sedanews.az
sedanews.az

Ölümsüzlüyün doğum günü: İyunun 11-i vətənləşən ömürlər

Bugün, 14:41




  
   Tarix sadəcə rəqəmlərdən ibarət deyil; bəzən bir gün bütöv bir xalqın qürur və ehtiram təqviminə çevrilir. İyunun 11-i Azərbaycanın müasir tarixinə adlarını qızıl hərflərlə yazdıran, doğularkən bir ailənin, şəhidlik zirvəsinə ucalarkən isə bütöv bir millətin övladı olan igidlərimizin doğum günüdür. Onlar gənc ömürlərini 44 günlük Vətən müharibəsində silaha sarılaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda fəda etdilər. Bu gün biz fəxrlə və böyük ehtiramla həmin qəhrəmanların bir neçəsinin keçdiyi şərəfli döyüş yoluna nəzər salırıq.


                                                                 Bəxtiyar Saleh oğlu İslamov
   11 iyun 1997-ci ildə Şirvan şəhərində doğulan Bəxtiyar Saleh oğlu İslamov ömrünü erkən yaşlardan hərb sənətinə bağlamışdı. Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirdikdən sonra o, Azərbaycan Ordusunun ən elit bölmələrindən olan Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) leytenantı kimi xidmətə başladı. Vətən müharibəsinin ilk günlərindən Cəbrayıl və Xocavənd istiqamətindəki ən çətin əməliyyatların önündə gedən baş kəşfiyyatçı, 12 oktyabr 2020-ci ildə Hadrut uğrunda gedən amansız döyüşlərdə qəhrəmancasına şəhid oldu.    Ölümündən sonra Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəxtiyar İslamov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. "Vətən uğrunda", "Cəsur döyüşçü"  "Cəbrayılın azad olunmasına görə" medalı  və   "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilən Bəxtiyar, xalqımızın cəsarət simvoludur.



                                                                   Təbriz Məhərrəməli oğlu Talıbov
11 iyun 1994-cü ildə Lerik rayonunun Ləkər kəndində dünyaya gələn Təbriz Məhərrəməli oğlu Talıbov Dövlət Sərhəd Xidmətinin çevik hərəkət qüvvələrinin kiçik giziri idi. Cəbrayıl, Füzuli və Zəngilanın azad edilməsində misilsiz şücaət göstərən Təbriz, döyüşə yollanmazdan əvvəl ailəsinə etdiyi vəsiyyətlə və "şəhid olarsam, övladımdan muğayat olun" sözləri ilə yaddaşlara həkk olundu. O, oktyabrın 23-də Zəngilanın Ağbənd kəndi yaxınlığında əbədiyyətə qovuşdu. 
  Kiçik gizir Talıbov Təbriz Məhərrəməli oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.
  

                                                                   Leytenant İbrahim Vəlizadə
 11 iyun 1998-ci ildə Şərur rayonunun Vərməziyar kəndində anadan olan İbrahim Səməd oğlu Vəlizadə hərbi biliklərə dərindən yiyələnmiş gənc zabitlərimizdən idi. Heydər Əliyev adına Hərbi Liseyi bitirdikdən sonra Türkiyədə də hərbi təhsil alan İbrahim, Vətən müharibəsinin ilk günündə — 27 sentyabrda Murovdağ silsiləsindəki strateji yüksəkliklərin azad edilməsi zamanı şiddətli döyüşlərə qatıldı. Azərbaycan Ordusunun leytenantı olan Vəlizadə İbrahim 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan torpaqlarımızın azad edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə itkin düşmüşdür. 
 Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali baş Komandan  İlham Əliyevin müvafiq Sərəncamları ilə Vəlizadə İbrahim ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilmişdir.”Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
 


                                                                   Baş çavuş Abdurahman İsrafilov
   11 iyun 1991-ci ildə Zaqatala rayonunun Qımır kəndində doğulan Abdurahman İsrafil oğlu İsrafilov illərlə ön xətdə xidmət etmiş təcrübəli bir bölük komandiri idi. İkinci Vətən Müharibəsi başlayanda onun bölüyü cəbhənin ən qaynar nöqtələrində düşmən sədlərini yararaq irəlilədi. Füzuli, Cəbrayıl və Qubadlı istiqamətindəki döyüşlərdə polad iradə nümayiş etdirən baş çavuş, 21 oktyabr 2020-ci ildə Qubadlı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı. Onun da Nilay adlı körpə qızı bu gün bu xalqa, bu torpağa ən müqəddəs əmanətdir.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Abdulrahman İsrafilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
   Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Abdulrahman İsrafilov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
  İyunun 11-i bu igidlərin sadəcə təqvimdəki doğum günü deyil, onların millətin ortaq yaddaşına, dövlətin varlığına və xalqın qəlbinə əbədi köç etdiyi müqəddəs bir tarixdir. Şəhidlik elə bir ali məqamdır ki, orada zamanın hökmü itir, ölüm ölümsüzlüyə çevrilir. Bu gün onların fiziki yoxluğu qəlbimizi göynətsə də, bəxş etdikləri şanlı Zəfər başımızı dik, alnımızı açıq edir. Bu igidlər gənc ömürlərini Vətənin bütövlüyü, üçrəngli bayrağımızın xarıbülbüllü Şuşada, doğma Qarabağda əbədi dalğalanması üçün sipər etdilər.
  Onlar getdilər, amma arxalarında məğlub yox, qalib bir millət, azad olunmuş torpaqlar və tarixin ən parlaq səhifələrini qoydular. Şəhidlərimizin bizə əmanət qoyduğu hər qarış torpaq, hər körpə fidan artıq bizim ən müqəddəs borcumuzdur. İyunun 11-də doğulan və bu xalqı yenidən doğan qəhrəmanlarımız! Nə qədər ki müstəqil Azərbaycan var, nə qədər ki bu torpaqda canınızdan əziz sevdiyiniz millətiniz yaşayır, adınız dillərdə dastan, xatirəniz isə qəlblərdə çıraq olacaq. 
   Doğum gününüz mübarək, ruhunuz şad olsun, millətin ölməz övladları!
  Arzu Tofiqqızı












Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA