sedanews.az
sedanews.az

Düşmən səddini ilk yran tankçı Baş leytenant Elvin Əlimov

Bugün, 09:20


 
 
    Hər bir millətin tarixi onun qəhrəmanlarının qanı və şücaəti ilə yazılır. Azərbaycan xalqının 30 illik torpaq həsrətinə son qoyan, bizə Zəfər sevinci yaşadan 44 günlük Vətən müharibəsinin qəhrəmanları arasında tankçı baş leytenant Elvin Əlimovun adı xüsusi hörmətlə çəkilir. İyunun 8-i Azərbaycan Ordusunun bu mərd zabitinin doğum günüdür.
  Əlimov Elvin Nəsrəddin oğlu 8 iyun 1995-ci ildə Qusar rayonunun Köhnə Xudat Qazmalar kəndində anadan olmuşdur. Uşaqlıq illərindən hərb sənətinə olan böyük sevgisi onu Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə gətirir. 2017-ci ildə hərbi məktəbi uğurla başa vuraraq "leytenant" rütbəsi alır və Azərbaycan Silahlı Qüvvələrinin sıralarında tağım komandiri kimi peşəkar xidmətə başlayır. Xidmət müddətində fəallığı ilə seçilən Elvin, qısa müddətdə baş leytenant rütbəsinə ucalır.
2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda, baş leytenant Elvin Əlimov tank bölüyü ilə birlikdə cəbhənin ön xəttində idi. O, Suraxanı rayonunun və bütün cəbhənin ilk şəhidlərindən biri olur. Sentyabrın 28-də Füzuli və Cəbrayıl istiqamətində düşmənin illərlə qurduğu keçilməz müdafiə xətlərinin, sədlərinin darmadağın edilməsində tankı ilə böyük rəşadət göstərir. Ağır döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhadətə qovuşan Elvin Əlimov, Bakı şəhərinin Hövsan qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn edilmişdir.
  Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda göstərdiyi igidliyə görə Prezident İlham Əliyevin sərəncamları ile ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.
Bu gün Elvin Əlimovun əziz xatirəsi xalqımızın qəlbində yaşayır. O, ölümü ilə ölümsüzlük qazandı və gənc nəsil üçün əsl vətənpərvərlik örnəyinə çevrildi.
  Ruhun şad olsun, Vətənin mərd oğlu! 








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA