Xəzər dənizi regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır.
Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbədən sonra yaratdığı reallıqlar var. Həmin reallıqlar Zəngəzur dəhlizinin açılmasının, daha sonra isə Türkiyə vasitəsi ilə Aralıq dənizi hövzəsinə çıxışın təmin edilməsi deməkdir. Bütün bunlar o deməkdir ki, Azərbaycanla əməkdaşlığın yaxşılaşdırılmasına hər bir ölkə, xüsusəndə Xəzəryanı ölkələr çox maraqlıdırlar və bu fonda da Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı son dərəcə əhəmiyyətli hesab olunur. Ölkə rəhbəri cənab Prezident İlham Əliyevin müdrikliyi, uzaqgörənliyi, uğurlu strategiyası nəticəsində reallaşdırılmış neft-qaz kəmərləri, digər transmilli layihələr Azərbaycan regionun ən əhəmiyyətli ölkəsinə çevrilib. İstər iqtisadi, istər siyasi, istərsə də coğrafi, yaxud hər hansı baxımdan Azərbaycanın əhəmiyyətini artırdığını göstərmək mümkün deyil və bu baxımdan da bütün beynəlxalq platformalarda ölkəmizin qaldırdığı hər hansı məsələ həmişə öz müsbət həllini tapır. Liderlərin ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək imkanı əldə etdiyi Zirvə toplantısının əhəmiyyəti olduqca böyükdür. Belə təmasların, dialoqun olması dövlətlərarası münasibətlər sistemində son dərəcə vacib hesab olunur.
Leyli Rüstəmova
Suraxanı rayonu 315 №-li tam orta
məktəbin Təlim-tərbiyə işləri üzrə
direktor müavini