 “Rusiya Çinin Mərkəzi Asiya ölkələrində mövqelərinin möhkəmlənməsini narahatlıqla izləyir və bunun qarşısını almaqda acizdir”.  Teleqraf
    “Rusiya Çinin Mərkəzi Asiya ölkələrində mövqelərinin möhkəmlənməsini narahatlıqla izləyir və bunun qarşısını almaqda acizdir”.  Teleqraf xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Qırğızıstanda noyabrın 30-da növbədənkənar parlament seçkiləri keçiriləcək. 90 yerlik parlamentə 530 namizəd var. Kremlə bağlı media bu seçkilərlə bağlı bir neçə məqama diqqət çəkib. Birincisi, Qırğızıstanda millətçi şüarların artması və namizədlər arasında rusdilli əhalinin təmsil olunmadığını yazıblar. Kreml qonşu ölkələrdəki əhalini müxtəlif hissələrə bölmək şakərindən hələ də imtina etmir.
   “Rusdilli əhali” nə deməkdir? Qırğızıstanda yaşayan və bu ölkənin vətəndaşı olan hər kəs qırğız dilini bilməlidir. 2023-cü ildə Qırğızıstan parlamenti “Qırğızıstan Respublikasının dövlət dili haqqında” qanun qəbul edib. Bu qanuna görə, qırğız dilinin istifadəsi məcburidir. Prezident Sadır Japarovun bu məsələylə bağlı qəti mövqeyi var: “Qırğız dili varkən sənədləri rus dilində aparmaq düzgün deyil”, - ekspert bildirib.
   Elxan Şahinoğlu qeyd edib ki, buna baxmayaraq, Kremlə bağlı media qonşu ölkələrdə “rus dili” və “rusdilli əhali” tezislərindən imtina etmir:
   “Kremlə bağlı medianı Qırğızıstanda narahat edən başqa məqam bu ölkənin Çinlə əlaqələrini genişləndirməsidir. Guya Rusiya və Çin strateji tərəfdaşdır. Reallıqda isə Kreml Çinin Mərkəzi Asiya ölkələrində mövqelərinin möhkəmlənməsini narahatlıqla izləyir, bunun qarşısını almaqda isə acizdir”.
 
   Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.