Şübhə yoxdur ki, həm Rusiya, həm də Qazaxıstan hər kəsin öz fikrini bildirmək hüququna malik olduğu müstəqil və demokratik ölkələrdir. Bu, tez-tez müxtəlif növ təxribatçılar tərəfindən istifadə olunur. Amma belə tələsik bəyanatlar təkcə deputat tərəfindən deyil, Dövlət Dumasının sədr müavini cənab Tolstoy tərəfindən səsləndiriləndə mən bunu qətiyyən yolverilməz hesab edirəm. Görünən odur ki, cənab Tolstoy təxribat xarakterli bəyanatları ilə ölkəsinin rəhbərliyinin siyasətini şübhə altına alır. Görünür, Tolstoy başa düşmür ki, onun sözləri Rusiyanın özünün maraqlarına xələl gətirir.
Axar.az “Tengrinews”a istinadla xəbər verir ki, bu sözləri Qazaxıstan parlamentinin deputatı Murat Abenov Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoyun Qazaxıstanla bağlı iddiasına münasibət bildirərkən deyib.
O bildirib ki, Tolstoy iki ölkənin qonşuluq və müttəfiqlik münasibətlərinə uyğun gəlməyən bir sıra bəyanatlar verib:
“Vətəndaşların nəzakətsizliyi, hüquq mədəniyyətinin aşağı olması ilə bağlı ayrı-ayrılıqda baş verən hadisələr deputat tərəfindən tendensiya kimi təqdim olunur və bu, ciddi narahatlıq yaratmaya bilməz. Amma Rusiyanın özündə qazaxfobiya təzahürləri ilə bağlı çoxlu hallar var, lakin qazax deputatlar iki dövlət arasında dostluq və əməkdaşlıq maraqlarına əsaslanaraq, heç vaxt belə hadisələri dramatikləşdirmirlər. Qazaxıstanlı deputatlar Qazaxıstan-Rusiya münasibətlərinin bütün aspektləri üçün rusiyalı deputatlardan qat-qat çox məsuliyyətlidirlər.
Rusiyanın çoxmillətli xalqını təmsil edən rusiyalı həmkarlarımı iki qonşu dövlət arasında dostluq və əməkdaşlığa hörmət etməyə çağırıram. İstəməzdik ki, Qazaxıstan-Rusiya dostluğu dövlət maraqlarının deyil, şəxsi maraqların diktə etdiyi bu cür məsuliyyətsiz bəyanatlara görə zərər görsün”.
Qeyd edək ki, Tolstoy “Qazaxıstan şəhərlərinin əslən rus olduğunu və Rusiyanın onlara tarixi hüququ çatdığını” bildirərək, Qazaxıstanın milli siyasəti, hətta latın əlifbasına keçmək istəyinə qarşı anlaşılmaz isteriya nümayiş edirmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.