sedanews.az
sedanews.az

Putin ağıllı siyasətçidir, bilir ki... – Deputat

14-10-2020, 10:45 422 dəfə baxılıb

Putin ağıllı siyasətçidir, bilir ki... – Deputat

Axar.az millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir:
- Qüdrət bəy, Qarabağın azadlığı uğrunda döyüşlər başlanandan sonra mətbuata Rusiyanın vasitəçi ölkə kimi neytral qalmasından məmnunluğunuzu ifadə etmişdiniz. Atəşkəs elan olunandan sonra münasibətiniz dəyişməyib ki?
- Rusiya dünyanın hərbi supergüclərindən biri olmaqla yanaşı, yaxın qonşumuzdur. Həmin ölkədə bizim iki milyona qədər soydaşımız yaşayır. Ciddi tarixi, mədəni, iqtisadi əlaqələrimiz var. Ona görə də hər zaman Rusiya ilə yaxşı münasibətlərin tərəfdarı olmuşam. Azərbaycan iqtidarı da Qarabağ probleminin həllində Rusiyanın Ermənistanın hərbi-siyasi müttəfiqi kimi xüsusi rolunu və Minsk Qrupunun həmsədri olmasını nəzərə alıb, bu ölkə ilə münasibətlərin yüksək səviyyədə olması üçün böyük səylər göstərib. Təəssüf ki, Rusiya da münaqişənin həllinə kömək etməli olan digər həmsədr ölkələr kimi, münaqişənin həllindən çox onun dondurulmuş vəziyyətdə qalmasında maraqlı olub. Ona görə zaman-zaman Azərbaycan iqtidarını səsləmişəm ki, Rusiya ilə açıq danışmaq lazımdır. Rusiya problemin həllinə imkan verərsə, biz regionda Rusiyanın maraqlarını müdafiə edə bilərik. Yox, Rusiya mövqeyini dəyişməsə, o zaman Azərbaycan Avropa İttifaqına inteqrasiya yolu tutmalı, NATO-ya üzvlük üçün müraciət etməli, neytrallıq siyasətindən imtina edib Türkiyənin hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi istiqamətində konkret addımlar atmalıdır.
Hazırda Rusiyanın iştirakı ilə humanitar məqsədlərlə atəşkəs barədə razılaşmaya görə onları ittiham etmək olmaz. Bu bizə də lazım idi. Humanitar atəşkəsə razılıq verməklə həm də növbəti dəfə nümayiş etdirdik ki, Rusiyanın təşəbbüsünə hörmət edirik və nə qədər ki, bu təşəbbüslər Azərbaycanın milli maraqlarına ziyan vurmur, Rusiyanın regiondakı və dünyadakı nüfuzuna nəinki zərbə vurmaq fikrində deyilik, əksinə, yüksəlməsində maraqlıyıq. Amma atəşkəsdən sonra Gəncəyə ballistik raketlə zərbə endirən Ermənistana münasibətdə Rusiyanın mövqeyində dəyişiklik olmasa və Rusiya Ermənistana dəstək verməklə Azərbaycana öz torpaqlarını işğaldan azad etməyə imkan verməsə, o zaman münasibətimizin dəyişəcəyi qaçılmazdır.
- Siz necə düşünürsünüz, Rusiyanın neytral qalacağına dair əminlik olmasaydı, Azərbaycan əks-hücuma keçərdimi?
- Biz istənilən dövlətin, o cümlədən Rusiyanın münasibətindən asılı olmayaraq torpaqlarımızı azad etməliyik. Sualınıza gəldikdə isə onu deyə bilərəm ki, vaxtilə Azərbaycan Respublikası Prezidenti Rusiya televiziyalarından birinə verdiyi müsahibədə xüsusi vurğulamışdı ki, o, Prezident Putinə inanır. Putin də söylədi ki, Rusiyanın münaqişəyə qatılması üçün heç bir əsas yoxdur, çünki müharibə Azərbaycanın ərazisində gedir. Onu da xüsusi vurğuladı ki, böyük siyasətdə dostlar yoxdur, maraqlar var. Putin görür ki, Azərbaycan səmimi və etibarlı tərəfdaşdır. Ermənistan barəsində isə bunu demək olmaz. Paşinyan Qarabağı işğal altında saxlamaq üçün Rusiyadan istifadə etsə də, addım-addım Ermənistanı Rusiyadan uzaqlaşdırır. Bizim Rusiya ilə strateji tərəfdaş olmamız və Rusiyanın vasitəçilik missiyası tələb edir ki, Moskva haqlı olan Azərbaycanı müdafiə etməsə də, bitərəf qalsın.
Rusiyanın Şimal-Cənub nəqliyyat dəhlizi olan Azərbaycana və onun təbii müttəfiqi Türkiyə ilə dostluğa üstünlük vermə ehtimalı çox yüksəkdir. Ermənistan onsuz da Rusiyanın orbitindən uzaqlaşa bilməz. Qərb zəngin erməni diasporuna görə Ermənistanı nə qədər çox sevsə də, onun işğalçılıq siyasətini dəstəklədiyinə görə Rusiyaya çox şey verməyəcək, sanksiyaları da aradan qaldırmayacaq. Amma Rusiya Azərbaycanla dostluq edib ona mane olmasa, bu həm iqtisadi baxımdan faydalı olar, həm də digər analoji problemləri olan ölkələr anlayacaqlar ki, öz problemlərini Rusiya ilə dost olmaqla həll etmək daha asandır. Əksini görsələr, Rusiyadan qorxu və ona nifrət bir az da artacaq. Rusiya düşmən xalqlarla əhatə olunacaq. Putin ağıllı adamdır, düzgün seçim edəcək. Regionun inkişafı və sabitliyi Türkiyə, Rusiya və Azərbaycanın dostluq münasibətlərindən asılıdır.
- Rusiyadakı və Qərbdəki ermənipərəst dairələr Putinə təzyiq edir ki, Qarabağda humanitar fəlakət yaşanır, insanlar ev-eşiklərini tərk edir və s. Putindən tələb olunur ki, Azərbaycanı dayandırsın. Bu vəziyyətdə biz nə etməliyik?
- Bu tip siyasi riyakarlığı təbliğ edən rus kanallarından birinə bizim xalq yazıçısı Çingiz Abdullayev çox gözəl cavab verdi. Dedi ki, hansı humanizmdən, insanlıqdan danışırsınız? Dağlıq Qarabağ və ətraf rayonlardan 700 mindən çox insan ermənilərin etnik təmizləmə siyasəti nəticəsində ev-eşiyindən qovulanda harada idiniz? Onların taleyi sizi narahat etmir?






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA