İranla müharibənin 2 il davam etməsinə imkan verməyəcəyik - Vens

ABŞ administrasiyası İranla müharibənin iki il davam etməsinə imkan verməyəcək.
sedanews.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens “Fox News” telekanalına müsahibəsində bildirib.
O, İranın nüvə proqramının hələ də ABŞ üçün təhlükə yaratdığını vurğulayıb.
“Biz Amerika xalqına sonsuz müharibələr aparmayacağımıza söz vermişik. Bəli, Prezident İranın nüvə proqramını məhv etməli olduğunu düşünürdü. İranın nüvə proqramı ABŞ üçün təhlükə yaradır. Lakin biz bu müharibənin 10-15 il, açığı, hətta 2 il davam etməsinə imkan verməyəcəyik”, - deyə Vens bildirib.
ABŞ-ın vitse-prezidenti qeyd edib ki, bir çox neokonservativ və digər qüvvələr ABŞ-ın bölgədə daim qalmasını istəsələr də, Vaşinqtonun belə bir niyyəti yoxdur.
“Bir çox neokonservativlər və digər insanlar bizim orada əbədi qalmağımızı istəsələr də, biz bunu etməyəcəyik. Biz orada daimi qalmayacağımıza söz vermişik. Mən tam əminəm ki, Prezident bu vəziyyətdən çox yaxşı nəticələrlə çıxmağımızı təmin edəcək”, - deyə o vurğulayıb.