sedanews.az
sedanews.az

“Oğlum gənc qızı niyə qəsdən vursun ki?”

30-01-2020, 12:43 27 dəfə baxılıb

“Oğlum gənc qızı niyə qəsdən vursun ki?”



 

Gənc həkimin öldüyü qəza işi Apelyasiya Məhkəməsinə qaytarıldı; qəzanı törədənin anası danışdı    
Fevralın 4-də Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə ötən il yanvarın 18-də, axşam saatlarında baş vermiş qəza ilə bağlı proses keçiriləcək. Bu qəza hadisəsi ilə bağlı mətbuatda kifayət qədər yazılar dərc olunub. Əsasən qəza zamanı dünyasını dəyişmiş Cəbrayıl rayon sakini Lalə Sadayzadənin anası Gülsüm İsmayılovanın fikirlərinə yer verilib. Gülsüm İsmayılova qəza zamanı sükan arxasında olan 19 yaşlı Sabir Talıblının barəsində məhkəmələrin çıxardığı cəzalardan da sərt cəza tələb edir.  
Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumata görə, qəza həmin gün 19 radələrində Səbayel rayonunun Parlament prospektində baş verib. Bakı şəhər sakini Sabir Talıblı idarə etdiyi avtomobillə piyada keçidindən yolu keçən Cəbrayıl rayon sakini Lalə Sadayzadəni vurub və nəticədə piyada hadisə yerində keçinib.
“Bu bir faciədir” 
“Yeni Müsavat”a üz tutan 19 yaşlı Sabir Talıblının anası Könül Abbasova deyir ki, oğlu faciəvi qəzanı qəsdən törətməsə də, qarşı tərəfin dərdinə şərik olmağa çalışdığı bir vaxtda mətbuatda barələrində olmazın yalanlar, uydurmalar yazılmağa başlayıb: “Lalənin anası Gülsüm İsmayılovanı bir ana kimi anlayıram, övladını itirib. Onun kədərini, ağrı-acısını da qəbul edir, bölüşürəm. Bu bir faciədir. Bu təkcə Lalə Sadayzadənin ailəsinin deyil, bizim ailənin də faciəsidir. Oğlum Sabir Talıblı qəza törədib. Bu qəzadır, qəsd deyil. Bunu iş üzrə hakimlər də, prokurorlar da bilir. Sabirin bu qəzadan sonra həyatı alt-üst olub. Ağır stress keçirib, ömrünün sonuna qədər daşıyacağı bir xəstəlik tapıb. Çox təəssüf ki, bu hadisədən böyük bir şou düzəltdilər. Yazdılar ki, Sabir qudurğan bir ailənin üzvüdür, yazdılar ki, guya Nizami Rayon İcra Hakimiyyətində vəzifəli şəxsəm. Sabirin atasının haqqında yazdılar ki, prokuror köməkçidir. Halbuki atası mühəndisdir, mən də evdar qadınam. Gözümün ağı-qarası 1 övladım var. Yazdılar ki, guya biz onların dərdinə şərik olmuruq, guya onlara köməklik göstərilməsinə də cəhd etmirik. Əslində isə həqiqət başqadır. Gülsüm İsmayılovanın adından yazırlar ki, bu faciəyə görə nə Sabir özü peşmançılıq çəkdi, nə ailə üzvləri üzrxahlıq etdilər. Guya onlarla hədə-qorxu ilə danışmışıq. Bütün bunlar yalandır. Qəza zamanı oğlum Sabir hadisə yerindən qaçmayıb. O, maşından düşüb Lalə Sadayzadəyə yardım olunması üçün nə bacarıbsa edib. Yanında olan dostları - Qurban Rəhimzadəni, Emil Məmmədovu dərhal yaxınlıqdakı Mərkəzi Klinik Xəstəxanaya göndərib. Eyni zamanda 103-ü yığıb təcili yardım, polisi də hadisə yerinə çağırıblar. Yardım gələnə qədər Lalə Sadayzadə hadisə yerində dünyasını dəyişib. Gülsüm İsmayılova isə israrla qəzanı qəsdə çevirir”.

Lalə Sadayzadə
Könül Abbasovanın sözlərinə görə, qəza baş verən gün Sabir Talıblı atasını işdən götürməyə yollanıb: “Oğlum Bakı Dövlət Universitetinin tələbəsi idi. Beynəlxalq münasibətlər fakültəsində təhsil alırdı. 90 yaşlı nənəsinin evi də universitetin yerləşdiyi Yasamal rayonundadır. Sabir dərsdən çıxıb tez-tez nənəsinə baş çəkməyə gedirdi. Həmin gün də belə olub. Atası da telefonla uşaqla danışıb, deyib ki, maşının açarları evdədir.  2 saat sonra maşınla onu götürməsini tapşırıb. Sabir də dostları ilə atasını götürmək üçün evdən çıxıb və Mərkəzi Klinik Xəstəxananın binası qarşısında bu hadisə baş verib. Sonradan bilmişik ki, qəza zamanı dünyasını dəyişən Lalə Sadayzadə həmin klinikanın həkimi olub. Bizim ailənin bu faciəvi qəzaya qədər onların ailəsi ilə heç bir ünsiyyəti olmayıb.  Həmin gün hava çox küləkli idi, çox da qaranlıq olub. Sabir qəza zamanı maşını saxlaya bilməyib. Bunu ekspertiza da yazır. Orada sürət həddi 60 km saatdır. Sabir də sürət həddini aşmayıb. Amma yalandan deyirlər ki, guya qəza zamanı maşın saatda 170-lə hərəkətdə olub. Həm də işıqforda yaşıl olub. Üstəlik, oğlum qəza zamanı hadisə yerindən də qaçmayıb. Bununla, belə Lalə Sadayzadənin anası Gülsüm İsmayılova deyir ki, Sabir mütləq həbs olunmalıdır. Səbayel Rayon Məhkəməsində bu işə baxılarkən oğlumun hadisə yerindən qaçmadığı, Lalə Sadayzadəni qəsdən vurmadığı, sırf bədbəxt hadisə - qəza törətdiyi bir daha təsdiqini tapdı. Məhkəmədə belə təqdim olunur ki, guya biz, ümumiyyətlə, bu qəzadan sonra onlarla maraqlanmamışıq. Əslində isə biz dəfələrlə onların evinə, iş yerinə ağsaqqal və ağbirçəklərimizlə birgə getmişik. Hesablarına pul qoyub qəzadan sonrakı xərclərinin qarşılanmasını istəmişik. Bu haqda sənədləri də məhkəməyə təqdim etmişik. Lakin bütün bunlara baxmayaraq bizə qarşı atılan addımlar, mətbuatda barəmizdə aşağılayıcı tonda yalanlarla dolu yazılar yazılır. Mənim oğlum qəza zamanı keçirdiyi stress nəticəsində ağır ürək xəstəliyi tapıb. Hansı ki, ömrünü  sonuna qədər müalicə olunmalıdır. Bizim ailə də faciənin içindədir”.
Könül Abbasova deyir ki, onlara qarşı uydurulan yalanların miqyası hətta dövlət qurumlarının fəaliyyətini də şübhə altına alır: “Gülsüm İsmayılova oğlum Sabir Talıblı Bakı İstintaq Təcridxanasında saxlanıldığı 4 ay ərzində dəfələrlə prokurorluq orqanlarına müraciətlər yazdı. İddia edirdi ki, guya Sabir tez-tez özünün maşınında onun iş yerinin qabağına gedir, maşınla siqnal vurub ona sataşır. Ədliyyə sistemindən, məhkəmə-hüquq sistemindən məlumatlı olanlar bilirlər ki, Bakı İstintaq Təcridxanasında saxlanılan dustağın oradan çıxmaq imkanı yoxdur. Bu, sadəcə, mümkün deyil. Gülsüm İsmayılova isə bu iddiasından əl çəkmədi. O, belə şikayətlər yazdığı günlərdə biz saatlarla Bakı İstintaq Təcridxanasının qarşısında gözləyib Sabirə apardığımız qidaların qəbulunu gözləyirdik. Gülsüm İsmayılovanı bir ana kimi anlayıram, övladını itirib. Bir bir faciədir, hansı ki, heç kəs bundan sığorta olunmayıb”.
Könül Abbasova deyir ki, oğlu hazırda Şağan qəsəbəsində yerləşən məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkir: “4 il 6 ay cəza verdilər. Oğlum yüngül atletika üzrə dəfələrlə respublika birincisi, 2016-cı ildə Türkiyədə gənclər arasında keçirilən yarışda isə 1-ci yeri qazanmaqla qızıl medala layiq görülüb. Bir daha qeyd edirəm ki, Sabirin həyatı da bu qəzadan sonra alt-üst olub. Dərsdən qalıb, idmandan ayrı düşüb. Biz kimsənin övladının qəzada dünyasını dəyişməsini heç istəməzdik. Bu bir qəzadır və qəzada bir gənc xanım dünyasını dəyişib. Bundan sonra daha bir gəncin həyatının bu şəkildə məhv edilməsini istəmirəm. Ölkə rəhbərliyinə, 1-ci vitse-prezidentə müraciət edərək bizə yardımçı olmalarını, düşdüyümüz bu çətin situasiyadan çıxmamıza köməklik göstərmələrini dönə-dönə xahiş edirəm. Media nümayəndələrindən də xahiş edirəm ki, adi bir qəzanı böyük bir şouya çevirməkdən çəkinsinlər. Lalənin anası Gülsüm İsmayılovaya, yaxınlarına, doğmalarına da bir daha müraciət edirəm - faciə nəticəsində övladımızın dünyasını dəyişməsindən sarsıldığımızı, son dərəcə kədərləndiyimizi çatdırıram.  Qəza hər kəsin başına gələ bilər, qəzadan heç kəs sığortalanmayıb”.
P.S. Qarşı tərəfi də dinləməyə hazırıq. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA