Marketlərdə qiymət oyunu: Alıcını kim aldadır – piştaxta, yoxsa kassa?

Son dövrlər böyük market şəbəkələrində – xüsusilə OBA və bir cox marketlərində – piştaxtada göstərilən qiymətlə kassada keçən qiymət arasında ciddi fərqlər müşahidə olunur. Bu fərq heç də təsadüfi görünmür. Müştəri aldandığını yalnız kassa zamanı anlayır – məhsulun kassada daha baha keçməsi artıq sistematik problemə çevrilib. Təəssüf ki, bu narazılıqlar təkcə sosial şəbəkələrdə və şəxsi etirazlarla məhdudlaşır. Cavabdeh qurumların isə məsələyə real reaksiya vermədiyi görünür.
Bu gün eyni hadisə Masazır qəsəbəsində, Heydər Əliyev küçəsində yerləşən TS ünvanı AZ0100 Abşeron r-nu OBA market -də baş verdi. Aldığım məhsulun qiyməti piştaxtada fərqli, kassada isə daha yüksək məbləğlə keçdi. Etirazımı bildirmək üçün geri qayıtdım, lakin oranın rəhbərliyi, konkret olaraq market müdiri, nəinki problemi izah etmədi, əksinə kobud və məsuliyyətsiz münasibət göstərərək dedi: “Allahdan qorxun, get, bax ARAZ marketdə sizi necə aldadırlar...”.
Bu cür yanaşma təkcə istehlakçı hüquqlarının pozulması deyil, həm də etik və korporativ davranış qaydalarının açıq-aşkar pozulmasıdır.
Sual olunur:
Gündə təkcə 10-15 müştəri bu cür "qiymət fərqi" ilə aldadılırsa, bu pul kimin cibini doldurur?
Niyə kassa müştərinin xeyrinə işləmir, qanun pozulur?
Müştəri haqlı olduğu halda, market rəhbərliyi nə haqla qışqırır, kobudluq edir?
Üzr istəmək əvəzinə, xoşagəlməz ifadələrlə müştəriyə yol göstərmək, hansı etikaya, hansı qanuna sığır?
Arzu Tofiqqızı
Sedanews.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: