sedanews.az
sedanews.az

MSK seçkilərə dair treninqlərə başladı

5-08-2024, 14:52 152 dəfə baxılıb


  Layihəyə 40 minə yaxın aşağı seçki komissiyası üzvü cəlb olunub
Qarşıdan gələn Milli Məclisə seçkilərlə əlaqədar treninqlər Mərkəzi SK-nın maarifləndirmə proqramına əsasən ikimərhələli formatda keçiriləcək. Layihənin “Trenerlər üçün treninq” adlı birinci mərhələsinə bu gündən start verildi. Müxtəlif əyani, metodiki, habelə yardımçı vəsaitlərdən istifadə olunmaqla, tam praktiki məşğələlər şəklində təşkil edilib. Beş gün fasiləsiz keçiriləcək bu treninqlərə ölkə üzrə 125 seçki dairəsi dairə seçki komissiyasının hər birindən iki təmsilçi olmaqla, ümumilikdə 250 yerli trener cəlb olunur. Treninqlər zamanı iştirakçılara seçki günü məntəqə seçki komissiyası üzvlərinin rol və vəzifələri, seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, seçki günü müstəsna hallar, səslərin sayılması və səsvermənin nəticələri müəyyənləşdirilərək rəsmi protokolların doldurulması da daxil olmaqla, bütün prosedurlar barədə aydın və əhatəli məlumat verilir.
Seçki günü prosedurları, səsvermə hərəkətləri və qarşıya çıxa biləcək müstəsna hallar izah edilərkən praktiki məşğələlərə geniş yer verilir, müxtəlif məqamlar əyani şəkildə səhnələşdirilərək təqdim olunur və yaranan suallar yerindəcə cavablandırılır.
  Treninq layihəsinin avqustun 12-dən başlanacaq ikinci mərhələsi məntəqə seçki komissiyalarının bütün üzvlərini əhatə etməklə, seçki dairələri üzrə məntəqə seçki komissiyalarının sayına uyğun olaraq, 3-10 gün davam edəcək. Bu mərhələnin də maksimum effektiv, praktiki və informativ olması üçün treninqlərin MSK-nın Treninq qrupu tərəfindən hazırlanan cədvəl əsasında kiçik qruplarla - təqribən 40 nəfərədək aşağı seçki komissiyası üzvünün iştirakı ilə keçirilməsi nəzərdə tutulur.
Həm təlimlərdə istifadə etmələri, həm də seçki günü prosedurları ilə yaxından tanış olmaları məqsədilə treninqlərə cəlb edilən bütün iştirakçılar MSK-nın hazırladığı “Seçki günü üçün yaddaş” kitabçası, səsvermənin nəticələrinə dair protokol nümunəsi, habelə digər əyani və metodiki vəsaitlərlə təmin olunacaqlar.
  Treninq layihəsi, ümumilikdə 40 minə yaxın aşağı seçki komissiyası üzvünü əhatə edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA