Bu halda tutulan oruclar batil hesab olunur
“Orucu o insanlar tuta bilər ki, onların səhhətində problem yoxdur. İnsan özü bilir ki, səhhətində hansı problem var. Əgər oruc tutmaq həmin problemə mənfi təsir edirsə, tutmamalıdır. Oruc tutan insan heçnə yemir və içmir. Əgər insana maye qəbul etməmək və qidalanmamaq təhlükə yaratmırsa, oruc tuta bilər”.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev deyib.
Onun sözlərinə görə, belə hallarda insanlar mütləq şəkildə həkimlə məsləhət etməlidir:
“Gənc insanlarda sağlamlıq problemlərinə çox da rast gəlinmir. Əsasən narahatlıqlar yaşlı insanlarda görülür. Məsələn şəkərli diabeti var, yaxud ürəyi zəifdir. Həkimlər deyir ki, qidalanmalıdır, şəxs isə deyir oruc tutmasam olmaz. Əgər o insan həkim deyənə qulaq asmasa, canı üçün təhlükə yaratsa, orucu batildir. Eyni zamanda əgər öz bədənini həlak edərək ölümlə qarşılaşsa, həmin şəxs Allah məhkəməsində buna görə cavab verəcək. O şəkildə tutulan oruc ibadət hesab olunmur”.
F.Nurullayev qeyd edib ki, bəzən hamilə qadınlar bədənlərinin qidaya ehtiyacı olsa da, oruc tutur:
“Əgər hamilə qadın bu halda özünə və körpəsinə ziyan vurarsa, günahkardır, orucu da batildir. Əgər həkim icazəsi olarsa, hamilə qadınlar oruc tuta bilər. Bununla belə qadınlar bu zaman mütləq şəkildə diqqət etməli, özlərini yaxşı hiss etmədikləri zaman bunu dayandırmalıdırlar. Yaşlıların səhhəti imkan vermirsə, bu ibadəti yerinə yetirmələri düzgün deyil. Həkim deyir, sənə qidalanmaq lazımdır, insan isə vəziyyəti pisləşsə də oruc tutmağa davam edir. Əgər insanın vəziyyəti pisləşirsə, bu oruc qəbul edilmir”.
“İnsan belə hallarda oruc tutmamalıdır, tutarlarsa, savab yox, günah qazanmış olarlar. Orucu sağlam insanlar tuta bilər. Elə insanlar var ki, gündəlik dərman istifadə edir. Əgər dərmanı iynə ilə əvəz etmək olursa, orucu tuta bilər. İnsan oruc zamanı iynə dərmanlardan istifadə edə bilər.Yox əgər dərman mütləq şəkildə ağız yolu ilə qəbul edilməlidirsə, o şəxsin orucu da batil sayılır. Oruc tutan insanın birinci canı sağlam olmalıdır, sonra orucunu tutmalıdır”- Sədr müavini bildirib.