Hər bir şəhid bir ailənin övladı olaraq doğulur, lakin şəhadət şərbətini içdiyi an bütöv bir xalqın qürur mənbəyinə çevrilir. Onlar döyüş meydanına atılarkən arxalarına baxmadılar; çünki bilirdilər ki, qoruduqları xalq, müdafiə etdikləri torpaq bütöv bir millətin namusudur. Şəhidlərimizin hər biri bir qəhrəmanlıq məktəbidir. Onların ömür yolu qısa olsa da, qoyduqları irs əsrlərlə yaşayacaq qədər zəngin və şərəflidir. Baxış Sahib oğlu Əsədov, 30 iyun 1999-cu ildə Ağdam rayonunun Birinci Yüzbaşlı kəndində dünyaya göz açmışdır. Uşaqlıq illərindən sakit təbiəti, nümunəvi əxlaqı və vətənpərvərliyi ilə seçilən Baxış, orta təhsilini doğma kəndində başa vurmuşdur. Həqiqi hərbi xidmətini Naxçıvan Muxtar Respublikasında yerləşən "N" saylı hərbi hissədə uğurla başa vurduqdan sonra da daxilindəki Vətən sevgisi onu rahat buraxmamışdır. O, hərbi xidmətdən sonra müddətdən artıq həqiqi hərbi Xxdmət qulluqçusu (MAHHXHQ) kimi Azərbaycan Silahlı Qüvvələrinin sıralarına yenidən qoşulmuşdur.
2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Baxışın ən böyük arzularından birini – torpaqlarımızın azadlığını görmək fürsətini reallaşdırdı. O, döyüşlərin ilk günündən ön xətdə qərar tutdu. Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində gedən şiddətli döyüşlərdə iştirak etdi. Düşmən mövqelərinin yarılması və strateji yüksəkliklərin azad olunması zamanı böyük şücaət göstərən Baxış Əsədov, sentyabrın 28-də döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid oldu. Nurlu nəşi Ağdam rayonunun Xındırıstan kənd qəbiristanlığında torpağa tapşırılmışdır.
Göstərdiyi rəşadət və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra növbəti dövlət mükafatlarına layiq görülmüşdür:
"Vətən uğrunda" medalı,"Laçının azad olunmasına görə" medalı. Zaman keçəcək, nəsillər dəyişəcək, lakin şəhidlərimizin bizə əmanət etdiyi bu müqəddəs Vətən və onların xatirəsi heç vaxt silinməyəcək. Onlar tarixin yaddaşında və xalqımızın qəlbində əbədi məskən salıblar. Bu gün biz onların ruhu qarşısında baş əyir, bizə bəxş etdikləri bu azad və müstəqil gələcək üçün minnətdarlığımızı bildiririk. Şəhidlər ölmür, onlar sadəcə yerlərini göylərin ən uca zirvəsinə dəyişirlər. Ruhunuz şad olsun, Vətənin məğrur və unudulmaz övladları! Sizin açdığınız yolda qürurla addımlamaq bizim ən böyük andımızdır.
Arzu Tofiqqızı Sedanews.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.