sedanews.az
sedanews.az

BİR SEVGİNİN SEİRİ

13-06-2023, 13:41 1 241 dəfə baxılıb

BİR SEVGİNİN  SEİRİ
    

    (Bu poema 18-ci əsrdə olmuş əhvalat əsasında
qələmə alınmışdı. Laçın kəndi  necə yarandı?!
Və bir nəslin hekayətindən bəhs olunur.)
———————————————-
    Xeyriyyəçi, mərd, igid  nə unudulmaz, nə də yaddan çıxmaz! Yaddaşlarda yaşar!
  Çıraq bəy 1750-ci idə Kəlbəcərdə Laçın kəndinin bünövrəsini qurmuş kərbəlayı Əziz bəyin nəvəsi idi.
     Əziz bəyin atası Laçın mahalının  kəndxudası,
xeyriyyəçi olmuşdur. Anası Laçının Alxaslı kəndindən zəngin varidat sahibi, Hacı Seyid Həmid bəyin bacısı idi.  Həmid bəy əslən Zəngəzurlu olub.
     Əziz bəy öz sevgisinə qovuşmaq üçün 18 yaşında Laçını tərk edərək, Kəlbəcərin Laçın kəndində məskunlaşmağa məcbur olmuşdu.  Bir daha Laçın mahalına qayıtmamışdı.
     Çünki, onun xanımı Şuşa əsilzadələrindən idi və bu qızların kənar şəxslərlə ailə qurması yasaq idi.
     O, sevgisi naminə qızı qaçırmağa məcbur olmuş; yeni kənd salaraq bir daha dədə-baba yurduna qayıtmamışdı.
   Əziz bəy oğlu kərbəlayı Ocağa vəsiyyət edərək, müdrik və qorxmaz olduğu üçün bütün sərvətini nəvəsi Çıraq bəyə ötürmüşdür.
   Çıraq bəy ata-baba əmlakını xeyli artırmış, bölgənin sayılan adamlarından olmuşdu.
   Lakin 1865-ci ildə 100 nəfərlik atlı, pristav dəstəsi kəndə basqın edərək onun bütün varidatını müsadirə edib, Xankəndi istiqamətinə  aparmışdı.
   Erməni Muğun da, dəstəyə komandalıq edənlərdən biri idi. O, çar hökumətinə vergi yığan qəddar adam olmuşdu.
  Həmin vaxt jandarm uzaqdan, kol dibindən aynalı tüfənglə Çıraq bəyi öldürmək məqsədilə nişan alıb. Bunu gorən  17 yaşlı oğlu Məhəmməd cəsurluq göstərmişdi. Dərhal özünü irəli ataraq atasını xilas etmişdi. Atılan güllə onu qıç nahiyəsindən ağır yaralamışdı. Məhəmməd 16 gün yataqda qalmış və aldığı  xəsarətdən həlak olmuşdu.
    Oğlunun ölümündən sarsılan Çıraq bəy 20 gündən sonra vəfat etmiş (1796-1865-ci il)  və Laçın kənd məzarlığında torpağa tapşırılmışdı.
   Bu poemada  Çıraq bəyin babası Əziz bəyin Şuşadan əsilzadə nəslindən olan
Həlimə xatunu dağ yolu ilə 
Kəlbəcərin Laçın kəndinə qaçırmasına dair
hekayətindən və Laçın kəndinin yaranışından bəhs olunur.

              (Poema)
      
              Müəllifdən

Günlərin bir günündə,
Babamla söhbət etdim.
Səcərəsin öyrəndim.
Tarixi vərəqlədim,
18-ci əsrə kökləndim...

İki gəncin sevgisin,
Bir sevginin sehirin,
Çox ibrətamiz bildim!
Arayıb təhlil etdim,
Bu gerçəyi öyrəndim.

Əziz -Həlimə eşqin,
Aşiq-məşuq sevgisin,
Birincinin sözüylə,
İlkinnən nəzmə düzdüm...

     Əziz bəyin Şuşa səfəri

Min yeddi yüz əllidə,
Baharın ilk günündə,
Dan yeri söküləndə,
Üç atlıyla birlikdə,
Şuşaya səfər etdim.

Xanlığa daxil oldum,
Özümü təqdim etdim.
Adım, Əzizdi,- dedim.
"Laçınnan salamlar var,
Xana sovqat gətirdim."

“Kəndxudanın oğluyam,
Payı lələm, göndərdi.”
Keşikçi qəbul  etdi.
Bəy lələmi tanıdı,
Mənə, ”sağ ol!”da,- dedi.
                * * * * *
      Həliməylə ilk söhbət

Orda bir gözəl gördüm,
İlk baxışdan vuruldum.
Adın sordum, öyrəndim,
Dedilər;- Həlimədi!
Həm də, əsilzadədi!

Hər gün ora at sürdüm,
Tez-tez bulaqda gördüm...
İmkan tapdım, xəlvəti,
Onunla söhbət etdim.
İstəyimi bildirdim!

Həlimə asta səslə:
-“Bizlərdə böyüyən qız,
Kənara ərə getməz,
Bu yasaqdı, düzəlməz,
Edam, edərlər!..,dəyməz!”

O, xəfif gülümsədi,
Tez uzaqlaşıb getdi.
Bəs niyə gülümsədi?
Yəqin yazığı gəldi?
Yoxsa təsəlli verdi?

Bir məktub yazdım ona:

-Bu necə yaradı, vurdun qəlbimə?!
Nə olar, yaramı sən özün bağla.
Nə təbib, nə loğman sağalda bilməz,
Qanatdın qoramı; sən özün bağla!

Anlaya bilməsən təmiz eşqimi,
Sirri gizlin saxla, heç kimə açma.
Hicranın çox çəksə, demə fikrimi,
Ağlasan halımı, içində ağla!

Sənsən qəlbimdəki ən uca qala,
Sən ordan enməzsən bir gün can qala.
Qoymaram sevgimə göz yaşı qona,
Nə olar, yaramı sən özün bağla!

Xeyli pərişan oldum,
Üzgün, çarəsiz qaldım.

Dedim:-“Yolum,haqq, yoldu,
Öldü var, döndü yoxdu!”

“Bizimki bəxt, yazıdı,
Yazıya pozu yoxdu!”

Könlümnən bir nəğmə keçdi,
Zümzüməmnən yer titrədi:

-Bu aləmdə  bircə gözəl sevmişəm,
Özü də, ağlı da ,hamıdan gözəl.
Onun saflığına heyran olmuşam,
Oturuşu, duruşu hamıdan gözəl!

Saya almaz, nə birini, minini,
Dindirmək olurmu könül simini?!
İlk baxışdan seçir düzü, əyrini,
Ədəbi, ərkanı hamıdan gözəl!

Ağılda, kamalda tək yaranıbdı,
Eşqinnən qəlbimdə od yaradıbdı.
Sevgimin yolunda tək yaranıbdı,
Söhbəti, əməli hamıdan gözəl!

Ömür vəfa etsin onun ömrünə,
Talehi qıymasın bircə telinə.
Bəxti şəfəq saçsın onun üzünə!
Baxışı, yerişi hamıdan gözəl!

                 * * * * *
       Əziz bəy cıdırda

Çox düşünüb, daşındım,
Mən Şuşaya yol açdım.
Tez-tez ora, yollandım,
Yolu, izi  tanıdım.

Eşitdim ki, cıdır var,
Mən cıdıra qatıldım,
Ayaq üstə at çapdım,
İlk qaçışda tanındım!

Meydanda alqışlandım,
Yarışı mən qazandım!
Yüksək ödül də aldım,
Cıdır düzə bağlandım!

Həlimə əl eylədi,
Könlümü şad eylədi,
Hiss etdim ki, sevindi.
Axır ”hə”sini aldım. 
Ona namə də yazdım:

-Elə baxma süzgün-süzgün,
Gəl könlümə vurma düyün.
Bu işvəyə necə dözüm?
Qəsdimə durma, Sən Allah!

Baxışların qan eyləyir,
Sönmüş şəmi şad eyləyir,
Gilə-gilə naz eyləyir,
Yandırıb yaxma, Sən Allah!

Gözəllikdə yox bənzərin,
Rəhm eyləmir o gözlərin.
Qılınc çəkib nəzərlərin,
Bu cana qıyma, Sən Allah!
                    *
Təkrar ona vuruldum,
Məktubunu oxudum:
-Gəl buralardan gedək!
Uzaqlar olsun mütləq!

Onnan çox məmnun qaldım,
Sanki, göyə ucaldım.
Məktuba cavab yazdım,
Həmən ona çatdırdım:

-Mən bir kəndçi oğlan, sən Qalalı qız,
Görən tək, sevmişəm min gül içindən.
Kənddə tapılmadı sənə bənzəri,
Axtarıb seçmişəm xanlıq içindən!

İlk baxışdan sənin heyranın oldum!
Özüm də bilmədim necə vuruldum.
Ala gözlərinin əsiri oldum,
Könlümə tez köçdün könül içindən!

Gecəmi, gündüzü əlimdən aldın,
Ruhum da, canım da yanında qaldı.
Fikrim, xəyallarım sənə bağlandı,
Gözlərimə köçdün, gözlər içindən!

Həlimə məktubu aldı,
Dərhal cavabını yazdı:

-Bir bədəndə iki ürək,
Birisi sən; birisi mən.
Yarım,-deyib bütövləşən,
Birisi sən, birisi mən!

Eşq atəşində alışan,
Vüsal hicrilə barışan.
Sevən gözüylə baxışan,
Birisi sən, birisi mən!

Yaz ətrini qışda saçan,
Pərvanətək şəmdə yanan.
Tez-tez küsən, həm barışan,
Birisi  sən, birisi mən!
               * * * * *
        Xeyir-dua 

Qardaşım bildi sirri,
Məhəmməd çox sevindi.
Xeyir-duasın verdi!
Sıxıb əlimi,-dedi:

-Dünya yaranışdan sirli yaranıb,
Bu sirrin içində sirdaşdı qardaş.
Gah yanıb kül olub, gah da talanıb,
Ən çətin fənada dayaqdı qardaş!

Həyat mübarizə, uduzmağı var,
Şahmat oyunudu, patı,matı var,
Şahın da meydanda yıxılmağı var,
Bu çətin oyunda arxadı qardaş!

Bəxt səni güldürsə, var aşıb daşsa,
Ac günün, dar günün qaçılmaz olsa.
Günəş qürub etsə, axşam şər düşsə,
Qaranlıq zülmətdə Günəşdi qardaş!

Qardaş qardaşından ayrılıb getməz
Etdiyi köməkdən təmənna güdməz!,
Aldığın, verdiyin geri götürməz,
İlahidən gələn sərvətdi,
qardaş!

“Harda olsan, gələcəm”
“Səni tapacam,”-dedi.

Yurdu əmanət etdim:
-Dədəm əhv etsin məni,
Belə yazılıb yazım,
Yəqin görərsiz məni!

Dədəmnən çox utandım,
Sirri ona açmadım.
Alxaslıya yollandım,
Həmid dayım da bildi.

Seyyid Həmid nur idi,
El -obada ər idi.
Mənə halallıq verdi!
Xoşbəxt ömür dilədi!

Onnan məsləhət aldım
Dedi:-get qarlı dağa!
Cüyür olan ovlağa,
Gecələyin kahada!

Ora yaxşı bələdəm,
Xeyli ov da etmişəm.
Çox ağlagəlməz yerdi,
Qorxma, tapmazlar sizi!

Bulaqları çox soyuq,
“Şır-şır”,”Beş-beş,””Ləl”bulaq.
Qayada təbii otaq, 
Deyərlər,”Otaq” qaya.

Əlin çiynimə  qoydu,
Üzün dağlara tutdu:

-Oğul, bu zirvəni aşmaq istəsən,
Borana düşəndə ,ehtiyatlı, ol!
Ayının, vaşağın min oyunu var,
Meşəni keçəndə ehtiyatlı ol!

Aslan hikkələnib cüyür istəyir,
Canavar pusquda keçi gözləyir.
Pələng iştahlanıb qaban izləyir,
Çovğuna düşəndə ehtiyatı
ol!

Bəbir hirsli-hirsli bığın çeynəyir,
Ovçu hiylə qurub tələ gözləyir.
Kaftar-küs axşamlar hücum eyləyir,
Axşama düşəndə ehtiyatlı ol!

-Dağlar  çox qəribədi,
Hərdən hədsiz hirslidi,
Hərdən də, çox həlimdi.
Heç qorxma, ürəkli ol!
Daim ayıq-sayıq ol!

Sonra mehtər çağırdı,
Səkil at bağışladı.
Kəhər par-par yanırdı,
Belə at harda vardı?!

Adı ”Ceyrangöz” idi,
Ceyrana bənzəyirdi.
Əsil Qarabağ atı.
Qızılı qaşqa idi,
Dostluğa sadiq idi!

Xeyli xərclik də,verdi,
Mənə alqışın etdi:

-Əziziyəm toy ola,
Şənlik ola toy ola.
Tanrıdan arzum budu,
Gələn ili bu vaxtı,
Bu evdə övlad ola!

Dayım çox hörmət-izzətlə:
-Tezliklə qonaq gələcəm!
Lələndən var gətirəcəm!
Bu vədimə də əmin ol!

Dayıma ”əlvida”-dedim,
Xudahafizləşib getdim.
             * * * * *
   Dağlara güvənc...

İnandım mən özümə,
Silah taxdım belimə.
Həliməylə görüşdüm,
Fikrimi izhar etdim.

Razılaşıb qaçırtdım,
Ömrümə yoldaş etdim.
Şükür, vüsala yetdim.
Bəxtə şükür, İlahim!

Neçə dağ-dərə keçdik,
“Gərdən”i gərdək seçdik.
Arzuya kama yetdik,
Ruzgara bax, İlahim!

Pərvazlandı yenə könlüm,
Baxıb ona xitab etdim:

-Ürəyimi sənə əbədi verdim,
Saxlasan özündə ,əmanət saxla.
Saxlaya bilməsən, günün birində,
Gizlət ürəyinin başında saxla!

Bu sirlər qövr etsə, incitsə səni,
Xatirələr bir gün kövrəltsə
səni,
Olanlar, keçənlər ağlatsa səni,
Göz yaşı axıtsan içində ağla,
Mənim istəyimi eşqində saxla.
Gizlət ürəyinin başında saxla!

Qoru yapışmasın toz-duman ona,
Vurasan ömrünü şad-xürrəm sona.
Dəyməsin nə kənar, nə əğyar ona,
Mənim istəyimi istəkdə saxla!
Gizlət ürəyinin başlnda saxla!

Həlimə çox kövrəldi,
Cavab olaraq dedi :

-Varmı səni əvəz edən
dünyada?
Varım da, yoxum da sənin özünsən!
Sevən ürəyin ürəyimin başında,
Ruhum da, canım da, sənin özünsən!

Sənə inamımı kimsə endirməz,
Əhdə sadiq olan xəyanət bilməz!
İnam itsə, aşiq olmağa dəyməz!
Qəlbimin məlhəmi sənin özünsən!

Hər kəsin var qisməti, sən də mənim,
Belə yazmış bəxti, talehi yazan.
Şükr edənin var payı, sən də mənim,
Könlümün həmdəmi sənin özünsən!
                      * * *
Xeyli güldük, danışdıq,
Gecələr yolda qaldıq.
Görünməz yerə çatdıq,
Qarlı aşrımı aşdıq,
Şükür sənə, İlahim!

Kahanı oba seçdik,
Elə bil saray tikdik.
Qurdla qonşuluq etdik,
Qonşuya bax, İlahim!

Gırdınnan ocaq çatdım,
Alovu ərşə qalxdı.
Dağlara yay yaşatdım,
Zülmətdə işıq saçdım,
Sevgiyə bax, İlahim!

Könlümdən bir nəğmə ötdü,
Sədası dağlara düşdü :

-Əziziyəm, a dağlar,
Başı dumanlı dağlar.
Mənə səngər oldunuz,
İgid vəfalı dağlar!

Əziziyəm, a dağlar,
Möhtəşəm, uca dağlar.
Zirvədə məkan verdiz,
Qarlı, qonaqlı dağlar!

Biz də sizə sirdaşıq,
Bir həftəlik qonağıq.
Biz sizi unutmarıq,
Toylu, busatlı dağlar!

Həlimə gülümsədi,
Asta səslə söylədi:

-Əziziyəm saralar,
Bostan solar, saralar.
Qartal zirvədən köçsə,
Dağ başını sar alar!

Yol uzun, karvan gedər,
Səhra susuz, ləng gedər.
Sarvan yolunu azsa,
Bu karvan hara gedər?!

Yar yarına tən olar,
Hər addımda yan olar.
Sönməz sevgi şöləsi,
Sevinc olar, nur olar!

Əhsən,- dedim Həliməyə
Xitab etdim ona yenə:

-Qar üstündə gəzən işvəli gözəl,
Nə gözəl yaraşır bəyaz qar sənə.
Təbiət özü də sehirlənibdi,
Elə bil göstərir xoş pişvaz sənə!

Buludlar çəkilir, göy üzü açıq,
Günəş də göstərir səxavətini.
Qar-qırov səngiyir, ilıqdan ilıq,
Şaxta da eyləyir xoş ruzgar sənə!

İstədim öyrənəm mən də bu sirri,
Gördüm ki, dağ-dərə, heyrandı sənə.
Yandırıb yaxırsan bir mələk kimi,
Təbiət göstərir xoş istək sənə!

Yoxdu, bər-bəzəyin, ənlik-kirşanın,
Geyim-kecim, zər-ziban öz yerində.
Təbii olanı təbiət  sevir,
Sadəlik gətirir şan-şöhrət sənə!

Həlimə təsirləndi,
Fikrini izhar etdi:

-Sevgi yaşadanı kimsə yaşatmaz!
Sevgi sağaldanı loğman sağaltmaz!
Sevgi ağladanı məhşər ağlatmaz!
Təbibdi, məlhəmdi sevən 
ürəyi!

Sevgisi olanıngücü çox olar,
Nisgili, kədəri kölgədə qalar.
Ruhu da, qəlbi də saf-təmiz
olar,
Körpətək pak olar sevən 
ürəyi!

Sevgilə yaranıb bütün kainat,
Ona baş əyməmək günahdan günah.
Torpaq da ,səma da sevgiyə müştaq,
Ona düz olmamaq günahdan günah,
Aytək nurlu olar sevən ürəyi!

Onun ağlına əhsən ,-dedim,
Sözlə canlı rəsmini çəkdim:

-Dağ başında gəzirsən,
Göy çəmənə bəzəksən.
Güllər utanır səndən,
Hər çiçəkdən qəşəngsən.
Dərdlərimin çarəsi,
Qəlbimin bir parəsi, Sən, sən, sən!

Yanaqların lalədi,
Gözlərin piyalədi.
Duruşun tək danədi,
Dərdlərimin çarəsi,
Qəlbimin bir parəsi,
Sən, sən, sən!

Süzgün-süzgün süzürsən,
Oğrun-oğrun gülürsən.
Ürəyimi üzürsən.
Dərdlərimin çarəsi,
Qəlbimin nur parəsi,
Sən, sən, sən!

Söz-söhbətin gözəldi,
Nar-heyva da ,özəldi.
Dil-dodağın əzəldi,
Gözümün ağ-qarəsi,
Qəlbimin bir parəsi,
Sən, sən, sən!

Bədənin qar danəsi,
Əndamın dürr danəsi.
Buxağın gül parəsi.
Gözümün ağ-qarəsi,
Dərdimin tək çarəsi,
Sən, sən, sən!
                 * * * * *
      Quzey kənd

Dağı, dərəni aşdıq,
Kimsəsiz oba tapdıq.
Qışı daxmada qaldıq.
Adın Quzeykənd qoyduq,
Taxılı orda əkdik.

Öküz, kotan, xış aldım,
İşçi, kömək topladım.
Əkin-biçin eylədim,
Hər məhsuldan bol oldu,
“Həmərsinlik dad oldu!

Dağda kartof becərdik,
Quyularda gizlətdik.
Arpa yerin də seçdik,
Arxın suyunu çəkdik,
İlk məhsul buğda oldu!

Qışa tədarük gördük,
Meşədən meyvə dərdik.
Alma, zoğal, qoz, fındıq,
Çiyələk, qarağat, moruq.
Armuddan qax kəsdirdik,
Çörəyə əvəz oldu!
            * * * * *
      Laçını Laçın bildik

Dağı, yamacı gəzdik,
Müqəddəs bir pir gördük.
Pirdə  dualar etdik!
Allahu Əkbər! ,-dedik!

Yeni  bir oba tapdıq,
Xeyli gəzib-dolandıq.
Gözəlliyə mat qaldıq,
Əsrarəngiz bir oba!

Hər tərəfi dağ- qaya,
Təbii qurulu qala!
Misilsiz sirli oba.
“Şırran”, “Danışan” qaya,
Ad verdim “Daran qaya"!

Örüşü, biçənəyi,
Gülü, çəmən, çiçəyi,
Bulaq, su, meşə, tala,
Harda  var belə oba?

Bu yeri çox bəyəndik,
Adını "Laçın" qoyduq!
"Laçını" Laçın bildik,
Əbədi Vətən seçdik!
1750-də,
Laçın kəndə daş qoyduq!

Yaya tapdım yaylağı,
Qışa seçdim qışlağı,
“Damlar” çoban oylağı,
Tikdirdim ilk, otağı,
Orda qaldıq, yaşadıq!
              * * * * *
           Dörd oba

Ləzgi ustalar tapdım,
“O yan” kəndə yolladım.
“Ləzgilər”də deyərdik,
Onlara arxa oldum,
Torpaq, biçənək verdim.
“Böyük Düzü” də aldım!

Dörd oba, dörd kənd oldu,
Mərkəzi "Laçın" oldu.
“Böyük düzdə “ dəyirman,
“Quzeykənd”də qohumlar.
“O yan“ kənddə ustalar,
"Laçın" özümə qaldı!

“Göy qumlaqda” yurd saldım,
Həlimə yurdu bəyəndi,
Tez-tez orda dincəldi.
Ora təzə ad verdim,
"Həlimənin yurdu",-dedim!

Kəndi abad eylədim,
Daşın, qayasın sevdim.
Daxma evlər tikdirdim,
Bulağın, suyun çəkdim,
Çeşməni novlu etdim.

Yolun, körpüsün saldım,
Nə vacibsə etdirdim.
Körük ,dəmirçixana,
Qalayxana yaratdım.

At üçün çarmıxxana,
Çoxsaylı arıxana.
Sürülər uçün arxac,
Dəyirman da tikdirdim!

Mal-qara, arı aldım,
İlxı, davar, saxlatdım.
Birindən yüz eylədim,
Süd-ağartı bol oldu!

Alqı-satqı yaratdım,
Cəhrə, hana qurdurdum.
Xalça-palaz toxutdum,
Dərı çarıx tikdirdim.

Vacib əşya, geyimlər,
Jaket, corab əlcəklər.
Xurcun, fərməş, kilimlər,
Nə varsa kənd toxudu!

Həmid dayım da gəldi,
Müseyibi çağırdı.
Evdə təhsil yaratdı,
Hesab, yazı öyrətdi.
Dini savad da verdi!

Oğlu Tiflisə getdi,
Təhsili orda aldı.
İsmixan həkim oldu,
Orda qaldı, yüksəldi.
Polkovnik-hərbçi oldu!
Məşədə də getdi!
"Məşədi" ad aldı!

Ziyarətə də getdim,
"Kərbəlayı" ad aldım!
           * * * * *
Yaxınları qorudum,
Bəyliyi yenə qurdum.
Hər kəsə dayaq olub,
Eldə yanar şam oldum.
Elə şükür, İlahim!
        * * * * *
        Varisə şükür

Övladlarımız oldu,
Böyüyü Ocaq oldu.
Sərvəti aşıb-daşdı.
Kərbəlayı, mərd oldu,
Dininə şükür, İlahim!

Ocağın oğlu oldu,
Anadan bəy doğuldu.
Çıraq  qoydum adını,
Nəvəm Budaq, Əzim də,
Nərgiz, Nəbi, Göyçək də,
Ömrün davamı oldu!

Varis gəldi bəyliyə,
Şükür sənə, İlahim!

Vəsiyyət də eylədim,
“Mülküm Çırağın, -dedim.
Çıraq müdrik, qorxmazdı,
Varidatım onundu!"

Qarşı dağa ad verdim,
“Çırağın dağı",-dedim.
Çırağı uca bildim,
Varisə şükür, İlahim!

Dedim,-"Laçın" ata ocağı,
Elimizin yanar ocağı!

Sonra Çırağa xitab etdim:
-Övlad, nəsihəti unutma,
Sözlərimi yaddan çıxarma:

-Sehirli ocaqdı ata ocağı,
Daim şölə saçar odu, çırağı.
İsti yer axtarsan üşüyən çağı,
Qaynar atəşgahdı ata ocağı!

Nə tufan, nə boran söndürə bilməz,
Şaxtada, çovğunda alovu sönməz!
Gecəsi, gündüzü soyuğa çönməz,
İsti məbədgahdı ata ocağı!

Heç vaxt əsirgəməz böyük sevgisin,
Həmişə duyarsan ata nəfəsin.
Sevgidən yaradıb evin istisin,
Pirdi, səcdəgahdı ata ocağı!

Baba varsa əsil qoruyanın var,
Ən çətin fənada xilaskarın var.
Nənə varsa dərd-sərini çəkən var,
Gücdü, ümidgahdı ata ocağı!
 
Nəvəm hədsiz məmnun oldu,
Əlini göz üstə qoydu!

Çıraq igid, ər oldu,
Xanpərimlə evləndi.
İki qızı, beş oğlu,
Hərəsi bir ev oldu.
               * * * * *
            2-ci hissə

 Qəlblərdə heykəl qurdu

Hekayəni mən yazdım,
Yadda qalanı yazdım.
Yaddan çıxan inciməz,
Babam deyəni yazdım!

"Laçını" Əziz bəy qurdu,
Min bir  əziyyətlə qurdu!

Qardaşın da çağırdı,
Bəyliyini yaşatdı!

Qurmadı özü qala,
Qurdu ki, izi qala!

Bəyliyindən qalmadı,
Taxta dönük çıxmadı.
Hər əzaba qatlaşdı,
Yorulub usanmadı,
Adın tarixə yazdı!

Bir sevginin sehiri,
Əziz-Həlimə eşqi.
Neçə oba yaratdı,
Torpaqdan rişə aldı.
Yeni Vətən yaratdı!
El-obasın yaşatdı!

Əziz bəy örnəkdi sevən əhlinə,
Bənzəmədi nə Məcnuna,
Kərəmə.
Nə yanıb kül oldu, nə səfil oldu,
Xosrova, Fərhada bərabər oldu!

Zəhmətə söykəndi, eşqin yaşatdı,
Bəy kimi doğuldu, bəy kimi qaldı.
Tək ağlıyla bir xanlıqdan qız aldı,
Sevgi tarixinə səlnamə yazdı!

Hər daşına əl qoydu,
Gülzara döndü yurdu.
Çıraq bəy tək oğulu,
Dövrana sinə gərdi.
Qəlblərdə heykəl qurdu!

  Çıraq bəyin hekayəsindən

1865-ci il,
Payızın ilıq günü.
Sübh alaqaranlıqda,
Çıraq bəyin yurdunda,
Oldu qəsbetmə günü!!!

Yüz atlı dəstə ilə,
Jandarmı basqın etdi,
Əmlak bizimdi,-dedi.
Yuxarıdan höküm var,
Biri də qalmaz!,-dedi.

Milyonluq varidatı,
Mal-qaranı, camışı.
Qoyun-quzu, davarı,
Toyuq-cücə, ilxını,
Nə varsa qəsb etdilər!

Yüz illik malikanəni,
Amansız viran etdilər!

Kol dibindən jandarmı,
Nişan aldı Çırağı.
Oğlu onu tanıdı,
Erməni Muğun idi,
Kənddən vergi yığardı.

Məhəmməd cəld tərpəndi,
İrəliyə atıldı,
Atasın xilas etdi.
Güllədən zədə aldı!

O, tüfəngə əl atdı,
-Lələ, qoy qissas alım!
Onların komun qırım!
Varı geri qaytarım!
Halım hədsiz ağırdı,
Billəm sonum çatıbdı.

Çıraq bəy qəhərləndi:
-Olmaz, oğlum! Hökm etdi!
Xain içdədi,-dedi!
-Həm də onlar çoxdu,
Haram əl dəydi vara,
Daha xeyiri yoxdu!

Qəhər onu boğurdu,
Hirsini sözlə sovdu:

-Yenə əsəbim tarım çəkilir,
Allahım, Sən özün mənə səbr ver.
Hislərim dözmür, dara çəkilir,
Ya rəbbim, Sən özün mənə səbr ver!

Dözmək olmur namərdin şəstinə,
Zalım qanmır, düşünür tərsinə.
Doğma bildiyin durub qəsdinə,
Allahım, Sən özün mənə səbr ver!

Tamahkir qəsdən daşlığa çəkir,
Harın qudurub savaşa çəkir.
Zəmanə atın boşluğa çəkir,
Ya rəbbim, Sən özün mənə səbr ver!

Çırağın övladları,
Səməd, Nərgiz, Şahsuvar,
Həliməylə, Bərxudar.
Qardaşları Camal da,
Naçar hala qaldılar.
Loğman, təbib tapdılar!

Dərdə əlac olmadı,
Məhəmməd sağalmadı.
Dərdi çarəsiz oldu,
Şəhadətə qovuşdu.

Çıraq bəy də dözmədi,
Son mənzilə qovuşdu.
"Laçında" dəfn olundu.
Qonşu kəndlər axışdı,
Bütöv qırx gün, qırx gecə,
Yası izdiham oldu!

Çıraq bəy mənən, ruhən ölmədi,
Xeyriyyəsi yaşadı!
Nəsli davamlı oldu,
Ürəklərdə yaşadı!
Mərhəmətli mərd oldu!
El-obası yaşatdı!

                  14 aprel 1995-ci il

                      Novruz Çıraqov
                                Politoloq






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA