sedanews.az
sedanews.az

Masazır qəsəbəsinin "Bombalanmış yolları"

Bugün, 14:14



   Son illərdə sürətlə böyüyən, on minlərlə insanın sığındığı Abşeronun Masazır qəsəbəsi bu gün sanki böyük bir laqeydlik poliqonuna çevrilib. Paytaxtın dibində yerləşən bu yaşayış məntəqəsinin küçələri artıq şəhər kənarındakı müasir qəsəbəni yox, ağır bombardmandan çıxmış döyüş xarabalıqlarını xatırladır. Əhalinin fəryadına, sürücülərin hər gün "dağılan" avtomobillərinə baxmayaraq, aidiyyatı qurumlar bu qlobal problemi inadla görməzdən gəlməkdə davam edir.
   Çuxurlar şəbəkəsi və Masazır "gölləri"
Masazırda normal asfalt örtüyünə rast gəlmək artıq bir möcüzədir. Yollar o qədər bərbad vəziyyətdədir ki, hər 10-15 metrdən bir sürücüləri dərin quyular və çala-çuxurlar qarşılayır. Hələ bu mənzərənin "pik nöqtəsi" yağışlar başlayanda özünü göstərir. Qəsəbədə kanalizasiya və yağış suları infrastrukturunun olmaması (və ya bərbad işləməsi) səbəbindən adi bir leysan fəsadlara yol açır. Küçələr anındaca süni göllərə çevrilir, çuxurların içi su ilə dolur. Sürücülər üçün yol keçmək sanki bir lotereya oyununa çevrilir: suyun altındakı çuxurun dərinliyini təxmin edə bilməyən onlarla maşın hər gün elə yerindəcə sıradan çıxır, təkərləri partlayır, asqı sistemləri məhv olur. Sakinlər haqlı olaraq sual edir: Biz hər il avtomobil vergisi verdiyimiz halda, niyə hər ay ustaya "təmir xərcləri" ödəməyə məhkum edilmişik?
  Piyada səkiləri: Obyektlərin zəbt olunmuş "Şəxsi mülkü"-nə çevrilib
   Masazırda problem təkcə təkərlər üzərində hərəkət edənlərlə bitmir. Burada piyada olmaq, sürücü olmaqdan qat-qat təhlükəlidir. Sakinlərin normal şəkildə yeriməli olduğu piyada səkiləri addımbaşı müxtəlif kommersiya obyektləri, mağazalar, tikinti materialları tərəfindən vəhşicəsinə zəbt olunub. Səkilər obyekt sahiblərinin şəxsi "vitrininə" və ya avtodayanacağına çevrildiyi üçün insanlar məcburən magistral yola – hərəkətdə olan avtomobillərin qarşısına çıxırlar. Uşaqlar məktəbə, yaşlılar evə gedərkən hər an vurulma təhlükəsi ilə üz-üzə qalırlar. Bu mənzərə şəhərsalma qaydalarının və qanunların Masazırda tamamilə iflic olduğunu sübut edir.
   Yolu qarşı tərəfə keçmək ayrı bir faciədir. Qəsəbə daxilində piyada zolaqlarını (zebraları) gündüz saatlarında belə mikroskopla axtarmaq lazımdır. Vaxtilə çəkilən zolaqlar tamamilə silinib, yeniləri isə sadəcə çəkilmir. Sürücülərin piyadanı görməsi, piyadanın isə öz təhlükəsizliyini təmin etməsi qeyri-mümkündür. Aidiyyatı qurumların bu məsələyə laqeydliyi hər gün onlarla insanın həyatını birbaşa risk altına atır.
Ən acınacaqlısı isə odur ki, sosial şəbəkələrdə, mediada hər gün paylaşılan yüzlərlə foto-video sübutlara, rəsmi şikayətlərə baxmayaraq, Yerli İcra orqanlar, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) və digər məsul şəxslər bu problemi sadəcə seyr edirlər. Arabir edilən kosmetik yamalar isə növbəti ilk yağışda suyun axını ilə birlikdə yuyulub gedir.
   Hər bir Masazır sakini ölkə vətəndaşıdır və onun normal, təhlükəsiz yol infrastrukturunda yaşamaq hüququ var. Aidiyyatı qurumlar nəhayət ki, kabinetlərindən çıxmalı, bu bərbad yolları, zəbt olunmuş səkiləri öz gözləri ilə görməli və real iş görməlidirlər. Əks halda, Masazır yaxın gələcəkdə tamamilə keçilməz və yaşanmaz bir "fəlakət zonası"na çevriləcək.
   Sevinc Salehqızı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA