olunmasında xüsusi təyinatlıların və ordu korpuslarının böyük xidməti olub. Döyüş əməliyyatlarında sərhəd xidmətinin xüsusi təyinatlı qüvvələri, daxili qoşunlar, təhlükəsizlik xidməti, kəşfiyyat xidməti, Naxçıvan ordusunun xüsusi qüvvələri də iştirak edirdilər. Eyni zamanda, Ordu korpusları ərazilərin azad edilməsində və mövqelərin əldə saxlanmasında böyük rol oynayıblar. Cəbhə aviasiyası, pilotsuz uçuş aparatları itkilərin minimuma endirilməsində çox böyük rol oynayıb. Qarabağın dağlıq hissəsi tankların hərəkətlərinə yaxşı təsir göstərmir. Təpələrdən keçən uzun, dolama, ensiz yollar tankları ağır vəziyyətdə qoyur. Azərbaycan ənənəvi olaraq gün ərzində hərbi karvanların qarşısını almaq üçün artilleriya, minaatan və hətta birbaşa atəş və ya idarə olunan raketlərlə Ermənistan ordusuna zərbələr endirirdi. Əvvəlki illərdən fərqli olaraq bu döyüşlərdə gecənin qaranlığı ermənilər üçün heç bir təhlükəsizlik vəd etmirdi. Bu çox böyük bir şeydir və PUA-lar bunu mümkün etdi. Çünki bu gün döyüş meydanlarında səmaya nəzarət etmək həmdə, quruya da nəzarət etmək deməkdir. İşğal altında olan Qarabağın Azərbaycan tərəfindən azad edilməsi PUA-ların sistematik istifadəsi ilə daha da asanlaşdı. Mütəxəssislər qiyməti “ucuz olan Türkiyə PUA-larının erməni müdafiəsini məhv etdiyini” etiraf edirlər. Bu müharibədə Azərbaycan ordusu qəti keyfiyyət texnoloji üstünlüyünə sahib idi.

Ölkə başçısı cənab İlham Əliyev danışıqlar prosesinin nəticəsiz qalacağını görür, günlərin birində torpaqlarımızın azadlığı uğrunda hökmən gücdən istifadənin zəruriliyini bilirdi. Elə bu səbəbdən həmişə ordu quruculuğuna xususi diqqət göstərib. Ötən 17 ildə ordu quruculuğu İlham Əliyevin inkişaf siyasətinin xüsusi prioritetlərindən birini təşkil edib. Bu baxımdan hər bir azərbaycanlının qürur və fəxarət ünvanlarından biri də Silahlı Qüvvələrimizdir. Ulu Öndərin yaratdığı bu ordu İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 17 ildə böyük inkişaf yolu keçib. Bu dövrdə Azərbaycanda ordu quruculuğu bir gün belə dayanmayıb, əksinə daha da vüsət alıb, sürətlənib. Bunun nəticəsidir ki, Silahlı Qüvvələrimizin, hər bir qoşun növünün döyüş imkanları ən müasir standartlar səviyyəsinə çatdırılıb. Bu məqsədlə inkişaf etmiş hərbi sənaye kompleksinə malik olan dövlətlərdən müasir silah və texnikalar alınaraq ordumuzun arsenalına daxil edilib. "Bizim ordumuzun son illər ərzində uğurlu inkişafı göz qabağındadır. Bunu Azərbaycan xalqı bilir, görür. Dünyada orduların reytinqlərini tərtib edən sanballı qurumlar da bunu qeyd edir. Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır. Biz bunu yorulmaz fəaliyyət nəticəsində əldə etmişik. Çünki mənim prezident kimi fəaliyyətimdə ordu quruculuğu birinci yerdədir” - deyə Prezident İlham Əliyev bildirib.

Ordumuzun inkişafı və arsenalını gücləndirməsi hərbi sahə üzrə ixtisaslaşmış reytinq agentliklərinin də diqqətindən yayınmayıb. İndiyədək paradlarda nümayiş etdirilən hərbi texnikalar, düşmənə müasir döyüş imkanları ilə zərbələrin vurulması Silahlı Qüvvələrimizin ən güclülər sırasına daxil olmasını şərtləndirib.

Ancaq bu da danılmaz faktdır ki, Ordu nə qədər güclü, müasir, dəqiq və böyük dağıdıcı gücə malik silahlarla silahlansa da döyüş meydanında sön sözü deyən yenə də insan faktoru, döyüşə atılan insanların Vətən sevgisi və inandığı amal uğrunda gözünü qırpmadan canından keçməyə hazır olmasıdır. Bu mənada Vətən müharibəsində Zəfər qazanmağımızda böyük rolu olan amillərdən biri də Azərbaycan əsgər və zabitlərinin peşəkarlığı, yüksək mənəvi keyfiyyətləri, cəsurluğu, vətənpərvərliyi, inamı, şəxsi rəşadətləri, qələbə əzmi, döyüş əhval-ruhiyyəsidir. Sözün həqiqi mənasında döyüş meydanında yeni tarix yazan Azərbaycan Ordusunun hərbi qulluqçularının göstərdiyi qəhrəmanlıq, şəxsi rəşadət, igidlik, qanı və canı bahasına bu qələbənin əldə olunmasını təmin etməsi hər birimizə qürurverici anlar yaşatdı, qəlbimizi fərəhlə doldurdu.

Qalib ölkənin vətəndaşı olmağın bizə hansı itkilər bahasına başa gəldiyini də heç zaman unutmamalıyıq. Qısa müddətə, bizə tarixi yenidən yazdıran müharibəni, döyüşlərdə canı və qanı bahasına qələbə qazanan oğullarımızı şərəflə anırıq. Şəhidlərimizin ruhu qarşısında baş əyirik!


E.Cəfərov adına 118 nömrəli tam orta məktəbin direktoru Nizaməddin Ağcayev 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA