sedanews.az
sedanews.az

Xüsusi əhəmiyyət daşıyan hərbi əməliyyat

18-10-2021, 14:38 103 dəfə baxılıb

                Xüsusi əhəmiyyət daşıyan hərbi əməliyyat

Hadrut.. Qozluçay dərəsində, Ərgünəş dağının yaxınlığında yerləşən Hadrut İran dillərindəki ha "ara", dü "iki" və rud "çay" komponentlərindən düzəlib, "iki çayın arası" mənasını verir. Kəndin adı 1727-ci ildə Osmanlı qaynaqlarında Dizaq nahiyəsinin Hadrud kəndi olaraq keçir.
1992-ci ildə Hadrut rayonu ləğv olunub Xocavənd rayonunun tərkibinə daxil edilmışdir. 2 oktyabr 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni qoşunları Hadrutu ələ keçirmişdir. 2020-ci ilin oktyabrında İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan ordusu Hadrutu azad etmişdir.
Hadrut, onun tarixi taleyi haqqındakı qısa məlumatdan sonra istərdim sözügedən əməliyyatdan danışım.. Hadrutun azad edilməsi böyük ölçüdə müharibənin taleyini həll edən əməliyyat idi. Çünki məhz Hadrutu azad edəndən sonra Azərbaycan ordusunun xüsusi təyinatlıları həmin istiqamətdən Şuşaya doğru irəliləməyə başladı. Hansı ki, düşmən Şuşaya hücumun bu istiqamətdən olacağını heç ağlına da gətirməmişdi və onlar hücumu iki istiqamətdən-Laçın dəhlizindən və Qırmızı Bazar istiqamətindən gözləyirdi.
Oktyabrın 7-dən başlayaraq ağır artilleriya döyüşləri başladı, oktyabrın 9-də isə Azərbaycan qoşunları qəsəbə yaxınlığında yerləşən strateji əhəmiyyətli kəndləri və yüksəklikləri nəzarət altına aldılar. Əvvəlcə hər iki tərəf qəsəbəyə nəzarət etdiyini bəyan edirdi. Hadrutun azad edilməsi barədə ziddiyətli məlumatlar yayılırdı. Çünki qəsəbənin ətrafındakı hakim yüksəkliklər düşmənin nəzarətində olduğu halda xüsusi təyinatlılar düşmən müdafiəsinin dərinliklərinə sızaraq Hadruta daxil olmuşdu. Digər qruplar isə Hadruta cənub istiqamətindən gələn yolları (Cəbrayıl və Xocavənd istiqamətindən) nəzarətə götürmüşdü. Əməliyyatın sonrakı gedişində Hadrut ətrafındakı yüksəkliklər də azad edildi və təxminən 2-3 gün davam edən döyüşlərdən sonra qəsəbə tamamilə Azərbaycan ordusunun nəzarətinə keçdi. 14 oktyabrda Prezident İlham Əliyev Hadrutun şərq və qərb istiqamətindəki kəndlərin (Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser) azad olunduğu xəbərini verdi. Bu kəndlərin tutulması Hadrutun operativ mühasirəsi demək idi. 14 oktyabrda Ermənistanın baş naziri Nikol Paşinyan isə cəbhədəki uğursuzluğu etiraf etdi.
23 oktyabrda isə Hadrut uğurunda gedən döyüşlər tamamilə başa çatdı və Hadrut Azərbaycan ordusunun nəzarəti altına keçdi. Bu isə bizim böyük qələbəmiz, Ermənistan ordusunun isə biabırçı məğlubiyyəti idi. Onlar bu məğlubiyyəti gözləmirdilər. Ermənistan xəyal edirdi ki, Azərbaycan ordusu Hadrut istiqamətində heç bir qələbə əldə edə bilməyəcəklər. Çünki, onlar bizim Hadrut istiqamətində yox, Füzuli rayonu istiqamətində hərəkət edəcəyimizi gözləyirdilər. Azərbaycan ordusu isə hərbi taktika işlədərək onların gümanlarının əksinə Hadrut uğrunda mərdliklə vuruşaraq, qələbəyə imza atdı.
Prezident İlham Əliyev Hadrutdakı çıxışı zamanı qeyd edib: ''Artıq Hadrut bizim əlimizdə olan zaman Ermənistan rəhbərliyi, rəsmi şəxslər, eyni zamanda Ermənistanın dəyirmanına su tökən bəzi xarici jurnalistlər bəyan edirdilər ki, Hadrut ermənilərin əlindədir. Mən bu günə qədər başa düşə bilmirəm ki, Ermənistan rəhbərliyi nə üçün öz xalqını aldadırdı? Biz dəqiq bilirdik ki, Hadrut bizdədir. Biz bilirdik ki, artıq Ermənistan ordusu burada tamamilə məhv edilib və sağ qalan erməni hərbçilər buradan qorxaqcasına qaçıb dağlarda gizlənmişdilər. Hadrut tam bizdə idi. Ancaq bəzi xarici jurnalistlər bildirirdilər ki, guya Hadrut ermənilərin əlindədir. Hadrutun azad edilməsindən sonra biz Şuşaya istiqamət götürdük. Şuşa əməliyyatının uğurlu keçirilməsi üçün məhz Hadrutu azad etmək önəmli idi. Yenə də düşmənin bizi gözləmədiyi istiqamətdən Şuşaya yaxınlaşdıq. Dağlardan,
dərələrdən, sıldırım qayalardan keçərək, o qayaları dırmaşaraq biz Şuşanı işğalçılardan azad etdik. Ona görə Hadrut əməliyyatı dünyanın hərb elmində xüsusi yer tutacaq''.
Və mən də sonda Ali Baş Komandanın fikirlərinə söykənərək bildirirəm ki, həqiqətən Hadrut əməliyyatı müharibənin gedişində əsaslı rol oynayan, tam qələbəni bizə daha da yaxınlaşdıran bir döyüş oldu. Var olsun Cənab Prezident, var olsun şanlı Azərbaycan Ordusu. Bir daha şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm.
Suraxanı rayonunun fəal gənci Türkan Bayramova






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA