sedanews.az
sedanews.az

Qorxunu susduran cəsarət: Milli Qəhrəman Mübariz İbrahimovun şərəfli dyüş yolu

7-02-2026, 11:40

 

   Mübariz Ağakərim oğlu İbrahimov 7 fevral 1988-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində dünyaya göz açıb. 
  7 fevral tarixi Azərbaycan xalqının yaddaşında igidlik, cəsarət və Vətənə sonsuz sevgi rəmzi olan Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü kimi dərin hörmətlə anılır. Onun həyatı və şəhidliyi bir əsgərin Vətən qarşısında daşıdığı müqəddəs borcun ən ali nümunəsidir.
  Mübariz İbrahimov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edərkən yüksək intizamı, döyüş hazırlığı və vətənpərvərliyi ilə fərqlənirdi. O, Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində gizir rütbəsində xidmət etmiş, ön xəttdə yerləşən hərbi hissələrdən birində qulluq aparmışdır. Komandanlığı və silahdaşları tərəfindən məsuliyyətli, cəsur və tapşırıqları qüsursuz yerinə yetirən hərbçi kimi tanınırdı.
Şəhadəti
  2010-cu ilin 18-dən 19-na keçən gecə, Tərtər rayonunun Çaylı kəndi istiqamətində təmas xəttində Mübariz İbrahimov təkbaşına düşmənin mövqelərinə keçərək misilsiz qəhrəmanlıq nümayiş etdirmişdir. Sayca üstün olan erməni silahlı qüvvələrinə qarşı son gülləsinə, son nəfəsinə qədər vuruşan Mübariz döyüş zamanı şəhid olmuşdur. Bu hadisə təkcə hərbi cəsarət nümunəsi deyil, həm də düşmənə Azərbaycan əsgərinin sarsılmaz iradəsinin açıq mesajı idi.
  Mübariz İbrahimovun göstərdiyi misilsiz igidlik dövlət səviyyəsində yüksək qiymətləndirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2010-cu il tarixli Sərəncamı ilə ona ölkənin ən ali fəxri adı — “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Bu ad onun adını Azərbaycan tarixinə əbədi həkk etmişdir.



  Milli Qəhrəman Mübariz İbrahimov Bakı şəhərində, II Fəxri Xiyabanda dəfn edilmişdir. Bu gün onun məzarı ziyarətgah kimi ziyarət olunur, gənclər, hərbçilər və Vətənsevər insanlar onun xatirəsi qarşısında baş əyirlər.
  Mübariz İbrahimovun ömrü qısa olsa da, mənası böyük, izi silinməz oldu. O, bir şəxsiyyət kimi təkcə bir dövrün deyil, bütün zamanların qəhrəmanına çevrildi. Onun adı Azərbaycan əsgərinin qeyrəti, xalqımızın qüruru kimi yaşayır və yaşayacaq.
  Ruhun şad olsun, Milli Qəhrəman!
  Sən bu Vətənin yaddaşısan 

   Sedanews.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA