sedanews.az
sedanews.az

Azad mətbuatın maliyyə müstəqilliyi: Medianın ən ağrılı problemi

Bugün, 13:05


   Bu gün Milli Məclisdə "Media haqqında" qanuna təklif edilən dəyişikliklərin müzakirəsi yenidən medianın vəziyyətini ictimai diqqət mərkəzinə gətirib. Qanunvericiliyin təkmilləşdirilməsi vacibdir, lakin medianın qarşılaşdığı əsas problemlərdən biri təkcə hüquqi deyil, həm də maliyyə xarakterlidir. Məhz bu səbəbdən Azərbaycanda media sahəsinin gələcəyi barədə danışarkən ilk növbədə azad mətbuatın iqtisadi dayanıqlılığı məsələsinə diqqət yetirilməlidir.
   Bu gün Azərbaycanda müxtəlif media qurumları fəaliyyət göstərir, informasiya məkanında rəqabət mövcuddur və vətəndaşlar fərqli mənbələrdən məlumat almaq imkanına malikdirlər. Lakin reallıq göstərir ki, bir çox müstəqil və azad media qurumları ciddi maliyyə çətinlikləri ilə üzləşiblər. Reklam bazarının məhdudluğu, çap mediasının oxucu sayının azalması və rəqəmsal platformalarda gəlir əldə etməyin çətinliyi onların fəaliyyətini xeyli mürəkkəbləşdirir.
   Mövcud qanunvericilik çərçivəsində müəyyən media qurumları dövlət dəstəyi mexanizmlərindən faydalanır. Bu, informasiya təhlükəsizliyi və milli maraqlar baxımından vacib sayıla bilər. Ancaq eyni zamanda sual yaranır: bəs dövlət dəstəyi almayan, lakin cəmiyyət üçün mühüm araşdırmalar aparan, ictimai problemləri gündəmə gətirən və vətəndaşların informasiya almaq hüququna xidmət edən müstəqil media qurumları necə fəaliyyət göstərməlidir?   
   Məsələnin maraqlı tərəfi ondadır ki, informasiya istehlakı artıq ciddi şəkildə dəyişib. Bu gün insanlar xəbərləri əsasən sosial şəbəkələrdən əldə edirlər. Hətta ölkə Prezidenti də çıxışlarının birində bəzi məlumatları sosial media üzərindən əldə etdiyini bildirmişdi. Bu fakt göstərir ki, informasiya məkanı artıq ənənəvi çərçivələri çoxdan aşıb. Sosial media təkcə ünsiyyət vasitəsi deyil, həm də operativ xəbər mənbəyinə çevrilib.
  Lakin paradoks ondadır ki, milyonlarla insanın istifadə etdiyi sosial platformalar və onların əsas informasiya mənbəyi olan müstəqil xəbər resursları iqtisadi baxımdan ən həssas vəziyyətdədir. Cəmiyyətin gündəmini formalaşdıran, vətəndaş problemlərini işıqlandıran, korrupsiya və digər neqativ halları araşdıran media qurumları çox vaxt "yaşamaq" uğrunda mübarizə aparırlar.
   Azad mətbuatın maliyyə zəifliyi yalnız jurnalistlərin problemi deyil. Bu, bütövlükdə cəmiyyətin problemidir. Çünki iqtisadi cəhətdən zəif media araşdırma jurnalistikasına kifayət qədər vəsait ayıra bilmir, peşəkar kadrları saxlamaqda çətinlik çəkir və nəticədə informasiya keyfiyyəti aşağı düşür. Güclü media isə güclü vətəndaş cəmiyyətinin əsas sütunlarından biridir.
   Məhz buna görə də media ilə bağlı qanunlara yenidən baxılarkən məsələyə daha geniş prizmadan yanaşmaq lazımdır. Dövlət dəstəyi mexanizmlərinin şəffaf və əlçatan formada genişləndirilməsi, reklam bazarının inkişaf etdirilməsi, rəqəmsal medianın iqtisadi dayanıqlığının artırılması və müstəqil media subyektləri üçün yeni imkanların yaradılması vacibdir.
  Bu gün əsas sual budur: Azərbaycan mediası yalnız hüquqi baxımdan deyil, maliyyə baxımından da müstəqil ola biləcəkmi? Əgər bu suala müsbət cavab tapılarsa, ölkədə söz azadlığının, peşəkar jurnalistikanın və ictimai nəzarətin daha da güclənməsi üçün mühüm zəmin yaranacaq.
  Azad mətbuat sadəcə jurnalistlərin deyil, bütün cəmiyyətin səsidir. Bu səsin güclü çıxması üçün isə ona yalnız söz azadlığı deyil, həm də iqtisadi dayanıqlıq lazımdır.

  Arzu Tofiqqızı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA