sedanews.az
sedanews.az

HƏSRƏTLİ YOLLARIMIZA İŞIQ SAÇAN İNSAN!

6-10-2023, 12:25 301 dəfə baxılıb

   Yazacağım bu yazının qəhrəmanı çox təəssüflər olsun ki, mənə rəy bildirə bilməyəcək. Ancaq onu, ailəsini, qohimlarını tanıdıqlarıma görə kimlərəsə
minnətdaram.
   Onunla bağlı xatirələrini mənimlə bölüşmək istəyən İbrahim müəllimgilə girəndə nəzərimi divardan asılan saz cəlb etdi. Sazlı-sözlü bir ailənin üzvləri ilə həmsöhbət olmaq necə də insanın ruhuna sakitlik gətirdiyini gördüm. Sazı özləri üçün söz, qəlb açarı sayan Kəlbəcərlilər mənə doğmalarım qədər yaxın olurlar.
    Ibrahim müəllim həm xatirələrini, həm də arzu-istəklərini danışdıqca necə böyük bir ürək sahibi olduğunu görürük. Eyni zamanda qardaşı, həmkarı olan Şəfi müəllimlə bağlı hər bir xatirəsi onu keçmişə aparır, sanki o xatirələri incitməkdən qorxub, çəkinirdi. Ömrünün sonuna qədər müəllimlik peşəsinə sadiq qalan Şəfi müəllim eyni zamanda bir elin, obanın, qəsəbənin, nəslin ağsaqqalı olmuşdur.
   Bütün danışılanlara diqqət ayıraraq söhbəti kəsmirdim ki, bu el müəlliminin, el ağsaqqalının şərəfli ömür yolunu yazıda düzgün işıqlandırım. Murtuzayev Şəfi Həsən oğlu 1958-ci il 5 may tarixində Kəlbəcər rayonunun İstisu qəsəbəsində sadə, zəhmətkeş, qəhrəman bir ailədə dünyaya göz açıb. 5 qardaş, 5 bacı olan bu ailənin böyükləri övladlarını halallıqla böyüdərək cəmiyyətə, xalqa layiqli insan olaraq yetişdirmişlər. Bəlkə də çox uşaqlı ailələrdə təsadüfən olardı ki, övladlarına ali təhsil verə bilsinlər. 5 qardaş ali təhsil alaraq elinin, kəndinin, obasının söz deyən oğullarından olurlar.
  Ailənin 3-cü övladı olan Şəfinin hələ uşaq yaşlarından hər sahədə istedadlı olması bütün ailənin fərəhinə səbəb olur. Istər orta məktəb illərindən, 9 illik məktəbi qırmızı şəhadətnamə ilə qurtarması Şəfinin gələcək uğurlarından sanki xəbər verirdi. 11 illik təhsildən sonra sənədlərini Gəncə Dövlət Pedaqoji İnstitutunun (indiki GDPA) Riyaziyyat fakültəsinə verərək qəbul olunan gənc Şəfi
buranı da qırmızı diplomla bitirir.
   Şəfi tələbə olarkən qarşısına ancaq yüksək nəticə göstərməyi qoymuşdur. Çünki ali məktəbə daxil olarkən evin böyük oğlu İbrahim də artıq burada II kursda eyni fakültədə təhsil alırdı. O zamanki çətinliyə baxmayaraq tələbə təqaüdü alaraq, bütün çətinliklərə sinə gərən Şəfi 1977-ci ildə təyinatını ilk olaraq Kəlbəcər rayonunun Çıraq kəndinə alır. Buradakı 3 illik fəaliyyətindən sonra doğma kəndinə yerdəyişmə edir. 9 illik kənd məktəbinin bazası artıq uşaqların sayına görə
çətinləşir. Və Şəfi müəllimin təşəbbüsü ilə 11 illik məktəbə çevrilir. Daima yenilikçi gənc müəllim olaraq həvəslə işə başlayan Şəfi müəllimin arzularını məlum Qarabağ hadisələri yarımçıq qoyur. Elini, evini, min bir əziyyətə qurub-yaratdığı məktəbi, yetirmələrini ürəyi sızlaya-sızlaya hamı kimi o, da yanıla-yaxıla tərk edərək Bakıya qohumlarının yanına gəlirək, qaçqın bir müəllim həyatının bağlanğıcını qoyur. Ancaq heç vaxt ruhunu qaçqın qoymayan Şəfi müəllim yaşananlara boyun
əymir. Məktəb həyatı üçün darıxan şagirdlərinin səslərinə, ayaq tappıltılarına öyrəşən Şəfi müəllim öz müəllim həmkarları ilə razılığa gələrək Xırdalan şəhər 2 saylı məktəbin nəzdində Kəlbəcər rayonu 20 saylı tam orta məktəbini yaradır. Bax, peşəsini sevən, onunçun hər çətinliyə dözən insan məhz Şəfi müəllim kimi hərəkət edərdi.
Çünki müəllim öyrədəndi, müəllim ustaddı, müəllim ustadı, müəllim yol göstərəndi. Müəllim həm də işıqdı, nurdu, yüzlərlə, minlərlə insanların da ömrünə düşür. Bu işığın başlanğıcı var, sonu olmur. Həyat bəlkə də ona görə gözəldi. Bu gözəlliyin ən önəmli qaydalarından biri də sonsuz sevgidir. Uşaqlara sevgi olmadan müəllim peşəsini bu qədər dərindən mənimsəmək olmaz. Uşaqları
sevməyi, onlara qayğı göstərməyi bacaran insan Şəfi müəllim kimi olur. Şəfi müəllim bilirdi ki, nə qədər məktəb həyatını, şagirdlərini sevsə, mütləq bəhrəsini görəcək.
Məktəb içində məktəb olmağı ilə barışmayan Şəfi müəllim həm müəllim olaraq, həm də kollektivə cavabdeh direktor kimi bütün məsuliyyəti başa düşərək yollar axtarır ki, qoyub-gəldiyi arzularını davam etdirsin.
  Zəhməti hədər getmir. Hardansa xeyriyyə işləri ilə məşğul olan İngiltərə təşkilatının vasitəçiliyi ilə yeni bir 11 otaqdan ibarət məktəb tikdirir. Burada 250 nəfər şagird təhsil almağa, 40 nəfər müəllim heyəti isə öz peşələrini davam etdirməyə başlayır. Müəllim kollektivinin çoxu elə Kəlbəcərdən uzaq düşmüş, ürəkləri həsrət ilə alışıb-yanan həmkarları olur.
 Hər zaman şagirdlərinin rahatlığını, heç nəyin fikrini çəkməməklərini düşünən Şəfi müəllim qış fəsli gələndə məktəbin qızdırıcısı olmamasının da çarəsini tapır. Üzünü eloğlusuna – Cavid Qurbanova tutaraq məktəbin istilik sisteminin çəkilməsinə köməklik etməsinə nail olur.
Məktəbin abadlığı, təmizliyi, kollektivin işgüzarlığı daim diqqət mərkəzində olduğu üçün hətta seçki məntəqəsinə belə çevrilir.
Şəfi müəllim riyaziyyat fənninə xüsusi sevgisi olan şagirdlərinə təmənnasız olaraq hətta repiritorluq edir, onların gələcəklə bağlı düzgün seçim etməsinə yardım edirdi.
Məktub arzusunu yerinə yetirməyinə baxmayaraq, ürəyində Kəlbəcər həsrəti yaşadan Şəfi müəllim öz direktor otağında yurd yanğısını sazla, Sücaətin şeirləri ilə ovudurdu. Hətta Kəlbəcəri unutmayan, özləyən insanları, ziyalıları başına toplayaraq şeir, sənət məclis təşkil edərək, sanki bu günləri Kəlbəcərin düşmən
tapdağından azad olunacağını duyururdu. Inanıram ki, Şəfi müəllim Kəlbəcərin azad edilməsini eşidəndə köksü Xırdalanda qurub yaratdığı Kəlbəcər rayon 20 saylı məktəbin həyətinin divarlarına
belə sığmayıb. Ancaq səhhətində yaranan problemlər onu doğma el-obasını ziyarət etməyə imkan vermir. Yaşadığı illərdə heç zaman dağını, dərəsini, cığırlarını, çayını unutmadığı Kəlbəcəri görmək ona qismət olmur.
Şəfi müəllimin şəkillərinə baxanda gözlərindəki bu nisgili görməmək mümkün deyil. Baxışlarındakı kövrəklik insanın ürəyini sızladır. Eh, nə qəribə dünyadı? Həyat da heç nədən çəkinməyərək nələrəsə nail olan Şəfi müəllim 30 il həsrətində olduğu torpağa qovuşa bilmir, elə həsrətli qalır.
64 yaşında 2023-cü il may ayının 13-ü gözlərini əbədi olaraq yumur. Məzarı burada, ruhu isə Kəlbəcərdə dolanır. Bir müəllim ömrü, yurd həsrətli Vətən oğlunun arzuları buraya qədər imiş. Ömür vəfa etsəydi hələ nələr edə bilərdi.
  İnanırıq ki, Şəfi müəllimin bizlərə əmanət qoyub getdiyi, yolunu davam etdirən övladları Zaur və Şəlalə, onlarca yetirmələri onun arzularını həyata keçirəcək,xatirəsini hər zaman əziz tutacaq.
Hər il müəllimlər günündə məzarını ziyarət edən yetirmələri, doğmaları, dostları bu sözləri deyəcək:
- Sən bizlərə, yolumuza işıq, nur oldun!
- Ruhun nurla dolsun, Şəfi müəllim!
- Məndədi, bizdədi Sizin müəllim ömrünüz!
                                       Könül Mahir,






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA