sedanews.az
sedanews.az

Bir Şəhid Anasın illərdir qəlbində yaşatdığı arzu

Bugün, 10:29




  Oktyabrın 15-i Şəhid Samir Əliyevin anım günü idi. Bu tarix bir daha Vətən uğrunda canından keçən qəhrəmanımızın xatirəsini ehtiramla yad etmək, onun həyat yolunu və fədakarlığını xatırlamaq üçün bir vəsilə oldu.
  Şəhid Əliyev Samir  9 avqust 1999-cu ildə Bakı şəhərinin Suraxanı rayonunun Zığ qəsəbəsində anadan olub. Ailənin yeganə övladı olan Samir 2005-ci ildə Xətai rayonu 55 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olub. Orta təhsilini başa vurduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb və 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrində leytenant rütbəsi ilə hərbi xidmətə başlayıb.

  Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib. 29 sentyabr 2020-ci ildə Ağuçuq istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Yaralanmasına baxmayaraq, döyüş yoldaşlarına kömək edərək onların təhlükəli ərazidən çıxarılmasına çalışıb. Elə həmin döyüşlərdə düşmən atəşi nəticəsində şəhidlik zirvəsinə ucalıb.
   Samir Əliyev Bakıda II Fəxri xiyabanda dəfn edilib. Vətən qarşısında göstərdiyi xidmətlərə və qəhrəmanlığına görə ölümündən sonra III dərəcəli “Rəşadət” ordeni, “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
  Samir Əliyev ailənin yeganə oğlu, Hacı xanım Sevda ananın gözünün ağı-qarası, bütün ümidlərini bağladığı övladı idi. Bir ana onu təkbaşına böyüdüb boya-başa çatdırmış, gələcəyə dair arzularla yaşatmışdı. Lakin taleyin ağır hökmü bu ananın ən böyük sevincini ömürlük həsrətə çevirdi. Samir Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucaldı.
  Bu gün Şəhid Samirin adı təkcə ailəsinin deyil, onu tanıyanların, təhsil aldığı məktəbin və bütövlükdə xalqımızın yaddaşında yaşayır. Dövlətimiz tərəfindən şəhidlərimizin qəhrəmanlığına verilən yüksək qiymət, onların xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlər Vətən övladlarına olan ehtiramın ifadəsidir.
  Xətai rayonundakı 55 saylı orta məktəbdə də Şəhid Samir Əliyevin xatirəsi yaşadılır. Təhsil aldığı məktəbdə onun büstü ucaldılıb, adına sinif verilib. Hər il burada qəhrəman Şəhidimizin xatirəsinə həsr olunan tədbirlər keçirilir, şagirdlərə onun həyat yolu və Vətən qarşısındakı fədakarlığı barədə danışılır.
  Bütün bunlar təqdirəlayiqdir. Çünki şəhidlərin xatirəsini yaşatmaq yalnız keçmişə ehtiram deyil, həm də gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət edən mənəvi borcumuzdur. Bəzi arzular var ki, illər keçsə də, insanın qəlbində yaşayır. Bəzi analar var ki, övladlarının adını yaşatmaq üçün ömürləri boyu mübarizə aparırlar. Hacı xanım Sevda ana da illərdir bir arzunun gerçəkləşəcəyini gözləyir: tək övladını oxutduğu, boya-başa çatdırdığı Xətai rayonu 55 nömrəli məktəbin Şəhid Samir Əliyevin adını  verilməsidi.
 

   Onların fikrincə, bu addım qəhrəman Şəhidimizin xatirəsinə göstərilən ehtiramın daha bir ifadəsi olar. Axı Samir bu məktəbin yetirməsidir. Onun adı həmin təhsil ocağının tarixində, divarları arasında, müəllimlərinin və şagirdlərinin yaddaşında yaşayır. Məktəbdə onun büstünün olması, adına sinif verilməsi və hər il anım tədbirlərinin keçirilməsi bu bağlılığın bariz nümunəsidir.
   Bəs nə üçün bu ehtiram məktəbin adında da əksini tapmasın?
Sevda ana və Çəmilə nənə artıq neçə ildir ki, arzularının gerçəkləşməsi üçün aidiyyəti qurumlara müraciətlər edirlər. Onların istəyi şəxsi mənafe ilə bağlı deyil. Bu, övladının xatirəsinin daha da əbədiləşməsini arzulayan bir ananın, şəhidlərimizin adının gələcək nəsillərə ötürülməsini istəyən insanların mənəvi çağırışıdır. 
   Ana üçün övladının adı dünyanın ən əziz adıdır. Şəhid anası üçün isə bu ad həm sonsuz qürur, həm də heç vaxt sağalmayan bir yaranın ifadəsidir. Övladının adını hər eşidəndə qürurlanan, eyni zamanda onun yoxluğuna yanıb-yaxılan ananın ürəyindəki arzunu sözlə ifadə etmək asan deyil.
   Bəlkə də, illərdir qapısını döydüyü qurumlardan gözlədiyi müsbət cavab Sevda ananın qəlbindəki nisgilə bir qədər təsəlli verər. Bəlkə də, məktəbin qarşısında Şəhid Samir Əliyevin adını daşıyan lövhəni görmək onun üçün ömrünün ən böyük mənəvi mükafatlarından biri olar.
  Əlbəttə, təhsil müəssisələrinə şəhidlərin adlarının verilməsi müəyyən hüquqi prosedurlar və aidiyyəti qurumların qərarları əsasında həyata keçirilir. Lakin şəhid ailələrinin müraciətlərinə həssaslıqla yanaşılması, onların əsaslandırılmış istəklərinin diqqətlə araşdırılması hər birimizin mənəvi məsuliyyətidir.

 
 Şəhidlərin adını yaşatmaq xalqımızın müqəddəs borcudur. Onların qəhrəmanlığı yalnız anım tədbirlərində deyil, gündəlik həyatımızda, təhsil ocaqlarımızda və gələcək nəsillərin yaddaşında da yaşamalıdır. 
  Bir məktəb adı bəzən bir ananın illərlə daşıdığı həsrətə verilən ən böyük mənəvi cavab ola bilər.

Biz də bir media nümayəndəsi olaraq aidiyyəti qurumların diqqətini bu məsələyə yönəltmək istəyirik. Xahişimiz budur ki, Hacı xanım Sevda ananın və Çəmilə nənənin illərdir səsləndirdikləri müraciətə yenidən baxılsın, 55 saylı orta məktəbə Şəhid Samir Əliyevin adının verilməsi məsələsi qanunvericiliyin tələbləri çərçivəsində araşdırılsın və müraciət müəlliflərinə əsaslandırılmış cavab verilsin.
  İndi ümid və gözlənti aidiyyəti qurumlardadır. Görəsən, illərdir qəlbində bir arzu ilə yaşayan şəhid anasının səsi eşidiləcəkmi? 

    Şəhid leytenant Samir Əliyevin əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaq. 
  Allah şəhid Samir Əliyevin timsalında bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun!
    Arzu Tofiqqızı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA