Mərkəzi Bankdan yeni qərar: Ödəniş haqları aşağı salınır

Mərkəzi Bankın İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli 39/5 nömrəli Qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib.
sedanevs.az xəbər verir ki, bununla bağlı Mərkəzi Bank məlumat yayıb.
Bildirilib ki, yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib, Real Vaxt Rejimində Hesablaşmalar Sistemi (AZIPS) və Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) üzrə xidmət haqlarının yuxarı həddi müvafiq olaraq 2 və 1.5 dəfə endirilib.
Yeni tarif modelində xidmət haqqının vaxtdan asılı olmayaraq əməliyyat məbləğinin həcminə əsaslanan intervallar üzrə sabit məbləğlərlə tətbiq olunması nəzərdə tutulub.
Bundan əlavə, innovativ ödəniş xidmətlərinə əlçatanlığın artırılması məqsədilə 24/7 rejimində hesablaşmaların real vaxtda icrasını təmin edən Ani Ödənişlər Sistemi (AÖS) üzrə xidmət haqları digər sistemlərlə müqayisədə daha aşağı müəyyən olunub. Ödənişlərin AÖS vasitəsilə icrası istifadəçilərə sadə identifikatorlar ilə bank hesabları üzərindən köçürmələrin aparılmasına, habelə vəsaitlərin dərhal bank hesabına qəbulu ilə likvidliyin yüksəldilməsinə imkan yaradır.
Tarif siyasətinin təkmilləşdirilməsi çərçivəsində Banklararası Kart Mərkəzi (BKM) üzrə xidmət haqlarına da dəyişikliklər edilib, kartdan köçürmə əməliyyatlarının emalı üzrə tariflər müəyyən olunub.
Mövcud bazar şəraiti nəzərə alınmaqla hazırlanmış yeni tarif siyasəti ödəniş sistemlərində innovativ həllərin inkişafını dəstəkləməklə yanaşı, ödəniş xidməti istifadəçilərindən tutulan xidmət haqlarının optimallaşdırılmasına xidmət edir.
Qeyd edək ki, yeni xidmət haqları 2027-ci il aprelin 1-dən qüvvəyə minir.
Sistemlər üzrə yeni tariflərlə keçid vasitəsilə tanış olmaq mümkündür.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: