
Hər bir dövlətin müstəqilliyi və gücü təkcə onun sərhədlərinin qorunması ilə deyil, həm də daxili sabitliyinin, asayişinin və vətəndaşının təhlükəsizliyinin nə dərəcədə təmin olunması ilə ölçülür. Bu çətin, məsuliyyətli və şərəfli missiyanı öz çiyinlərində daşıyan Azərbaycan Polisi, tarixin hər bir dönəmində dövlətçiliyimizin ən etibarlı dayaqlarından biri olmuşdur. Bu yolda canını fəda edən polis şəhidlərimiz isə millətimizin qəhrəmanlıq salnaməsinin qızıl hərflərlə yazılmış səhifələridir.
Azərbaycan polisinin qəhrəmanlıq tarixi Birinci Qarabağ müharibəsindən başlayaraq bu günə qədər böyük bir şücaət yoludur. Müstəqilliyimizin ilk illərində, ölkəmizin nizami ordusunun hələ tam formalaşmadığı bir dövrdə, mənfur düşmənə qarşı ilk barrikadaları quran, torpaqlarımızı canı baha-sına müdafiə edən məhz polis əməkdaşları və Daxili Qoşunların fədakar şəxsi heyəti oldu. Onlar asayişi qorumaqla yanaşı, səngərdə düşmən qabağına çıxdılar, Xocalıda, Şuşada, Laçında və digər bölgələrimizdə qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucaldılar.
44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirlərində də Azərbaycan Polisi öz tarixi ənənəsinə sadiq qaldı. İşğaldan azad edilmiş torpaqlarda xidmət fəaliyyətini yerinə yetirərkən, terror aktlarının qarşısını alarkən və minalardan təmizlənməmiş ərazilərdə asayişi bərpa edərkən canını fəda edən polislərimiz, bu millətin qorxmazlıq rəmzinə çevrildilər. Onlar sübut etdilər ki, polis mundiri təkcə peşə geyimi deyil, həm də Vətənə təmənnasız sevginin və fədakarlığın rəmzidir.
Polis mütləq şəkildə müharibədə şəhid olmur; o, həm də dinc dövrdə bizim rahat yuxumuz, övladlarımızın təhlükəsiz gələcəyi üçün canından keçir. Cinayətkarlığa qarşı mübarizədə, gecənin qaranlığında küçələrdə asayişi qoruyarkən, silahlı canilərin qarşısına sinəsini sipər edərkən şəhid olan polislərimiz var. Onlar hər səhər evdən çıxanda geri qayıtmamaq ehtimalını bilərək, lakin daxilindəki Vətən və vəzifə borcunu hər şeydən uca tutaraq xidmətə yollanırlar. Onların hər biri bir ailənin dayağı, bir ananın fəxri, bir övladın qəhrəman atasıdır.
Şəhidlik sıradan bir ölüm deyil, ölümsüzlüyün başladığı andır. Bu gün Azərbaycan dövləti və xalqı öz şəhid polislərinin xatirəsini hər zaman uca tutur. Onların adları küçələrə, məktəblərə verilir, xatirə lövhələri ucaldılır. Lakin ən böyük abidə xalqımızın qəlbində ucaldılmış minnətdarlıq abidəsidir. Biz bu gün müstəqil və təhlükəsiz bir ölkədə yaşayırıqsa, bu, mülki asayişi qorumaq üçün gözünü qırpmadan ölümün üzərinə gedən o mərd oğulların sayəsindədir.
Azərbaycanın daxili sabitliyinin, suverenliyinin və hər bir vətəndaşının əmin-amanlığının keşiyində duraraq canını fəda etmiş bütün polis .Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Sizin yazdığınız qəhrəmanlıq dastanı heç vaxt unudulmayacaq, xidmətiniz hər zaman gələcək nəsillərə örnək olacaqdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Vətən sizə minnətdardır!
Arzu Tofiqqızı Sedanews.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.