sedanews.az
sedanews.az

Şuşaya aparan şərəf yolu – şəhid Əhməd Hacıyusifovun qəhrəmanlıq salnaməsi

Bugün, 10:01




   Azərbaycanın Vətən uğrunda canından keçən igid oğulları sırasında Əhməd Teymur oğlu Hacıyusifovun adı xüsusi ehtiramla çəkilir. Gənc yaşında şəhidlik zirvəsinə ucalan Əhməd Hacıyusifov öz qısa, lakin şərəfli ömrünü Vətənə xidmətə həsr etmiş qəhrəmanlarımızdandır.
  Əhməd Hacıyusifov 23 iyun 2001-ci ildə Şəki rayonunun Baş Göynük kəndində dünyaya göz açmışdır. Uşaqlıq və yeniyetməlik illərini doğma kəndində keçirən Əhməd 2007-ci ildə Baş Göynük kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 2018-ci ildə həmin məktəbi uğurla başa vurmuşdur. Sakit təbiəti, vətənpərvərliyi və insanlara olan hörməti ilə seçilən Əhməd ailəsinin və yaxınlarının sevimlisi idi.
   2019-cu ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılan Əhməd Azərbaycan Ordusunun sıralarında nümunəvi xidmət göstərmişdir. Hərbi xidmətdə olduğu müddətdə intizamı, cəsarəti və məsuliyyət hissi ilə seçilmişdir.
   2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Əhməd Hacıyusifov döyüş meydanında əsl qəhrəmanlıq nümunəsi göstərmişdir. O, Cəbrayıl, Füzuli, Xocavənd, Qubadlı istiqamətlərində gedən ağır döyüşlərdə iştirak etmiş, işğal altında olan torpaqlarımızın azadlığı uğrunda mərdliklə vuruşmuşdur. Döyüş yoldaşlarının xatirələrində qorxmaz və qətiyyətli əsgər kimi qalmışdır.
  Əhmədin son döyüş yolu Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olan Şuşa əməliyyatı ilə bağlı olmuşdur. O, 8 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olmuş və Vətən uğrunda ən uca zirvəyə yüksəlmişdir. Şəhidimizin nəşi doğulduğu Baş Göynük kəndində torpağa tapşırılmışdır.

   Azərbaycan Respublikasının Prezidenti tərəfindən Əhməd Hacıyusifovun döyüşlərdə göstərdiyi igidlik yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Bu mükafatlar onun Vətən qarşısındakı xidmətlərinin dövlət səviyyəsində verilən yüksək dəyəridir.
   Bu gün Əhməd Hacıyusifovun adı doğulduğu el-obada və bütün Azərbaycanda qürurla anılır. Onun həyat yolu gənclər üçün vətənpərvərlik, mərdlik və fədakarlıq nümunəsidir. Şəhidlərimizin qanı ilə qazanılan Zəfər tariximizin ən şərəfli səhifəsi olaraq daim yaşayacaq.

   Ruhu şad olsun! Allah bütün şəhidlərimizə rəhmət eləsin!
    Şəhidlər ölməz, Vətən bölünməz!

     Arzu Tofiqqızı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA