Torpaq uğrunda ölən varsa, Vətəndir!
Hər ilin 15 iyun tarixi Azərbaycan xalqı üçün ikiqat müqəddəs və qürurludur. Biz bu gün bir tərəfdən dövlətimizin parçalanmaqdan xilas olduğu Milli Qurtuluş Gününü qeyd edir, digər tərəfdən isə bu xalqın azadlığı naminə canını fəda etmiş, məhz bu xüsusi gündə dünyaya göz açmış şəhidlərimizin əbədi doğum gününü anırıq. Onlar elə bir gündə doğuldular ki, illər sonra doğulduqları günün qurtuluş fəlsəfəsini öz qanları ilə böyük Zəfərə çevirdilər- onlardan biri Baş Leytenant Həsən Rzazadədi.
Ömrü ilə tariximizi bəzəyən, Azərbaycan Ordusunun sülhməramlı baş leytenantı Həsən Vüqar oğlu Rzazayevin qısa, lakin şərəfli ömür və döyüş salnaməsi hər birimiz üçün fəxr mənbəyidir.
Həsən Rzazadə 15 iyun 1994-cü ildə Sumqayıt şəhərində hərbçi ailəsində anadan olmuşdur (əslən Zəngilan rayonunun Mincivan qəsəbəsindəndir). Uşaqlıqdan hərbiyə böyük maraq göstərən Həsən, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirərək zabitlik amalına çatmışdır. Vətən müharibəsinə qədər o, həm də Əfqanıstanda beynəlxalq sülhməramlı missiyada ölkəmizi layiqincə təmsil etmişdi.
2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayan ilk gündən Həsən könüllü olaraq ön cəbhəyə yollandı. Cəsur zabitin döyüş yolu Cəbrayıldan başladı, Zəngilan və Qubadlı istiqamətlərindən keçərək Laçına qədər uzandı. O, strateji yüksəkliklərin azad olunmasında birbaşa iştirak etdi və düşmənin xeyli sayda canlı qüvvəsini məhv etdi. Baş leytenant Rzazadə noyabrın 1-də Laçın dəhlizi (Səfiyan kəndi) uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı.
Dövlətimizin ərazi bütövlüyünün bərpa edilməsində göstərdiyi xüsusi rəşadətə görə Həsən Rzazadə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən ən ali mükafatlardan biri olan "Qarabağ" ordeni ilə təltif edilmişdir. Bununla yanaşı, o, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medallarına layiq görülmüşdür.
Torpaq uğrunda ölən varsa, Vətəndir!
15 iyun doğumlu şəhidlərimiz bizə rəqəmlərlə ölçülən bir ömür deyil, şərəflə yaşanan bir azadlıq tarixi qoyub getdilər. Onların anaları bu gün göz yaşlarını fəxrlə silir, çünki övladları sadəcə bir ailənin deyil, bütöv bir millətin qürur mənbəyidir. Biz bu gün Qurtuluş Gününün sevinci ilə bərabər, həm də o qurtuluşu öz canları ilə tamamlayan Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onların sayəsində bu gün azad edilmiş hər bir qarış torpağımızda üçrəngli bayrağımız qürurla dalğalanır.
Doğum Gününüz Mübarək, Ey Vətən Övladları!
Bu gün 15 iyundur... Sizin cismani olaraq aramızdan ayrıldığınız, amma mənəvi olaraq hər bir azərbaycanlının qəlbində əbədi olaraq yenidən doğulduğunuz gündür. Doğum gününüz mübarək, ey bu xalqın qorxmaz oğulları! Azərbaycan var olduqca, bu millət nə fədakarlığınızı, nə də adınızı unudacaq. Qurtuluşumuzun memarları, Zəfərimizin qəhrəmanları – ruhunuz şad, məkanınız cənnət olsun!
Sedanews.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: