Qürurlu addımlar: Bakı və Xankəndidə Azərbaycan əsgərinin zəfər yürüşü böyük coşqu ilə qarşılandı
Bu gün 26 İyun - Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə ölkəmizin müxtəlif şəhərlərində keçirilən hərbi yürüşlər xalqımızın orduya olan sonsuz sevgisinin, dövlətimizin qüdrətinin və milli birliyimizin daha bir parlaq nümayişinə çevrildi. Xüsusilə Bakı və Xankəndidə təşkil olunan hərbi yürüşlər böyük maraq və yüksək əhval-ruhiyyə ilə qarşılandı. Bakıdan başqa bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar Sumqayıt, Gəncə, Naxçıvan, Bərdə, Xankəndi, Laçın və Şuşa şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunur.
Paytaxt Bakının mərkəzi küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə addımlayan Azərbaycan hərbçiləri sakinlər tərəfindən alqışlarla qarşılandı. Minlərlə vətəndaş küçələrə axışaraq üçrəngli Dövlət Bayrağımızı dalğalandırdı, qəhrəman ordumuza sevgi və ehtiramını ifadə etdi. Yürüş boyu səslənən vətənpərvərlik marşları hər kəsdə qürur hissi yaratdı, Zəfər tariximizin unudulmaz səhifələrini bir daha xatırlatdı.
Xankəndidə keçirilən hərbi yürüş isə xüsusi rəmzi məna daşıyırdı. Bir vaxtlar işğal altında qalan bu qədim Azərbaycan şəhərində bu gün qalib ordumuzun inamlı addımları eşidilir. Xankəndinin küçələrində dalğalanan Azərbaycan Bayrağı, hərbçilərimizin qürurlu yürüşü və xalqın sevinc dolu baxışları dövlətimizin suverenliyinin və ərazi bütövlüyünün tam bərpa olunmasının canlı təcəssümüdür.
Bu yürüşlər təkcə bayram tədbiri deyil, həm də qəhrəman Azərbaycan əsgərinə, şəhidlərimizin müqəddəs ruhuna və qazilərimizin şücaətinə göstərilən sonsuz ehtiramın ifadəsidir. Hər addım, hər marş xalqımızın qazandığı tarixi Zəfərin, dövlət-xalq birliyinin və sarsılmaz milli ruhun təntənəsi idi.
Azərbaycan Ordusu bu gün regionun ən güclü ordularından biri kimi ölkəmizin təhlükəsizliyinin, müstəqilliyinin və sabitliyinin əsas təminatçısıdır. 44 günlük Vətən müharibəsində və sonrakı dövrdə əldə olunan tarixi uğurlar göstərdi ki, güclü dövlətin təməlində güclü ordu dayanır.
26 İyun münasibətilə keçirilən yürüşlər bir daha sübut etdi ki, Azərbaycan xalqı öz ordusuna sonsuz inanır, onun hər bir uğurunu öz qələbəsi hesab edir. Bu gün Bakıda, Xankəndidə və ölkəmizin digər şəhərlərində atılan hər addım Zəfərimizin sədası, gələcəyə inamımızın və milli qürurumuzun təntənəsi idi.
Allah Ordumuzu qorusun! Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə möhkəm can sağlığı versin! Yaşasın qalib Azərbaycan Ordusu! Yaşasın müstəqil, güclü və suveren Azərbaycan!
Sevinc Salehqızı
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: