Aqil Məmmədov 5 fevral 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin 457 saylı fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Qəhrəmanımızın adı Qubadlı rayonundakı məktəblərdən birinə və küçəyə verilmişdir.
Fərhad Hümbətov – 10 sentyabr 1968-ci ildə Qərbi Azərbaycanın Böyük Qarakilsə (Quqark) rayonunun Arçut kəndində anadan olmuşdur. 1983-cü ildə burada orta məktəbin səkkizinci sinfini bitirmiş və Komanlı (Spitak) rayonundakı texniki-peşə məktəbində sürücü-mexanik peşəsinə yiyələnmişdir. Hərbi xidməti əvvəlcə Çitada, sonra isə Monqolustan Respublikasında keçirən Fərhad 1988-ci ildə İrkutsk şəhərində ordudan tərxis olunmuşdur.
Fərhadın döyüş yolu çox çətin olmuşdur. O, 1992-ci il martın 7-də Şuşa, Kosalar, Xankəndi istiqamətlərində uğurlu döyüş yolu keçmiş və düşmənin 5 postunu dağıtmışdır. Fərhad 1992-ci il 3 aprel tarixində Xankəndi yaxınlığında sayca üstün olan erməni silahlıları ilə döyüşə girmiş, yaralıları xilas edə bilsə də, özü qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Hümbətov Fərhad Qənbər oğluna "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Bu gün gənc nəsil üçün Aqil və Fərhad kimi qəhrəmanların həyat yolu örnək olmalıdır. Onların şücaəti yalnız keçmişin deyil, gələcəyin də yol işığıdır.
Qəhrəmanlar unudulmur – Yaşayırlar!